Etibar Məmmədovun fikirləri təhrif olunub

AMİP lideri ayrılıqda heç bir namizədin və partiyanın təqdir edilməsi və ya əleyhinə hansısa fikir bildirməyib



Mətbuatda AMİP lideri Etibar Məmmədovun Yeni Azərbaycan Partiyasının namizəd siyahısı ilə bağlı söylədiyi fikirlər yer alıb. İnformasiyaya görə, Etibar Məmmədov hakim partiyanın açıqladığı siyahını, daha doğrusu, orada gənclərin adının qeyd olunmasını dəstəklədiyini bəyan edib.

Ancaq bununla bağlı açıqlama verən AMİP liderinin köməkçisi, Siyasi Şuranın üzvü Əli Oruclu E.Məmmədovun sözlərinin yanlış anlaşıldığını söyləyib: "Etibar bəy açıqlamanı "modern.az” saytına verib, amma bu şəkildə yox. Saytda gedən məlumatda göstərilib ki, guya, Etibar Məmmədov YAP-ın seçki siyahısında gənclərin yer almasını dəstəkləyib. Halbuki AMİP liderinə konkret olaraq YAP-ın siyahısında gənclərin yer almasına münasibət bildirmək xahiş olunub. Bu suala cavab olaraq da E.Məmmədov "gənclərin siyasətdə yer almasına və vəzifələrə irəli çəkilməsinə müsbət yanaşdığını” deyib. Verilən cavabın "YAP-ın seçki siyahısında gənclərin yer almasını dəstəkləyirəm” kimi təqdim edilməsi jurnalistin səhvidir. E.Məmmədov ayrılıqda heç bir namizədin və partiyanın təqdir edilməsi və ya əleyhinə hansısa fikir bildirməyib. Məlumatdan istifadə edən digər KİV-lərin də nəzərinə çatdırırıq ki, bu, yanlış məlumatdır və ciddi təhriflərə yol verilib. Ona görə də bunu diqqətə alsınlar”.

İsmayıl