Bu il noyabrın 1-də ölkəmizdə növbəti parlament seçkiləri baş tutacaq. Göründüyü kimi, seçki öncəsi ölkənin ictimai-siyasi həyatında böyük canlanma müşahidə olunur. Siyasi təşkilat rəhbərləri, ayrı-ayrı peşə sahibləri və media nümayəndələri seçkiyə qatılacaqlarına dair bəyanatlar səsləndirirlər. Hətta çoxları təmsil edəcəkləri seçki dairəsini də də müəyyənləşdiriblər.
Maraqlıdır, bəs görəsən, sabiq dövlət başçısı Əbülfəz Elçibəyin yaxınlarından bu seçkiyə qatılan olacaqmı? Sualımıza cavab tapmaq üçün Ə.Elçibəyin qardaşı Almurad Əliyevlə əlaqə saxladıq. O, "Şərq”ə müsahibəsində qeyd etdi ki, Elçibəyin qohumlarından hələ ki, heç kim deputatlığa namizədliyini irəli sürməyib: "Hələ elə bir məsələ yoxdur. Gənclər istəsələr, verə bilərlər. Gənclərimiz savadlıdırlar. Özləri hər şeyi yaxşı bilirlər. Mən heç bir söz deyə bilmərəm. Versələr, dəstəkləyərəm. Amma hələ ki, belə fikirləri yoxdu”.
- Elçibəyin oğlu Ərturqut Əliyevin namizədliyini verəcəyinə dair xəbərlər yayılmışdı. Doğrudan da Ərturqutun belə fikri olubmu?
- Bəli, belə xəbərlər var idi. Amma Ərturqutun özü də bunu inkar etdi. Bildirdi ki, belə bir fikri olmayıb.
- Səsverməyə qatılacaqsınızmı?
- Əlbəttə, namizədlərə baxacam. Hansının fəaliyyətini bəyənsəm, ona səs verəcəm.
- Yanılmıramsa, oğlunuz Hürrü Əliyev də siyasi təşkilat yaradıb. Bəs H.Əliyevin seçkiyə qatılmaq planı varmı?
-Oğlum da işə düzəlib. Fövqəladə Hallar Nazirliyində çalışır. İşdə-gücdə olur. Seçki haqda hələ bir söz demir.
- Ərturqutla eyni qurumda çalışırlar?
- Xeyr, Ərturqut gömrükdə işləyir.
- Əvvəllər Ə.Elçibəyin ailəsinin kommunal xidmətlərlə bağlı yaranmış borcları vardı. İndi o borclar tamamilə silinibmi?
- Ə.Elçibəyin eks-prezidentlik statusu tanınandan sonra ailəsinə 3 min 7 yüz manat pul verirlər. Ərturqut da gömrükdən min manatdan artıq əmək haqqı alır. Bu da bəs edir. İki nəfərdilər. Normal dolanırlar. Yaxşıdı dolanmaları. Borcları da yoxdur.
- Ərturqutun toyunun vaxtı müəyyənləşibmi?
- Xeyr, toyun vaxtı hələ dəqiqləşməyib. Yəqin ki, çox uzanmaz.
- Bəy, mərhum Heydər Əliyevin sizə hədiyyə etdiyi torpaq sahəsini qohumunuz Müzəffər Məmmədlinin etibarından sui-istifadə edərək ələ keçirən və ona vəd edilmiş əmlakları bir neçə adama satan iş adamı Ələkbər Hüseynovla bağlı məsələdə nə yenilik var?
- Heç kim mənə torpaq və ya pul "ata” bilməz. Özləri danışıb, razılaşdılar. Barışıblar. Məsələ bağlanıb.
Ayyət Əhməd