Beynəlxalq Banka kredit qaytarmayan bir qrup şəxs həbs edilib

Həbs olunanlar arasında bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları var



Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumatda deyilir ki, Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək vəsaitləri qaytarmayan bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları - Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, "Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, "Azərinşaatservis” MMC-nin təsisçisi olduğu "Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov və "İnter Glass” ASC-nin direktoru Fariz Muradov həbs olunublar.
Məlumata görə, Beynəlxalq Bankın vəsaitlərini mənimsəməkdə şübhəli bilinən şəxslərə qarşı da müvafiq tədbirlər görülməsi bundan sonra da davam etdiriləcək.