Banklarda kredit faizlərinin aşağı salınması real deyil





"Banklarda kredit faizlərinin salınmasına dair fikirlər ötən ilin sonlarından gündəmdədir. Ancaq hazırda faizlərin aşağı salınması real görünmür”. Bu sözləri "Şərq”ə iqtisadçı-ekspert Azər Mehdiyev Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Elmar Məmmədovun "Kreditlərin faiz dərəcələri aşağı salınacaq” iddiasını dəyərləndirərkən deyib.

Onun qənaətincə, buna ölkə iqtisadiyyatı yetərli deyil: "Həm də bankların böyük kredit resursları yoxdur ki, onlar daha aşağı faizlə kredit versinlər. Ölkəmizdə uzun müddətdir ki, banklar yüksək faizlərlə kredit verirlər. Banklar elə kredit resursuna malik olmalıdır ki, aşağı faizlə kredit verməkdə maraqlı olsunlar. Bundan başqa, ölkə iqtisadiyyatında kompleks tədbirlər görülməlidir ki, kredit faizləri aşağı düşsün. Baxın, hamı faizlərin aşağı düşəcəyini deyir. Amma bu azalmanın nə qədər olacağını söyləyən yoxdur. İqtisadiyyatın normal inkişaf tempi ən azı inflyasiya səviyyəsindən yüksək kredit faizləri tələb edir. Yəni ölkədə 2-3 faiz inflyasiya varsa, ən yüksək kredit faizləri 8-9 faiz olmalıdır. Ondan yüksək olmamalıdır. Kredit faizlərinin aşağı salınması barədə hamı danışır. Ancaq deyilənlər faizlərin aşağı düşəcəyinə əsas vermir. Çünki qarşıda manatın məzənnəsinə və neft gəlirlərinin azalmasına dair problemlər ortaya çıxa bilər. Bunlar isə əksinə, kredit faizlərinin azalması deyil, yüksəlməsinə gətirib çıxaran amillərdəndir”.

Ayyət Əhməd