Ali məktəblərə keçid balları tədricən artırılmalıdır

Nizami Cəfərov: “Belə olan halda paralel olaraq təhsilin orta səviyyəsi də yüksələcək”
Əjdər Ağayev: “Gələcəkdə keçid balı 300 bal səviyyəsində saxlanıla bilər”


2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə minimum keçid balı əvvəlki illərdən fərqli olaraq aşağı salınmadı. Prezident yanında Təhsil üzrə Komissiyası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə minimum keçid balını 200 bal müəyyənləşdirib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA TV-nin "Səhər zəngi” proqramına açıqlamasında deyib ki, keçid ballarının 150 yox, nisbətən qaldırılaraq 200 nəzərdə tutulmasında əsas məqsəd insan kapitalının inkişafı, ali təhsil müəssisələrini daha keyfiyyətli məhsulla, tələbə kontingenti ilə təmin etməkdir. Gələcək illərdə də bu işə məsul olan qurumlar balların yuxarı qaldırılması ilə bağlı işlər görəcək.

Nazirliyin rəsmisi gələcək illərdə keçid ballarının tədricən daha da artırılacağını bildirib: "Keçid ballarının artırılması məsələsi Təhsil Nazirliyinin təklifi ilə Ədliyyə Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və digər məsul orqanların birgə razılığı ilə qəbul edilib. Çalışırıq ki, universitetlərə qəbul olanlar yüksək bilik və imkanlara malik olsun.

Ali məktəblərdə keçid ballarının artırılmasının təhsilin səviyyəsinin artırılmasında nə dərəcədə effektiv addım olduğuna gəldikdə isə millət vəkili, akademik Nizami Cəfərov deyib ki, bal artımı pillə-pillə olsa, müsbət effekt verə bilər. "Qəbul imtahanları zamanı abituriyentlərin topladığı ballar aşağı olarsa, bu həmin il üçün təhsilin səviyyəsinin də aşağı olduğunu göstərir. Təhsilin keyfiyyəti adətən qəbul imtahanlarında toplanan balların orta göstəricisi ilə müəyyənləşdirilir. Orta göstərici yüksək deyilsə, deməli, artıq bu istiqamətdə düşünmək və ciddi tədbirlər görmək lazımdır. Bu həm də o deməkdir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarının missiyası yalnız məzunların ali məktəblərə daxil olub-olmamasını müəyyənləşdirməklə bitmir. Bu, sadəcə nəticələrdən biridir. Əsas nəticələrin biri də təhsilin ümumi səviyyəsinin yoxlanılmasıdır”.

N.Cəfərovun sözlərinə görə, bütün problemlərin kökündə dayanan məsələ orta məktəblərdə verilən təhsilin keyfiyyəti və ümumi intellektual səviyyədir.

Professor onu da deyib ki, orta məktəblərdə təhsilin keyfiyyətinin yüksək olduğunu sübuta yetirmək üçün qəbul imtahanlarında keçid ballarını yüksək müəyyənləşdirib, universitetləri tələbəsiz qoymaq da doğru hal deyil: "Qəbul imtahanlarında keçid balları orta göstərici ilə uyğunluq təşkil etməlidir. Keçid balı o səviyyədə qaldırılmalıdır ki, həm ballar artsın, həm də universitetlər lazımi sayda tələbə ilə təmin olunsun. Sözün açığı, keçid ballarının aşağı salınmasının heç vaxt tərəfdarı olmamışam. Bu, yaxşı hal deyil. İdeal sistem odur ki, keçid balları tədricən yüksəlsin. Belə olan halda paralel olaraq təhsilin orta səviyyəsi də yüksələcək. Yəni ki, keçid ballarını artırmaqla təhsilin keyfiyyətinin də artmasına nail olmaq üçün bir manevrdir. TQDK sədri Məleykə Abbaszadə hər il qəbul imtahanlarının son nəticəsi ilə bağlı çap olunan kitabçaları Milli Məclisə də göndərir və biz qəbulun səviyyəsi ilə bağlı tam məlumatlı oluruq”.

Millət vəkili hesab edir ki, təhsilin keyfiyyətini qaldırmaq şərti ilə qəbul imtahanlarında keçid balları 350-dən aşağı olmamalıdır: "Qəbul imtahanı zamanı 350-dən aşağı bal toplayan uşaqlar artıq savadsız hesab olunur. Həm də ki, qəbul imtahanlarında maksimum nəticənin 700 bal olduğunu nəzərə alsaq, deməli, keçid balları ən azı həmin balın yarısına qədər olmalıdır. Sadəcə, mövcud vəziyyətlə bu variant uyğunlaşmadığı üçün qəbul imtahanlarında keçid ballarını birdən-birə 350-yə qaldırmaq yox, bu addımı tədricən atmaq lazımdır. Hətta 2-3 il ərzində belə bir eksperiment aparmaq olar. Yəni, bu müddət ərzində 350-dən aşağı bal toplayan abituriyentlərin ali məktəblərə qəbulu mümkün olmasın. Nəticələr istədiyimiz kimi olmasa, balları yenidən aşağı salmaq olar”.

Qeyd edək ki, Nizami Cəfərov ölkənin bir neçə nüfuzlu ali məktəblərinə də Azərbaycan Diplomatik Akademiyasının (ADA) təcrübəsindən yararlanmağı təklif edib: "Ən azından ölkənin bir neçə nüfuzlu ali məktəblərinə ancaq yüksək ballı abituriyentlər qəbul olunsun. Çox yaxşı olar ki, BDU, ADPU, ADU, AİU kimi ali məktəblər biri-birləri ilə məsləhətləşsin və keçid balları digər universitetlərdən daha yüksək olsun. Eybi yox, tələbələrin sayı az da olsa, təhsilin keyfiyyəti yüksək olsun. Əgər bütün ali məktəblərdə bunu etmək olmursa, nüfuzlu unversitetlər üçün problem olmaz. Məsələn, ADA bu cəhətdən bir nümunədir ki, orada ancaq qəbul imtahanlarında yüksək nəticə göstərən uşaqlar oxuyur. Deməli, istəsək, bunu digər ali məktəblərdə də edə bilərik”.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də hesab edir ki, bu il keçid ballarının aşağı salınmaması keyfiyyətli kadrların yetişdirilməsi ilə nəticələnəcək: "Keçid balının aşağı salınmaması abituriyentin məsuliyyətli olmasına, öz üzərində işləməsinə səbəb olacaq. Nəticədə təhsilin keyfiyyəti yüksələcək. Bundan əlavə, keçid balının azaldılması yüksək bal toplayan abituriyentlərə qarşı ədalətsizlik idi. Balları yüksəltməklə ədalətsizlik aradan qaldırıldı”.

Növbəti illərdə keçid ballarının daha da artırılması ideyasını müsbət dəyərləndirən professor hesab edir ki, gələcəkdə keçid balı 300 bal səviyyəsində saxlanıla bilər: "Bu da özünü tələbələrin, kadrların səviyyəsində büruzə verəcək. Keçid balının aşağı salınmaması ali təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərəcək”.

Şəymən