Azərbaycanlı fəhlələr Qazaxıstanda rəzil gününə salınıb

Bu, qanunsuz yolla əməyin istismarı və həmin fəhlələrin hüquqlarının kobudcasına pozulmasıdır



Qazaxıstanın Almatı Vilayət Məhkəməsi azərbaycanlı fəhlələrin həbsinə başlayıb. Məlumata görə, fəhlələri adıçəkilən ölkəyə "EVRASCON” ASC aparıb. Şirkətin Qazaxıstanın Almatı vilayətində tikinti işlərinin görülməsi üçün müqaviləsi olub. İndi bəlli olur ki, Bakıda işçilərin pulunu vermədiyi günlərdə şirkət Almatıda görüləcək işləri həyata keçirmək üçün 180 nəfər azərbaycanlı fəhləni Qazaxıstana yollayıb.

4 ay ərzində azərbaycanlı fəhlələr Qazaxıstan Miqrasiya Xidməti ilə problemlər yaşamayıblar. Ayda 2 dəfə olmaqla qonşu ölkənin ərazisinə keçib yenidən Qazaxıstana qayıdıblar, işlərini görüb ailələrinə çörəkpulu yollayıblar. Bir neçə gün əvvəl isə məsələnin üstü açılıb və bu ölkənin Miqrasiya Xidməti rəsmi sənədlərdə Qazaxıstana qonaq kimi getmələri göstərilən azərbaycanlılar haqda sərt addımlar atmağa başlayıb. Məlumata görə, hər gün 10 nəfər olmaqla azərbaycanlı fəhlələri Almatı Vilayət Məhkəməsinə aparıb Qazaxıstan ərazisində qanunsuz olaraq fəaliyyət göstərdiklərinə görə 1-2 sutka həbsə alırlar. Məsələ bu müstəviyə keçəndən sonra aydın olub ki, azərbaycanlı fəhlələrin bu dövlətin ərazisində işləmələri üçün icazə vərəqəsinin alınmasına pul ayrılsa da, mənimsənilib. Şirkətin baş nazirin müavini Abid Şərifovun patronajlığı altında fəaliyyət göstərməsi barədə məlumatlar var.

Olayın hüquqi tərəfini şərh edən Konstitusiya Araşdırmalar Mərkəzinin sədri Əliməmməd Nuriyev "Şərq”ə söyləyib ki, ölkədən xaricə işçi aparılırsa, onların mütləq lisenziyası olmalıdır: "Bunu aparan şirkət həll etməlidir. Onlar işçinin lisenziya haqqını ödəməlidirlər. Digər yandan, həmin şirkət işçi ilə müqavilə imzalamalıdır. Müqavilədə işçinin hüquq və mühafizələri konkret olaraq göstərilməlidir. Müqavilə sənədləri Qazaxıstanın müvafiq dövlət orqanlarına təqdim olunmalıdır ki, gələcəkdə həmin işçilərin əmək şəraitinə dair ətraflı məlumatlar əldə olunsun və hüquqları qorunsun. Lakin indiki halda mövcud hadisənin araşdırılmasına ehtiyac var. Şirkətlə işçilər arasında müqavilənin olub-olmaması yoxlanılmalıdır. Görünür ki, adıçəkilən şirkət bütün işlərini qanunsuz görüb. İşçilərlə əmək müqaviləsi bağlamayıb. Həmin fəhlələrin fəaliyyəti rəsmiləşdirilməyib. Şirkət bu vasitə ilə ödənişdən yayınır. Yəni işçilər həmin ölkədə qeyri-leqal şəkildə yaşayırlar. Şübhəsiz ki, bu da həmin işçilərin hüquqları ilə bağlı ciddi poblemlər yaradır”.

Müsahibimiz hesab edir ki, məlum şirkətin fəhlələri belə qanunsuz formada işə cəlb etməsi əməyin istismarı və insan alveri kimi də qiymətləndirilə bilər: "Çünki onları aparırlar və bu proseslər qeyri-rəsmi şəkildə baş verir”.

Ə.Nuriyevin qənaətincə, Azərbaycan Xarici İşlər Nazirliyi bu işi araşdırmalıdır: "Azərbaycan vətəndaşlarının hüquq və vəzifələrinin icrasına dair məsələlərin araşdırılması XİN-in səlahiyyəti daxilindədir. XİN məsələyə müdaxilə edib, araşdırmalıdır. Vəziyyət öyrənilməlidir və nəticəyə müvafiq şirkətə qarşı tədbir görülməlidir. Azərbaycanın Qazaxıstanda olan səfirliyi buna tam aydınlıq gətirdikdən sonra həmin şirkətlərin adları müəyyənləşdirilməlidir. Hüquq-mühafizə orqanlarımız dərhal hərəkətə keçməlidir. Məsələnin həlli üçün yetərincə faktlar əldə olunmalıdır”.

Şirkətin yarıtmaz fəaliyyətini dəyərləndirən hüquq müdafiəçisi İradə Cavadova da deyib ki, bu, qanunsuz yolla əməyin istismarı və həmin fəhlələrin hüquqlarının kobudcasına pozulmasıdır: "Belə diskriminasiyanı törədən şirkətə ağır cəza kəsilməlidir. Çünki bu, Azərbaycan hüquq sisteminin tapdanılması deməkdir. Bir məsələ də var ki, aldadılıb Qazaxıstana aparılanlar azyaşlı deyil. Onlar həddi-buluğa çatmış insanlardır. Əslində fəhlələr gedəndə nə cür gedəcəklər, onlarla əmək müqaviləsi bağlanacaqmı, həmin ölkədə çalışmaları üçün lisenziya varmı kimi sualları soruşub cavab tapmalıdırlar. Bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də belə maarifləndirmə işləri aparmalıdır. Amma təbii ki, ən böyük məsuliyyət şirkət rəhbərliyinin üzərinə düşür. Xırda qanun pozuntusu olanda Daxili İşlər Nazirliyindən tutmuş vergi orqanı, Miqrasiya Xidməti və s. qurumlar müdaxilə edir. Təəssüflər olsun ki, bu cür böyük olaya adıçəkilən qurumlar ciddi reaksiya vermir”.

Müsahibimiz onu da diqqətə çatdırıb ki, Azərbaycanın Qazaxıstandakı səfirliyi də bu işə biganə yanaşmalı deyil: "Səfirlik bu siqnalı eşidən kimi yerindəcə araşdırmalıdır. Bu məsələ mətbuat orqanlarında aydınca işıqlanırsa, səfirlik buna reaksiya verməlidir. Reaksiya vermirsə, deməli, bu şirkətin arxasında vəzifəli məmur dayanır. Ona görə də aidiyyəti qurumlar süstlük nümayiş etdirirlər ki, bu da həmin məmurun ciddi qanunsuzluq törətməsinə yol açır”.

Ayyət Əhməd