Qərb qarşıdurmanı istəmir

Ukrayna hadisələri üçüncü Maydan hərəkatına çevrilməyəcək




"Minsk sazişi imzalananda əsas şərtlərdən biri o idi ki, Ukrayna konstitusiyasına dəyişiklik edilsin. Separatçı bölgələrə - Luqansk, Donetsk və Donbasa geniş səlahiyyətlər verilsin”. Bu

sözləri "Şərq”ə "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bu günlərdə Ukraynada yaranmış gərginliyi şərh edərkən deyib.

Onun sözlərinə görə, indiki Prezident P.Poroşenko islahatlara gec başladı: "Proseslər uzandı. Avropa Birliyi ölkələri və ABŞ Ukraynaya təzyiq göstərir. Ona görə də sonda Poroşenko konstitusiya dəyişikliyinə dair parlamentə müraciət edərək bildirib ki, bu, Ukraynanın federallaşması demək deyil. Sadəcə, istisna kimi sözügedən bölgələrə səlahiyyət verilməlidir ki, sazişin şərtləri yerinə yetirilsin. Aydındır ki, Qərb dövlətləri separatçıları tanımır. Ukraynanı dəstəkləyir. Amma istəyir ki, Kiyev zəruri islahatlar aparsın ki, Moskvanın bəhanəsinə son qoysun. Çünki Rusiya separatizmi davam etdirərsə, Qərb sanksiyaları daha da sərtləşdirə bilər. Ona görə də Poroşenko bu addımı atmağa məcbur idi. Düzdü, müəyyən toqquşmalar yaşandı. Buna rəğmən hadisələrin üçüncü Maydan hərəkatına gətirib çıxaracağını düşünmürəm. Eyni zamanda Qərb Ukraynada qarşıdurmanın genişlənməsini istəmir. Çünki Kremlin maraqlarına cavab verir. Moskva çalışır ki, Kiyevdə həmişə xaos yaşansın və problemləri həll edə bilməsin”.

Ekspertin fikrincə, Amerika və Avropa Birliyi institutları Poroşenkonun rəqibləri ilə təmas qurub, onları başa salmağa çalışacaqlar ki, konstitusiyaya edilən dəyişikliklər çox zəruridir: "Ciddi parçalanma baş verərsə, Ukrayna özü ziyan görə bilər. Ukraynada iqtisadi durum ağırdır. İslahatlar sürətlənməlidir. Beynəlxalq maliyyə təşkilatı Ukraynanın borcunun bir hissəsini bağışladı. Amma bunun qarşılığında islahatların sürətləndirilməsini tələb edirlər. Daxildə ciddi müqavimət olarsa, konstitusiya dəyişikliyinin əleyhinə çıxarlarsa, onda Ukrayna Qərbin dəstəyindən məhrum ola bilər. Bunu bütün Ukrayna hakimiyyəti və ölkə ictimaiyyəti başa düşür. Ona görə də anlamaq lazımdır ki, Ukrayna daxilindəki təlatümlər separatçıların xeyrinə olacaq”.

Ayyət Əhməd