Türkiyənin regionda güclənməsi bir çox dövlətlərin maraq dairəsində deyil. Dünyanın aparıcı ölkələri Türkiyənin həm xaricində, həm də daxilində problemlər yaradaraq, ölkəni zəiflətməyə çalışırlar. Çünki Osmanlı dövləti uzun illər qərb ölkələrinin qarşısını alaraq katolik ölkələrinin islam dünyasına qarşı aqressiv "xaç yürüşü”nə imkan verməyib.
Birinci Dünya savaşında "Antanta” koalisiyası "Dördlər ittifaqı”na qalib gəldikdən sonra Osmanlı imperiyası paramparça oldu və yenidən öz əvvəlki qüdrətinə qovuşmaması üçün Türkiyəyə qarşı bir çox layihələr həyata keçirilməyə başlanıldı. Bu layihələrin biri də "PKK kartı” oldu. XX əsrin sonlarında SSRİ Türkiyədə PKK problemini yaradaraq, Türkiyəni az qala iki yerə böldü. Lakin türk əsgərinin qəhrəmanlığı nəticəsində ölkə bu problemə sinə gərərək, terror ünsürlərinə layiqli cavab verdi. Amma buna baxmayaraq, bir çox qonşu ölkələr PKK-ya dayaq durdular, öz ərazilərində terrorçulara təlim düşərgələri quraraq, onlara dəstək oldular.
PKK xarici qüvvələrin Türkiyəyə qarşı istifadə etdiyi bir maşadır
Türkiyə "Kürd açılımı” adı altında terror ünsürləri ilə danışıq aparmağa çalışdı. Lakin son dönəmlər Türkiyədə PKK-nın yenidən aktivləşməsi və ölkədə polisə, hərbçilərə hücumların təşkil olunması bir daha göstərdi ki, terrorçularla danışıq aparmaq əbəs işdir. Çünki PKK-çılar bu danışıqlardan istifadə edərək öz mövqelərini möhkəmləndirdi və ölkə daxilində təsirini daha da genişləndirdi. Son parlament seçkilərində isə ermənilərin lehinə səslənən fikirlər Türkiyənin uzun illər qondarma soyqırıma qarşı apardığı mübarizəyə ağır zərbə endirdi. HDP liderinin ölkədə komendant saatının tətbiq olunmasına rəğmən xalqı ayağa qalxmağa çağırması PKK-nın siyasi qanadının əsl simasını üzə çıxardı. PKK-nın iki əsas məqsədindən birincisi, Türkiyənin cənub-şərqində dövlətin gücünü zəiflətmək və xalqı özünə tabe etməkdir. İkinci məqsədi isə ölkədə qarşıdurma yaratmaq, xaosa səbəb olmaq və sivil kürdləri özünə tərəf çəkməkdir. Bu mənada PKK kürdlərin haqq və hüquqlarını qoruyan bir təşkilat deyil, xarici qüvvələrin Türkiyəyə qarşı istifadə etdiyi bir qurumdur. PKK içində ermənilərin olduğu, Ermənistandan dəstək aldığı hamıya məlumdur. Həmçinin, ABŞ-ın və terrorçulara silah verdiyini təkzib etməyən Almaniyanın "Patriot” raketdən müdafiə sistemlərini Türkiyədən çıxarmaları da Qərbin açıq şəkildə PKK-ya dəstək verdiyini ortaya qoyub. Qardaş ölkə İsrail kəşfiyyatının PKK-ya "Stinger” raketləri verməsini də meydana çıxarıb.
Qərb İŞİD-i terrorçu hesab edir, amma PKK-nı yox...
Türkiyədəki prosesləri şərh edən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da deyib ki, hazırkı siyasi sabitsizlikdə bütün anti-türk qüvvələr Türkiyəni zəiflətməyə, hətta mümkün qədər çökdürməyə çalışırlar. Türkiyənin PKK və İŞİD-lə mövcud savaşı fonunda Qərbin hazırkı mövqeyini dəyərləndirən politoloq məsələyə fərqli aspektdən yanaşıb: "Türkiyə indiyə qədər İŞİD-lə ehtiyatlı davranırdı. Çünki Türkiyə terror təşkilatının güclü olduğunu və Türkiyənin iki həmsərhəd ölkəsində - İraq və Suriyada ərazilərin xeyli hissəsinə nəzarət etdiyini bilirdi. Məhz bu nöqteyi-nəzərdən də Türkiyə özünü hədəfə çevirmək istəmirdi. Lakin son partlayış Türkiyəni bütün spektr üzrə anti-terror əməliyyatlarına başlamağa məcbur etdi. Türkiyə Silahlı Qüvvələri ilk növbədə İŞİD-lə terror əməliyyatlarına başladı. Ancaq PKK bütün xətt üzrə ölkənin daxilində vəziyyəti gərginləşdirməyə başladı. Belə olan halda da Türkiyə anti-terror savaşını iki cəbhə üzrə aparmağa məcbur oldu”.
"Söhbət terrorçu təşkilatı silahlandırmaqdan gedir”
Politoloqun sözlərinə görə, Qərb PKK-nı yaranmış mövcud vəziyyətdə İraq və Suriyada İŞİD-ə qarşı mübarizə apara biləcək azsaylı mütəşəkkil qüvvələrdən biri hesab edir: "Türkiyə isə PKK-nın İŞİD-lə mübarizə adı altında silahlanmasından ehtiyatlanır. Şübhəsiz ki, bu baş verərsə, PKK silahları Türkiyəyə qarşı çevirə bilər. Əsas ziddiyyət də elə bundan ibarətdir. Əgər PKK-nı kimlərsə silahlandırırsa, ortada bunun çox ciddi əsasları olmalıdır. Çünki söhbət terrorçu təşkilatı silahlandırmaqdan gedir. Bu, beynəlxalq məhkəmə və beynəlxalq tribunalın predmetidir. Qərb İŞİD-i əsas terrorçu təşkilat sayaraq, PKK-nı bu qüvvələrə qarşı mübarizə aparan əsas qurumlardan biri hesab edir. Türkiyə isə belə dəyərləndirməni qəbul etmir. Çünki bu gün İŞİD-lə döyüşən PKK Türkiyənin sabahı üçün bir təhdiddir”.
"Hazırda İŞİD-lə PKK arasında heç bir savaş yoxdur, hər iki qüvvə silahı Türkiyəyə çevirib”
Ə.Oruclu deyib ki, Türkiyənin PKK ilə döyüşdüyü bir dönəmdə NATO ölkələri - Almaniya, ABŞ və digərləri heç bir halda terrorçulara silah verə bilməz: "Bu, yalnız Türkiyə ilə razılaşdırılmış formada və NATO-nun yüksək rəhbərliyində kollegial qaydada qərarla həyata keçirilə bilər. Kobaninin işğalı təhlükəsi ərəfəsində PKK-ya silah verilən zaman Türkiyə təşkilata yardım etdi. Hətta bununla bağlı Türkiyədə bir gərginlik yaşandı və oraya qoşun yeritməsi tələb edildi. Bu yardımın etirafı onun bu gün də olması anlamına gəlmir. İndi situasiya dəyişib. Hazırda İŞİD-lə PKK arasında heç bir savaş yoxdur. Artıq hər iki qüvvə Türkiyəyə qarşıdır və faktiki olaraq tərəflər silahlarını bu ölkəyə qarşı tuşlayıblar”.
İsmayıl