12 illik təhsil gəlir, əsgərlik məsələsi necə həll olunacaq?

Ekspertlər təklif edir ki, hərbi çağırış yaşı 18-dən 20-yə qaldırılsın




Azərbaycanda ümumi təhsil 12 illik olacaq. Yeni sistemə keçidlə bağlı bu ay Təhsil Nazirliyi aidiyyəti qurumlarla müzakirələrə başlayıb. Məlumata görə, ilkin təkliflərə əsasən, təhsilin təmayüllər üzrə ayrı-ayrı məktəblərdə təşkil edilməsi, prosesə hazırlıq üçün pilot mərhələnin tətbiqi nəzərdə tutulur.

12 illik təhsilə keçidlə bağlı əsas maraq doğuran məsələlərdən biri də hərbi xidmət yaşı ilə əlaqədardır. Müdafiə Nazirliyi bəyan edib ki, bu sahədə gələcəkdə qanunvericilikdə dəyişikliklərin olduğu halda hərbi xidmətə çağırışla bağlı "Hərbi xidmət haqqında” əsasnaməyə yenidən baxıla bilər.

Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov "Şərq”ə bildirib ki, hərbi xidmətə çağırış yaşının 18-dən 20-yə qaldırılması yaxşı hal olardı: "Çünki gənclər məktəb partasının arxasından qalxıb hərbi xidmətə yollanırlar. Xidmət zamanı müəyyən çətinliklərlə üzləşəndə özlərini itirirlər. Bəzən xoşagəlməz hadisələrə səbəb olurlar. Əlbəttə, xidmət müddətinin 20 yaş olması çox yaxşı hal olardı. Məktəbdən sonra 1-2 il cəmiyyətə adaptasiya olmalıdır. Yəni həyatda müəyyən təcrübə topladıqdan sonra hərbi xidmətə yollanmalıdır. Bilirik ki, son illər təhsillə bağlı müəyyən gərginliklər yaşandığına görə, belə bir addım atılır. Bu baxımdan 12 illik təhsilə keçid gözəl təklifdir. Təhsil 12 illik olarsa, xidmətə çağırış yaşı da artırılacaq. Bu məsələni sona çatdırmaq lazımdır”.

Ekspertin sözlərinə görə, xidmətə çağırış yaşı ilə bağlı ortada qardaş Türkiyənin nümunəsi var: "Bəzi millət vəkillərimiz var ki, özlərini bütün sahələrin mütəxəssisi sayırlar. Amma bu belə deyil. Hər sahənin özünün mütəxəssisi olmalıdır. Xidmət yaşına dair qərar verən millət vəkilləri öncə araşdırma aparmalıdırlar. Bir sözlə, hərbi xidmətə çağırış yaşının 20 yaş olmasının tərəfdarıyam. Bu yaşda hərbi xidmətə çağırılan insanın müəyyən həyat təcrübəsi olur. Çətinliklə üzləşəndə öhdəsindən gəlməyi bacarır”.

Ayyət Əhməd