12 illik təhsilə keçid problemlər yaratmayacaq

Hərbi xidmətə çağırış yaşının artırılması da müzakirəyə çıxarılacaq



12 illik təhsil sisteminə keçidə qərar verilməsi hərbi xidmətə çağırış yaşı ilə bağlı suallar ortaya çıxarıb. Hazırda orta məktəbi bitirən yeniyetmə təqribən 1 il sonra hərbi xidmətə çağırılırsa, 12 illik təhsil sisteminə keçidlə ali məktəbə növbəti dəfə sənəd vermək hüququndan məhrum olacaqmı? Bəlkə, hərbi xidmətə çağırış yaşı da artırılacaq?

Məsələyə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, millət vəkili Zahid Oruc qeyd etdi ki, burada şübhəsiz, müəyyən tənzimləmə prosesinə ehtiyac olacaq:

- 12 illik təhsilə keçidlə bağlı artıq Dövlət Proqramında konkretlik var və qərar verilib. 12 illik təhsilə keçid 2016-cı ildən başlanacaqsa, bu o deməkdir ki, biz 2028-ci ildə ilk çağırışçıları alacağıq. Düşünmürəm ki, bununla əlaqədar hərbi qanunvericilikdə hansısa köklü dəyişikliklərə ehtiyac olacaq. Biz bu prosesi paralel şəkildə yürüdə bilərik. Onu da qeyd edim ki, 18 yaşlı bir yeniyetmənin nə dərəcədə üzərinə hərbi mükəlləfiyyət götürməsi ilə bağlı da müəyyən fikirlər yürüdülür və bu yaş həddinin tam uyğun olub-olmaması da müzakirə predmetidir. Yəqin, bu məsələlər Silahlı Qüvvələr rəhbərliyi də razılaşdırılmalı olacaq. Hərbi xidmətə çağırış yaşının artırılması da müzakirəyə çıxarılacaq mövzular arasında ola bilər. Təhsil müddətinin artırılması ilə, onsuz da mütləq belə bir məsələ də ortaya çıxacaq. Hələ təfərrüatlar bilinmir, amma hesab edirəm ki, bunu tənzimləmək mümkündür, çətin bir iş deyil. Yəqin ki, geniş müzakirələrə ehtiyac olacaq. Burada müxtəlif variantlar mümkündür. Məsələn, hərbi xidmətə çağırışı il ərzində 4 dəfədən 2 dəfəyə endirmək, xidmətə çağırış müddətini uzatmaq və bununla da keçidi həyata keçirmək mümkün olar. Nəzərə alaq ki, yaş fərqi də çağırışçıların hərbi xidmətə çağırılmasında fərqli müddətlərə səbəb olur. Burada hərbi xidmət müddətinin artırılmasına da ehtiyac görmürəm. 12 illik təhsilin gənclərin ali təhsil almasına əngəl kimi baxılması ilə də razı deyiləm. Heç kəsin təhsil almaq hüququ məhdudlaşdırıla bilməz. Bütün bunlar müzakirə olunacaq məsələlərdir və 12 illik təhsilə keçid baş verdikdə, bu məsələlər də həllini tapacaq.

Məlahət