Deputat Həccdən yarımçıq döndü: Ziyarətinin davam etdirilməsini pulla tutduğu ərəbə tapşırdı

Elşad Miri: “İmam Hüseynin özü belə Kərbəlaya gedərkən Arafat günü Həcci yarımçıq qoyub gedir, amma öz yerinə naib tutmur”
Fazil Mustafa: "Həcc ziyarətində bu cür naib tutulmağına hələ rast gəlməmişəm”




Milli Məclisin deputatı Qalib Salahzadə Həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıtması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Hazırda Bakıda olduğunu təsdiqləyən millət vəkili Həcc ziyarəti əməllərinin bir qismini yerinə yetirdiyini, bundan sonra Səudiyyə Ərəbistanından Azərbaycana qayıtdığını bildirib: "Həcc ziyarətinin digər əməllərini mənim əvəzimdən yerinə yetirməsi üçün naib tutmuşam, qalan əməllərimi o, yerinə yetirəcək. Şəriətdə buna icazə var. Qaydalara görə, naib seçilən adam mütləq hacı olmalıdı”. Deputat ərəb naibə onun əvəzindən Həcc ziyarətinin əməllərini yerinə yetirmək üçün pul ödədiyini də deyib. Lakin nə qədər vəsait ödədiyini açıqlamayıb: "Pulun həcmi mənimlə onun arasında olan söhbətdir, bunu açıqlamaq düzgün olmazdı”. Q.Salahzadə Həcc ziyarətlərinin sayının 27-yə çatdığını bildirib.

İlahiyyatçı-alim Elşad Miri isə deyib ki, islamda hansısa ibadəti başqasına etdirmək anlayışı yoxdur: "Həcc ziyarəti zamanı naib tutmaq düzgün yanaşma deyil. Çünki heç kim öz əvəzinə adam tutub namaz qıldıra, oruc tutdura, kəlmeyi-şəhadət söylətdirə, yaxud başqasının əvəzinə zəkat verə bilməz. Bütün bunlar hər kəsin özünə məxsus vacib şərtlərdir. "Qurani-Kərim”in ayələrində də Allah belə buyurur: "Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız” ("Bəqərə” surəsi, 2/134), "Hər kəs qazandığının girovudur” ("Tur” surəsi, 52/21), "Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-sual olunmayacaqsınız” ("Bəqərə” surəsi, 2/141)”.

İlahiyyatçının sözlərinə görə, Həcc Arafatla başlayır və bunun vaxtına hələ bir neçə gün var: "Odur ki, indidən Həcci etdirmək də doğru yanaşma deyil. Çünki hazırda Ümrə ziyarəti gedir və bu da heç zaman Həcci əvəz edə bilməz. Peyğəmbərin hədislərində də var ki, Həcc ziyarəti Arafatla başlayır. İmam Hüseynin özü belə Kərbəlaya gedərkən Arafat günü Həcci yarımçıq qoyub gedir, amma öz yerinə naib tutmur. Hazırda Arafatda durmaq, Muzdəlifə, Mina, Camarat və Qurban kəsmək əməlləri hələ qarşıdadır... Ümumiyyətlə, islamda öz ibadətini başqasına etdirmək anlayışı yoxdur”.

Fazil Mustafa da Qalib Salahzadənin "naib olayı”na münasibət bildirib.

 Məsələ ilə bağlı musavat.com-a Həcc ziyarətində olmuş, siyasi fikirləri ilə yanaşı, dini açıqlamaları ilə də tanınan deputat Fazil Mustafa danışıb. F. Mustafa bildirib ki, belə bir halın şahidi olmayıb: "Dinin qaydaları var. Orada heç bir artıq-əskiklik yoxdur. Qaydalara uyğun olanı qəbul etmək olar. Ancaq dində belə bir qayda olduğunu mən bilmirəm. Naiblər orada olan fiziki qüsurluları aparıb-gətirirlər. Ancaq Həcc ziyarətində bu cür naib tutulmağına hələ rast gəlməmişəm”.

Qeyd edək ki, YAP-ın bu həftə açıqladığı siyahıda Qalib Salahzadənin namizədliyi irəli sürülməyib. Onun hazırda deputat olduğu dairədən Cəbrayılova Dilarə Məmmədağa qızının namizədliyi irəli sürülüb.

Şəymən