Qızın oğlanla həyət evlərindən birində kirayədə qaldığı, sonra isə evi tərk etdikləri xəbəri verilib. Amma Səmanın evdən qaçdığı və ya qaçırıldığı da dəqiq bilinmir. Hazırda Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi Səmanın axtarışını aparır. Yəqin ki, qızın qaçırılması və ya evdən qaçması axtarışlar nəticə verdikdə bilinəcək.
Yeniyetmə qızın evdən qaçması və ya itkin düşməsi faktına münasibət bildirən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bunun çox təhlükəli tendensiya olduğunu nəzərə çatdırdı:
- Burada söhbət yetkinlik yaşına çatmamış qızdan gedir. Biz həmişə demişik ki, yeniyetməlik dövrü insan həyatında ən çətin, məsuliyyətli dövrdür. Bu, keçid dövrüdür və valideynlər də, məktəb də, ictimaiyyət də uşaqlara qarşı hədsiz diqqətli, ayıq-sayıq olmalıdırlar. 7-ci sinif şagirdinin evdən getməsi keçid dövrünün problemləridir.
Bəlkə bu qızcığaz kiməsə aşiq olub və bunu "əsl məhəbbət” sayır. Bu yaş dövründə qızlar da, oğlanlar da xəyalpərvər olur, xəyallar qurur, əlçatmaz arzularla yaşayırlar. Elə bilirlər, kiməsə aşiqdirlər, sevirlər. Halbuki, sevgini anlayacaq yaşda deyillər. Bu yaş dövründə qızları aldatmaq daha asandır. Çünki onlar hələ uşaqdır, həyatı başa düşmürlər, başlarına nələr gələ biləcəyini heç təxmin də etmirlər. Ona görə də biz həmişə ailələrin, valideynlərin övladları ilə ciddi maraqlanmasını tövsiyə edirik və bunun vacib olduğunu bildiririk. Xüsusilə də analar yeniyetmə qızlarını daim diqqətdə saxlamalı, nəzarətdən kənar qoymamalıdırlar. Və bunu da başa salaraq, anladaraq, müxtəlif həyat hekayələri danışaraq uşaqlarını duyuq salmalıdırlar. Təəssüf ki, bizim ailələrdə qız uşaqları hamıdan çəkinir, istəklərini, arzularını anaları ilə bölüşmür. Hətta yetkinlik yaş dövrünün bioloji dəyişikliklərini də analarından gizlətməyə çalışırlar. Amma ana ayıq olsun gərək. Ana bilməlidir ki, qızı kiminlə dostluq edir, kiminlə danışır, yaxın rəfiqəsi kimdir. Ana elə şərait yaratmalıdır ki, hətta qıza bir oğlan nəsə deyibsə, qız gəlib onu anasına danışmalıdır. İndi hamının əlində telefon, planşet var. Demirik, müasir vasitələrdən uşaqları məhrum edək. Bu, heç vaxt lazımi effekt vermir. Ancaq valideyn uşağın mobil telefonunu da, internetdə kiminlə yazışdığını da bilməlidir, gizli şəkildə də olsa, bundan xəbər tutmalıdır. Dünyada bu qədər faciələr baş verir, uşaqları oğurlayıb aparırlar, qaçırırlar, nə qədər gənc qızlar cinayətlərin qurbanına çevrilir, valideynlər bu hadisələrdən nəticə çıxarmalıdırlar. Uşaqlar nəzarətsiz qalır, bəzən cinayətkar dəstələrin toruna düşür, bəzən də, özləri qurbana çevrilir, amansızlıqla qətlə yetirilirlər. Nə qədər belə faciəli hadisələrin şahidi olmuşuq. İstər bizim ölkədə, istərsə də, qonşu ölkələrdə. Gərək uşaqlarımıza sahib çıxaq ki, sonra peşmanlıq çəkməyək, fəryad etməyək.
7-ci sinif şagirdi bir qönçədir, bu uşağın nə yaşı var ki, evdən qaçır?! O nə bilir, evdən getmək nədi? Deməli, bu uşaq kiminləsə uzun müddət dostluq edib, söhbətləşib, bəlkə rəfiqəsi, hansısa sinif yoldaşı bunu onun beyninə "yeridib”? 15 yaşında bir qız evdən getmək qərarı verə bilməz. Onu buna kimsə vadar edib. Bilmirik, bəlkə evlərində problemləri olub, bəlkə valideynləri problemlidir, bəlkə kimsə onu bu işə təhrik edib. Amma valideyn uşağa qarşı diqqətli olsa, nəzarətsiz qoymasa, bu cür halların qarşısı da alınar.
M.Zeynalova qeyd etdi ki, gənc qızların, yeniyetmələrin itkin düşməsi və ya qaçırılması olaylarında ailə də, məktəb də, ictimaiyyət də məsuliyyət daşıyır:
- Əgər burada konkret qız qaçırılması faktı varsa, bu, birbaşa cinayətdir. Çünki 15 yaş yetkinlik yaşına çatmamış deməkdir və bu yaşda qızla əlaqədə olmaq birbaşa, sözsüz cinayətdir. Bəlkə də Səma ilə bir yerdə olan oğlan bunu bildiyindən, təxmin etdiyindən, bəlkə də polisə düşməkdən qorxduğundan qaldıqları yeri gizlədir. Əgər Səmanı oğlan qaçırıbsa, qızın valideynləri iddia qaldırmalı və cəza tələb etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslə cinsi əlaqəyə görə konkret cinayət məsuliyyəti nəzərdə tutulur. Məktəbin vəzifəsi isə budur ki, dərslərə gəlməyən, məktəbdən yayınan şagird barəsində gərək ölçü götürsün, ailəsinə bu barədə xəbər versin, uşağın niyə dərsdən yayınması ilə maraqlansın. Bu işdə bələdiyyələr də böyük rol oynaya bilər. Ərazi üzrə bələdiyyələr birgə iştirakçılıqla bağlı komissiya yarada bilər. Ailə, məktəb və ictimai təşkilatlardan ibarət komissiya olsa, oxşar situasiyalarda ailələrə də, köməksiz vəziyyətdə qalan uşaqlara da yardım edilər. Mən istisna etmirəm ki, 15 yaşlı Səma bir müddət sonra ailəsinə qayıtmaq məcburiyyətində qalacaq. Bəlkə də həmin oğlan bir müddət sonra onu tərk edəcək. Belədə o qız köməksiz vəziyyətdə qalacaq. Biz nə qədər belə hadisələrin şahidi oluruq ki, çıxılmaz vəziyyətdə qalanlar intihara əl atır, həyatlarının sonunu görmür və canlarına qəsd edirlər. Yaxud da, nikahdankənar övlad dünyaya gətirir və gələcək həyatları qaralır. Belə hadisələrdə ən böyük günah və ən böyük məsuliyyət cəmiyyətin üzərindədir. Kimsə xəbər verib ki, qız bir oğlanla kirayə evdə qalır. Bəs bunu görən niyə polisə xəbər verməyib? Bəs bu "uşaqlara” evinin qapısını açan adam, o kirayənişinin uşaq olduğunu görmür? Yəni 7-ci sinif şagirdinin uşaq olduğunu başa düşmək bu qədər çətindir? Evini kirayə verən niyə soruşmur ki, kimsiniz, hardan gəlmisiniz, sənədiniz, şəxsiyyət vəsiqəniz varmı? Elə kim gəldi, evini kirayə verir?! Biz vaxtilə otellərlə bağlı sənədlərin yoxlanması məsələsini qaldıranda, bəziləri buna etiraz edirdi ki, bu, insan hüquqlarının pozulmasıdır. Xeyr, hər bir məsələdə hədd-hüdud olmalıdır. İnsan azadlığında da həmçinin. Bir oğlan 15 yaşlı qızı kiminsə evində saxlayacaq, amma o adamdan soruşulmayacaq ki, bu insanlar sənin evində nə edir? Bu qədər laqeydlik, vecsizlik olmamalıdır. Vətəndaş aktivliyi burada lazımdır. Təəssüf ki, iqtisadi amillər önə keçir və kirayə ev verən də, kirayə pulundan başqa heç nəyi düşünmür. Qanuna görə isə, yetkinlik yaşına çatmayan qızın cinsi istismara məruz qalmasına şərait yaratmış adam da konkret cinayət məsuliyyəti daşıyır. Bu "uşaqlar” deyək ki, həmin evdən çıxıb. Amma hardasa qalırlar. Küçədə yaşamırlar, yəqin. Bunları görənlər var, onların birgə yaşayışına hansısa şəkildə şərait yaradanlar var. Bəlkə də oğlanın və ya qızın qohumlarıgildədirlər. Qohumlar da artıq cinayətə ortaqdırlar. Lap tutalım, küçədə, orda-burda gecələyirlər. Gözəgörünməz deyillər, hər halda. Kimsə onları görür, yaxud haqlarında bir məlumata sahibdir, amma polisə məlumat vermirsə, cinayət məsuliyyəti daşıyır. Belə vəziyyətdə istənilən cinayət hadisəsi baş verə bilər. Nə bilirik, bəlkə oğlan qızı insan alverçilərinə satacaq? Bəlkə hansısa cinayətə ortaq edəcək? Bəlkə, Allah eləməsin, başına bir iş gətirəcək? Arzu edək ki, Səma tezliklə tapılsın və ailəsinə qaytarılsın. İnsan oğurluğu, "orqan transplantasiyası”nın geniş yayıldığı bir zamanda uşaqların itkin düşməsinə laqeyd yanaşılmamalıdır. O qızın valideynləri ilə də mütləq təmas qurulmalı, evdəki şərait öyrənilməlidir. Çünki Səma tapılacağı halda, bəlkə evə dönmək istəmədi. Ola bilər, evdəki şərait onu qane etmir. Hər bir məsələ dəqiqliklə araşdırılmalıdır.
Məlahət Rzayeva