Macar zülmü...

Qərb dövlətləri qaçqınları söyür, döyür, təhqir edir, ölkəsinə buraxmır




Qanunsuz miqrantlara qarşı sərt mövqe sərgiləməklə seçilən Macarıstan növbəti biabırçılığa imza atıb. Bu ölkə suriyalı qaçqınlara qapılarını birdəfəlik bağlayıb. Ölkənin baş nazirinin müavini Viktor Orban acınacaqlı vəziyyətdə olan qaçqınlara gəldikləri yerə qayıtmağı məsləhət görüb:

"Bu insanlar Avropaya təhlükəsizlik üçün yox, daha yaxşı həyat tapmaq üçün gəliblər. Onlar həyatlarımızı məhv edəcəklər. Qaçqınları ölkəmizə buraxmaq olmaz”. Xatırladaq ki, Qərbin Yaxın Şərqdə həyata keçirdiyi siyasət nəticəsində region böyük müharibə meydanına çevrilib və hakimiyyətlərin hərbi yolla devrilməsi milyonlarla insanı öz ev-eşiyindən didərgin salıb. Ölüm və aclıqdan, işsizlikdən qurtulmaq, daha yaxşı şəraitdə yaşamaq istəyən insanlar Avropa məkanına üz tutmağa başlayıblar. Qərb dövlətləri isə miqrantlara öz ərazilərində yer verməmək üçün ən müxtəlif vasitələrə, fiziki və mənəvi zorakılığa, qəddarlığa, hətta yalan təbliğata əl atır. Sosial şəbəkələrdə qaçqınların döyülərək qovulması ilə bağlı kadrlar da yer alıb.

Macarıstan və Serbiyadan sonra Fransa rəsmiləri də suriyalı qaçqınları ölkələrində istəmədiklərini bildiriblər. Ölkənin bir qrup siyasətçiləri qaçqınların yaşadığı yataqxanaya basqın təşkil ediblər. Basqının görüntüləri saytlarda yayımlanıb.

"Özünüzü ölümdən qaçan insanların yerinə qoyun”

Qaçqınların Avropa ölkələrinə buraxılmamasına və onlara qarşı göstərilən kobud münasibətə BMT-nin Baş katibi Pan Ki Mun sərt reaksiya verib. O deyib ki, qaçqınlara qarşı edilən kobud müdaxilə qəbuledilməzdir: "Suriyada savaşdan qaçan insanlara sığınacaq tələbi başda olmaqla, hər cür dəstəyin verilməsi lazımdır. Özünüzü onların yerinə qoyun”. Avstriya kansleri Verner Faymann da Macarıstanın miqrantlarla davranışını "Holokost”a bənzədib və Macar hökumətinin mühacirlərə qarşı göstərdiyi münasibəti nasizm zamanındakı hadisələrlə müqayisə edib. Faymann bildirib ki, Macarıstanda insan hüquqları onların mənsub olduqları dindən dolayı aşağılanır, yəni müsəlman-xristian ayrı-seçkiliyi aparılır: "Bu, qəbuledilməzdir. Macarıstan dövləti, başda Prezident Viktor Orban olmaqla bu cür siyasəti şüurlu şəkildə, miqrantları ölkədən uzaqlaşdırmaq məqsədilə edirlər”.

Qaçqınlar Türkiyəni niyə tərk edirlər?

Maraqlıdır ki, Avropada gördükləri kobud və qeyri-insani münasibətə rəğmən suriyalı qaçqınlar hələ də xeyli müddətdir sığındıqları Türkiyəni tərk edərək Qərb dövlətlərinə üz tuturlar. Hətta bu ağrılı köç nəticəsində yüzlərlə qaçqın həyatını da itirib. Ancaq buna baxmayaraq, suriyalı qaçqınlar onlara hər cür yaşam şəraiti yaradan Türkiyədən çıxmaqda davam edirlər. Türkiyə rəsmiləri isə qaçqınlara müvəqqəti məskunlaşdıqları yerləri tərk etməməyi məsləhət görürlər. Bəs görəsən, qaçqınları qardaş ölkədən kütləvi şəkildə Avropaya sövq edən amil nədir? Daha yaxşı Avropa həyatı, yoxsa Türkiyə və bölgədəki gərgin proseslər. Məlumat üçün deyək ki, rəsmi rəqəmlərə görə, Türkiyədə 2,2 milyon suriyalı qaçqın var. Bu barədə Türkiyə Baş nazirinin müavini və hökumət sözçüsü Numan Qurtulmuş məlumat verib. Qurtulmuş deyib ki, son aylarda, həftələrdə minlərlə qaçqın qayıq və gəmilərlə Avropa ölkələrinə getməyə çalışır və bu zaman bir çox insan suda boğularaq ölür. Baş nazirin müavini bildirib ki, 2015-ci il ərzində Türkiyə sahillərində 53 mindən artıq miqrant Sahil Xilasediciləri tərəfindən sudan çıxarılıb. Onların 274 nəfəri isə dənizdə batıb.

"Qərbi Avropa ölkələrində həyat şəraiti daha yaxşıdır...”

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Türkiyə Almaniya qədər varlı, imkanlı dövlət deyil. Amma Avropa ölkələrindən fərqli olaraq daha insanpərvərdir: "Türkiyə ilk gündən sərhədlərini açdı və qaçqınlara sığınacaq verdi. Miqrantları ərzaqla, geyimlə təmin etdi. Hətta bir çox suriyalı Türkiyədə işləmək imkanı qazandı. Ancaq qaçqın axını getdikcə çoxalır. Hər gün Türkiyəyə on minlərlə suriyalı gəlir. Ona görə də bir müddət sərhəd bölgələrində məskunlaşan və ya ölkəyə yeni gələn qaçqınlar hərəkət istiqamətini Avropaya çevirirlər. Bu da təbiidir. Çünki Qərbi Avropa ölkələrində həyat şəraiti daha yaxşıdır. Orada işsizlər və miqrantlar üçün yüksək müavinətlər, güzəştlər var. Bu səbəbdən qaçqınlar Almaniya və Avstriyaya getməyi daha üstün tuturlar. Lakin Macarıstan və Serbiyada ciddi problemlərlə üzləşirlər”.

"Avropa vaxtında problemə göz yummasaydı, indi bu cür vəziyyətlə üzləşməzdi”

Politoloqun sözlərinə görə, ilk yola çıxan qaçqınların bəxti gətirib. Onlar tranzit ölkələrdə problem yaşamadan rahat şəkildə Almaniyaya keçiblər: "Hətta bildiyimə görə, əvvəlki suriyalı qaçqınlar Almaniyada yaxşı işlə təmin olunublar. Alman avtomobil şirkətlərinin rəhbərləri xeyli qaçqına çalışma imkanı yaradıb. Nəzərə almaq lazımdır ki, Almaniya hər baxımdan qocalır, bu ölkədə ucuz işçilərə ehtiyac var. Elə sırf buna görə Angela Merkel bir milyona yaxın qaçqını qəbul edə biləcəklərini açıqladı. Amma reallıq odur ki, bundan artığını Almaniya kimi varlı ölkələr də qəbul edə bilməz. Digər Qərb ölkələri də sosial durumlarını bəhanə edərək sadəcə çox kiçik qaçqın qruplarını ölkələrinə buraxıblar”. E.Şahinoğlu vurğulayıb ki, vaxtı ilə Türkiyə hökuməti qaçqınlarla bağlı Avropa ölkələrinə müraciət edəndə onlar bu çağırışa məhəl qoymadılar: "Hətta rəsmi Ankara təklif etdi ki, gəlin Suriyada bufer zona yaradaq və orada insanların təhlükəsiz yaşamını təmin edək. Amma Avropa bundan boyun qaçırdı, indi də bunun cəzasını çəkirlər. Problem ondadır ki, 2 milyondan çox qaçqın saxlayan Türkiyə heç kimə şikayət etmir, ancaq ölkəsinə vur-tut 20 min qaçqın girən Avropa ölkələri aləmə hay-küy salırlar”.

İsmayıl