Uşaq oxutmaq problemə çevrilir

Universitetə daxil olmuş 1000-ə yaxın abituriyent ali məktəbdən imtina edib




Xəbər verdiyimiz kimi, bu il ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatdan keçmə müddəti avqustun 27-də başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, universitetlərə qəbul olunmuş 32279 abituriyentdən 1000-ə yaxını ali təhsil müəssisələrindən imtina edib.

Qeydiyyatdan keçməyənlər əsasən dövlət ali məktəblərinin ödənişli ixtisaslarına, özəl ali məktəblərə və regionlardakı ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərdir.

Məsələni dəyərləndirən təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında söyləyib ki, əhali getdikcə yoxsullaşır: "Pul az, maddi ehtiyaclar da çox. Eyni zamanda əmək bazarında müəyyən problemlər yaşanır. Valideynlər düşünürlər ki, övladlarını ödənişli əsaslarla oxutdurub, sonra da pulla işə düzəltmələri onlara çətin olacaq. Ona görə də bəzən valideynlər övladlarının ödənişli əsaslarla təhsil almasının əleyhinə çıxır və övladı da imtina etmək məcburiyyətində qalır. Əlbəttə, bu, əmək bazarında vəziyyətin ürəkaçan olmamasından irəli gəlir. Üstəlik, valideynlərdə belə qorxu var ki, özəl universitetlərin verdiyi diplomu nazirlik tanımır. Bu səbəbdən hər kəs çalışır ki, övladı dövlət universitetinə qəbul olunsun”.

Region ali məktəblərinə diqqət çəkən ekspert söyləyib ki, bu universitetlərdə tədrisin səviyyəsi aşağı olur: "Həm də demək olar ki, regionda fəaliyyət göstərən əksər ali məktəblərdə korrupsiya və rüşvətxorluq halları daha geniş yayılıb. Təhsil ocaqlarını açıq bazara döndəriblər. Ona görə də regionlara tələbə axını zəifdir”.

Ayyət Əhməd