Silah və mükafat...

Türkiyə PKK-nı susdurmaq üçün bütün vasitələrdən istifadə edir
Fərhad Mehdiyev: “Ola bilər ki, PKK ilə təkcə silahlı mübarizə nəticə verməsin. Hesab edirəm ki, sıravi kürdləri müəyyən siyasi və mədəni güzəştlərlə PKK-dan təcrid etmək lazımdır”

Arzu Nağıyev: "PKK-nın güclənməsi Türkiyə ordusunun zəifliyindən deyil, PKK
havadarlarının güclənməsindən asılıdır”

Türkiyə uzun illərdir PKK terror təşkilatı ilə mübarizə aparır. Amma ötən müddət ərzində terrorçularla mübarizədə müsbət nəticə əldə etmək mümkün olmayıb. Buna görə də Türkiyə hökuməti son vaxtlar ardıcıl terror hadisələri həyata keçirən PKK-nı zərərsizləşdirmək istiqamətində fərqli addımlar atmaq qərarı verib. AKP hökuməti terrorçuların yeri barədə və ya təhlükəsizlik qüvvələrinin bilmədiyi hər hansı məlumata görə mükafat təyin edib.

Türkiyə Daxili İşlər Nazirliyi terrorçuların yerinin deyilməsinə və onlar barədə təhlükəsizlik qüvvələrinin bilmədiyi hər hansı önəmli məlumatın verilməsinə görə külli miqdarda pul mükafatı verəcəyini açıqlayıb. Qərara əsasən qruplaşmanın yüksək çinli idarəçilərinin tutulması qarşılığında 4 milyon TL (1 milyon 440 min) pul mükafatı veriləcək. Amma adi terrorçular barədə xəbər verənlər 200 min lirə (72 000 azn) pul ödəniləcək. Terrorçular barədə xəbər verən hər bir şəxsin təhlükəsizliyi polis tərəfindən qorunacaq. Bu qərardan təkcə Türkiyə vətəndaşları deyil, xarici ölkə vətəndaşları da yararlana biləcəklər. Amma hökumətin mükafat qərarını tənqid edənlər az olmayıb. Onlar deyiblər ki, vaxtı ilə AKP hökuməti güclü türk ordusunu zəiflətməsəydi, indi PKK ilə daha güclü mübarizənin şahidi olardıq.

Məsələni "Şərq”ə şərh edən Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev deyib ki, cinayətkarların yaxalanmasına və yerlərinin deyilməsinə pul mükafatının qoyulması müxtəlif zamanlarda, bir çox dövlətlər tərəfindən həyata keçirilib. Politoloqun sözlərinə görə, bu üsul terrorçuların üzə çıxarılması üçün yaxşı düşünülmüş metoddur. Amma bu məsələdə bir qədər ehtiyatlı olmaq lazımdır: "Burada konkret hansısa şəxslərdən yox, ümumi anlamda PKK terrorçularından söhbət gedir. Ona görə də hökumət sui-istifadə hallarının qarşısını almalıdır. İnsanların qəsdən və ya bilmədən digər şəxsləri qaralamasına, şərləməsinə imkan verilməməlidir”. F.Mehdiyev bildirib ki, hər zaman AKP-ni, onun siyasətini tənqid etsə də, PKK məsələsində sadəcə hakim partiyanı suçlamağı doğru hesab etmir: "Hazırkı dövrdə hərbi üsullarla PKK-nı məhv etmək mümkün deyil. Həmçinin, nəzərə almaq lazımdır ki, AKP

Türkiyədə on ildir hakimiyyətdir. Ancaq PKK 1980-ci illərdən fəaliyyətdədir. Buna görə də terrorçularla mübarizə məsələsini sadəcə Ərdoğan hakimiyyətinin üzərinə yıxmaq ədalətsizlik olar.

Məsələ burasındadır ki, kürdləri PKK-ya doğru həm daxildən, həm də xaricdən itələyən qüvvələr var. Ona görə də ola bilər ki, PKK ilə təkcə silahlı mübarizə nəticə verməsin. Hesab edirəm ki, sıravi kürdləri müəyyən siyasi və mədəni güzəştlərlə PKK-dan təcrid etmək lazımdır. Çünki Türkiyədə yaşayan kürd xalqının hamısı kommunist ideyalı terrorçuları dəstəkləmir. Məncə, onları biri-birindən ayrı salmaq mümkündür”. Professor bəyan edib ki, PKK məsələsini sırf türk ordusunun üzərinə atmaq da düzgün deyil: "Məsələ ondadır ki, həm Türkiyədəki, həm də Suriya və İraqdakı kürdlər PKK-ya ciddi şəkildə yardım edir, dəstəkləyirlər. Bu səbəbdən ordunun səlahiyyətini, gücünü nə qədər artırsalar da, terrorçularla mübarizədə uğur əldə etmək asan olmayacaq”. F.Mehdiyev onu da bəyan edib ki, Səlahəddin Dəmirtaşın kürdlərə çağırış etməsi məntiqli olsa da, effektli olmayacaq”.

Siyasi şərhçi Arzu Nağıyev də Türkiyə Daxili İşlər Nazirliyinin bu addımı zəiflikdən atdığını düşünmür: "Bütün dünyada belə mübarizə metodları tətbiq olunur. Bəzən ordunun keçirdiyi antiterror əməliyyatları ilə xüsusi xidmət orqanlarının əməliyyatları səhv salınır. Hər hansı əməliyyat keçirilməzdən əvvəl onun kəşfiyyat işləri aparılır, müəyyənetmə tədbirləri həyata keçirilir. Bu məlumatları əldə etmək üçün təbii ki, açıq və məxfi mənbələrdən istifadə edilir. Mənbələr isə müxtəlif cür istifadə olunur. Onların ideya əsasında, vətənpərvərlik əsasında, etdikləri cinayətə görə günahları əsasında da məlumat vermələri mümkündür. Bunun bir yolu da maddi əsaslardır. Təbii ki, verilən məlumatın "çəki”sindən asılı olaraq, məbləğ dəyişə bilər. Bir məqam da mənbənin qorunması və daha doğrusu, açıqlanmamasıdır”. Politoloq açıqlayıb ki, son zamanlar Türkiyədə özünü vətənpərvər kimi qələmə verənlər arasında PKK-nı maliyyələşdirən çoxsaylı şəxslər ifşa edildi, həbslər aparıldı. Yəni bir sözlə, bu bir metoddur və təəccüblü bir məqam yoxdur: "Bu metodlar AKP və digər iqtidardan asılı deyil. PKK-nın güclənməsi isə Türkiyə ordusunun zəifliyindən deyil, PKK havadarlarının güclənməsindən asılıdır. Onlara yeni silah növlərinin verilməsi, güclü maliyyə dəstəyi, cəlbetmə işlərinin güclənməsi və s. buna aiddir. Təsəvvür edin ki, bu gün NATO üzvü olan Türkiyə, PKK ilə tək mübarizə aparır və Qərb bunu Türkiyənin daxili işi sayır”. A.Nağıyevə görə, Türkiyə hakimiyyətinin əsas səhvi siyasət və humanizmi səhv salmaq olub: "Düşünürəm ki, bu qədər qaçqın kütləsini qəbul etməklə, terrorçuların sayını və tərkibini genişləndirdi. Amma fikrimcə, seçkilərdən sonra bu mübarizə daha da güclənəcək və müsbət nəticələr əldə ediləcək. Qərblə də kompromis tapılacaq. Çünki Türkiyə ordusu dünyanın ən döyüşkən, nizam-intizamlı və vətənpərvər ordularından biridir...”

İsmayıl