12 yaşlı uşağın intiharı təsadüfi hadisə deyil

Məscidlərdə azyaşlılara dini təlim düzgün aşlanmır




Ağdaş rayonunun Ləki kəndində 12 yaşlı uşaq intihar edib. Uşağın intihar öncəsi yazdığı məktub fonunda hadisə ciddi reaksiyalar doğurub. 12 yaşlı İsmayılın məktubu belə başlayır: "Mama, siz bunu oxuyanda sevimli peyğəmbərimizin yanında olacam...”. Cəmiyyətin diqqət yetirdiyi digər fakt isə balaca İsmayılın kənd mollasından Quran dərsləri almasıdır. Bu səbəbdən də hamı günahı uşağın Quran oxumasında və məscidə getməsində görür. Fərziyələrə görə, uşağı "sevimli peyğəmbərimizin yanına getmək” barədə düşünməyə təşviq edən kənd mollasının aşıladıqlarıdır. Xəbərə görə, rayonun Ləki qəsəbə sakini, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Hadisədən gec xəbər tutan valideynləri onun meyitini müayinə üçün Respublika Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil veriblər. Məktubda yer alan: "Mənə görə bacımın toy mərasimini ləngitməyin. Bacımın oğlu olsa İsmayıl, qızı olsa Zəhra adı verin”. İntiharın səbəbi məlum deyil. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu bildirilir.

12 yaşlı uşağın məktub yazmasına şübhə ilə yanaşan insanların iddiasına görə, 12 yaşlı uşaq ölüm nədi, peyğəmbər nədi, heç cür dərk edə bilməz. Hətta bu məktubu onun özünün yazması belə şübhəlidir. Ola bilər özü yazıb, amma yazdırıblar, diktə ediblər. Bu cür hadisələr köklü şəkildə araşdırılmalıdır və uşaqlar dindən birmənalı şəkildə uzaq tutulmalıdır. Doğrudan, din uşaqları fanatizmə, intihara sürükləyir, yoxsa intiharı şərtləndirən başqa amillər var?

Məsələ ilə bağlı Ləki qəsəbə məscidinin axundu Xalid Ağəmmədov açıqlama verib. O qeyd edib ki, İsmayıl Adıgözəlov 6-cı sinif şagirdi idi: "Bizə namaz qılmağı öyrənmək və "Qurani-Kərim”i oxumaqla bağlı əhali tərəfindən müraciətlər olunur. Bu dərslər adətən məsciddə həftə sonları keçirilir. Bəzən isə müraciətlər çox olanda məktəbin dərs saatlarından sonra dərslər salınır. İsmayıl da atasının xahişi ilə mənim yanıma "Qurani-Kərim”i öyrənmək üçün gətirilmişdi. Adı peyğəmbər adı olduğu üçün atası onun Quran oxumağı öyrənməsini istəyirdi. 

Nümunəvi, tərbiyəvi bir uşaq idi. Uşaq məktubunda yazıb ki, 10 gün müddəti ərzində ailədə bacısının xeyir işi olacaq. Bacısının toyunu ona görə təxirə salmamağı yazıb. Peyğəmbər adını daşıdığı üçün bunu da məktuba əlavə edib. Bunun nə dərəcədə məqsədəuyğun olduğunu bilmirəm. Ancaq ətrafda yaşayan qonşular deyirlər ki, evlərində ailədaxili münaqişə yaranıb. Atası köçürdəcəyi qızının cehiz əşyalarını hazırlaya bilmədiyindən uşağın yanında ağlayıb. Uşaq da psixoloji sarsıntı keçirib. Bazar günü səhər saat 11:30 radələrində tövlədə özünü asıb”.

Axundun sözlərinə görə, məsələ ilə bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb: "Hazırda araşdırmalar gedir. Bu məsələnin yazıldığı kimi bizimlə əlaqəsi yoxdur. Cənazə namazında mən özüm etiraf etdim ki, bu uşaq çox tərbiyəli, nümunəvi biri olub. Bundan əlavə, cümə günləri məsciddə namaz qılmağa gəlməyib. Qafqaz Müsəlmanları İdarəsinin, rayon icra hakimiyyətinin tapşırığına əsasən, bizdə azyaşlı uşaqların çox vaxt valideynin iştirakı olmadan namaz qılmalarına icazə verilmir. Çünki azyaşlıdır, onun məktəbdə olması lazımdır. Yalnız valideyni ilə gələrsə, ibadət etməsi mümkündür. Digər hallarda ibadətə icazə verilmir. Bizim yanımıza gəldiyi qədər məktəbə də gedib”.
Sosioloq, professor Əhməd Qəşəmoğlunun da qənaətincə, sözügedən intihar olayının islamla əlaqələndirilməsi doğru deyil. İslam dinində intiharın qəbulolunmaz hal kimi qeyd olunduğunu vurğulayan professor bildirib ki, 12 yaşlı uşağın intihar etməsinin molla yanına getməsi ilə əlaqələndirilməsi doğru yanaşma deyil: "Cəmiyyət islamla, islam adından istifadə edən insanları ayırd etməyi bacarmalıdır. Kimisi nadanlıqdan, kimisi avamlıqdan islam adına addımlar atırlar, insanlar da hamısını dinin ayağına yazır. Halbuki islam adına təzahür edən nümayiş olunan olayların dinlə heç bir əlaqəsi yoxdur. Şübhələrə son qoymaq üçün araşdırma aparıb, mollanın uşağa nələri aşıladığını müəyyən etmək də olar. Amma birmənalı olaraq intiharın islamla əlaqələndirilməsinin tərəfdarı deyiləm. Hadisə birbaşa sosioloji məsələdir”.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altay iş və fəaliyyət praktikasında intihar hadisələrinin kifayət qədər çox yer tutduğunu deyib. Ekspert deyib ki, intihar sırf psixoloji-emosional akt hesab olunur. Yəni düşüncə probleminin özünə qəsdinin dinamik hala keçməsi kimi: "Həyatdan köçmə aktı hesab olunan intihar 3 halda baş verir. İnsanda daha gözəl və uyğun həyat təsəvvürü yarandıqda və bu həyatda yaşamağın mümkün olmadığını tamam yəqin etdikdə. Bir də ki, ruhi-psixi xəstəlikdən əziyyət çəkən insanlar intihara cəhd edirlər. Affekt vəziyyətinə düşən insanlar niyəsini bilmədən ölmək istəyirlər. Elə təsəvvür edin ki, bir şəxs qəflətən yurd-yuvasını tərk edib, çıxıb gedir. Deməli, ya özü üçün daha yaxşı bir məkan seçib ora köçür, ya da burada o qədər bezdirib, qorxudublar ki, hara getdiyini bilmədən birdəfəlik gözdən itir”.
Konkret hadisəyə gəldikdə isə İ.Altay kriminalistika nöqteyi-nəzərindən uşağın kimsə tərəfindən asıldığını və ya iplə boğulub sonra asılması ehtimalını ağlabatan saymır. Ekspert, ümumiyyətlə, balaca İsmayılı kiminsə özünü öldürmə həddinə çatdırması halını da real görmür: "Burada nə cinayət var, nə də ittiham. Burada intihar var və bu məsələnin qınaq tərəfi var. Söhbət təlim-tərbiyədən və təmiz uşaq düşüncəsinin düzgün istiqamətləndirilmə problemindən gedir.
12 yaşlı uşağın ölümqabağı yazdığı məktubu diqqətlə analiz etsək, hər şey aydın olar. Məktub sərbəst və rahat formada yazılıb, özü də doğma qohum-əqrəbaya xoş münasibət və arzularla. Demək, uşaq biri-birləri ilə xoş münasibətdə olan mehriban ailədə yaşayıb. Onu özünə qəsdə heç bir təhrik və vadar etmə olmayıb. Həyatdan bezdiyi üçün intihar etmə də real görünmür. Yazı tərzindən görünür ki, uşaq intellektli, savadlıdır. Cümlə quruluşları düzgün, ifadələri aydın, beyin tutumu geniş, fikirləri ölçülüb-biçilmiş və xeyirxahdır. Demək ən azı, psixi xəstə, dəli deyil, normal uşaqdır”.
Kriminalistin sözlərinə görə, əsas diqqət gəlir çıxır bir əsas cümlənin üstünə; "Mama, sevimli peyğəmbərimizin yanına gedirəm”: "Bax, əsas məna və məsələyə aydınlıq verən bu hissədir. Birinci, bu cümlə ilə başlayır məktubda, sanki fəxrlə ailəsinə hesabat verir. Görünür ki, ailələri və ətraf mühitləri dindar olub. Peyğəmbəri dünyanın ən sevimli müqəddəsi hesab edən bu cür insanların fikrincə dinə və Allaha ibadət etmək cənnətə düşmək deməkdir. Ən şanslıları isə o kəslərdir ki, sevimli peyğəmbərin yanına düşmək şərəfinə nail olur ki, bu da ən böyük xoşbəxtlik sayılır. Həmin bu uşaq da savadlı, beyin tutumu təmizdir və genişdir. Bu real həyatdan uzaqlaşdıran abstrakt təlimi tamamilə, kökündən qavrayıb beyninə yerləşdirib və o şansı itirmədən hamıdan əvvəl sevimli peyğəmbərin yanında olmağı özünə borc və fəxr bilib. Məsələ budur”.
İ.Altayın sözlərinə görə, prokurorluq orqanları vəzifəsi gərəyi hadisə üzrə özünə qəsdə vadar etmə maddəsi ilə cinayət işi başladacaq ki, qaldırılan işlə bağlı geniş araşdırma aparmağa hüquqi-prosessual imkan yaransın: "Amma bir daha qeyd edirəm ki, təhrik, vadar etmə kimi cinayət əməlləri yoxdur. Söhbət azyaşlı uşağa qeyri-düzgün təlim vermədən gedir və bu məsələ əsas qınaq obyekti olmalıdır. Ancaq bu kimi hallar bizim qanunvericiliyimizdə cinayət sayılmır.
Problemin kökü nədədir? Ola bilməz ki, orta əsrlərdən yaranıb ərəblər üçün tərbiyədən dövlət qurmaya qədər böyük işlər görmüş, bu qədər ölkələr və millətlər əhatə etmiş, 1500 il ömür yaşaya bilmiş islam dini öz ideya və təlimində o dünya abstrakt həyatını, ölümü bu real dünya həyatından, yaşamdan üstün tutsun. Ona görə ki, bu ideya ilə indiyə kimi müsəlman aləmində heç kim qalmazdı, hamı ölümü seçib köçüb gedərdi. Demək ki, məktəblərdə, məscidlərdə uşaqlara düzgün təlim keçirilmir. Dini bilikləri aşılayan ruhanilər savadsız, bilgisiz, dələduz, şarlatanlardır. Professorlar, alimlər neçə ölkədə oxuyur, orta, ali, aspirantura, doktorantura təhsilləri alır, sonra gedib 200 nəfərə mühazirə oxuyur. Bunlar isə gedir hansısa xurafat ölkəsində 2-3 ay mədrəsə keçir və gəlib burada minlərlə adamı qabağına qoyub islam təlimi keçir. Bu, nə dərəcədə doğrudur?
Beləe bir keyfiyyətsiz və zərərli təlim-tədrisin nəticəsi də insanların beyninə cəfəng fikirlər doldurub xurafata gətirib çıxarır. Uşaqlar isə cəmiyyətin yenicə cücərən, ən saf və ən kövrək kəsimi olduğu üçün zərərli təsirlərə daha tez məruz qalır.

Şəymən