120 səhifəlik dərslikdə 30 səhifəlik səhv var

Biologiya dərsliklərinin məktəblərə çatdırılmasının qarşısı alınmalıdır“Bizim dərsliklər informasiya yükünə malikdir. Şagirdlərin yaş həddinə uyğun olaraq tərtib olunmayıb”
Orta məktəb dərsliklərinin standartlara cavab verilməsi, müəyyən səhvlərin olması son illərin ən ciddi müzakirə olunan məsələsidir. Hər tədris ilinin əvvəlində olduğu kimi 2017-2018-ci tədris ilinin başlaması ərəfəsində də məktəbli dərsliklərindəki problemlərlə bağlı iddialar başlayıb. Bir qrup müəllim də yeni tədris ilinə hazırlanan biologiya dərsliklərində çoxlu sayda səhv olduğundan şikayət edirlər.
Əməkdar müəllim Almaz Həsrət da kurrikulumun tətbiqinə başladıqdan sonra hazırlanan dərsliklərdə çoxlu sayda qüsur aşkarlandığını deyib: "Artıq neçə ildir ki, biologiya dərsliklərində elmi, şəkil, redaktə və s. kimi səhvlər ortaya çıxarırıq. Bu, dərsliklərin hazırlanması işinin zəif təşkilini və dərslikləri yazan müəlliflərin səriştəsiz olmasını göstərir. Təəssüf doğuran məqam odur ki, səhvlərlə dolu bu dərsliklər Təhsil Nazirliyi tərəfindən təyin edilmiş ekspertlər tərəfindən analiz edilir, qalib elan olunur və çapa verilir”.
A.Həsrətin sözlərinə görə, həmin dərsliklərin orta məktəblərə paylanmasının qarşısı alınmalıdır: 
"Yeni tədris ili üçün həm rus, həm də Azərbaycan bölməsi üzrə hazırlanmış biologiya dərsliklərinin məktəblərə çatdırılmasının qarşısı alınmalıdır və onlar yenidən işlənməlidir. Məsələn, bu il qalib elan edilən X sinif biologiya dərsliyi 120 səhifəlikdir və 30 səhifəlik səhv aşkar etmişik.
Hətta şagirdlər özləri dərslikdə olan səhvləri tapıb müəllimə deyir. Bu, utancverici bir haldır. Maraqlısı odur ki, səhv dolu kitab niyə qalib elan edilir?!”.
Tarixçi alim, X siniflər üçün hazırlanmış "Ümumi tarix” dərsliyinin həmmüəlliflərindən olan Kamran Əsədovun sözlərinə görə, dərslik təkcə ölkə təhsilinin prioritet məsələsi deyil, o həm də dövlətin strateji, ideoloji hədəflərini həyata keçirən vasitədir: 
"Təəssüflər olsun ki, zaman-zaman dərslik monopoliyasının təzyiqləri ilə ciddi şəkildə qüsurları olan, dövlətin siyasətinin və məqsədlərinin əksinə olan, yararsız vəziyyətdə dərsliklər şagirdlərimizin istifadəsinə verilib. Qüsurlu, yararsız dərslik müəllifləri də sonradan heç utanmadan car çəkirlər ki, dərslik müəllifiyəm. Dərslik məsələsini bir neçə hissəyə bölmək olar. Məktəbəqədər təhsil üçün, ibtidai sinif üçün, ümumi orta təhsil üçün, tam təhsil üçün, peşə ixtisas təhsili üçün, kolleclər üçün, ali təhsil müəssisələri üçün və əlavə sinifdən - dərsdən xaric oxu dərslikləri. Hazırda bu pillələr arasında əlaqələr ciddi şəkildə pozulub. Hər pillə üçün dərslik yazanlar nə özlərindən əvvəlki, nə sonrakı ilə tanış olurlar, nə də maraqlanırlar.
Orta məktəblərin ibtidai sinif dərsliklərində müasir tələblər çox diqqətlə nəzərə alınmalıdır. Müasir tələblər odur ki, məlum standartlara uyğun yazılmış dərsliklər şagirdlərin bilik qazanması ilə yanaşı, onları həyata hazırlayan bir vasitə kimi olmalıdır. Həyati bacarığın ilkin formalaşması ailədən başlanmasına baxmayaraq, sonradan övladlarımızın təhsil müddətində əllərinə aldığı dərsliklərdəki, məzmun və şəkillərdir. 
Dərsliklərdə uşaqlara milli kimliyimiz olan Ana dilimizə - Azərbaycan dilinə xüsusi diqqət yetirilməlidir. Sonra isə dərsliklərdə yer alan görüntülərə. Qəti surətdə zorakılıq və qəddarlığı açıq-aşkar göstərilən görüntülərin dərsliklərdə yer almasına yol vermək olmaz. Onsuz da internet əsridir və bu əsrdə indiki məktəblilər istər-istəməz yad məlumat və gərəksiz görüntüləri oxuyurlar, görürlər.
Dərsliklərin dövlət vəsait hesabına çap olduğunu vurğulayan təhsil ekspertinin sözlərinə görə, məhz bu səbəbdən də qəti surətdə uyğunsuz görüntülərin qarşısı alınmalıdır: "Dərslikdə gedən hər hansı bir görüntü, əgər orada intihar səhnəsi açıq şəkildə göstərilirsə, bu halda iradəcə hələ tam formalaşmayan şagirdlərdə mənfi düşüncənin yaranmasına gətirib çıxara bilər. Bu cür görüntülər şagirdlərimizin psixologiyasının pozulması hallarına da gətirib çıxarır. 
Dərslik yazılarkən, onun ekspertizasında iştirak edən ekspertlər belə halları nəzərə almalıdırlar. Təəssüf hissi ilə bildirirəm ki, bəzi hallarda dərslikləri ekspertizadan keçirən ekspert adlanan müəllim heyəti, dərsliyi yazan müəlliflərdən nəzəri bilgi və metodika cəhətcə çox geri qalırlar. Məhz bəzən də müəllif tərəfindən gözdən qaçan qüsurları həmin zəif ekspertlər vaxtında görə bilmirlər. Nəticədə ekspertlərin səthi biliklərinin səviyyələrinə uyğun dərsliklər qüsurla çapa verilir. Əgər dərslikləri yoxlayan ekspertlər həm bilik, həm də yaradıcı cəhətcə güclü olsalar, o zaman dərsliklərimizdə qüsurlar heç olmaz. Dərsliklərin ekspertləri öz üzərlərində çox çalışmalıdırlar. Hər adam dərslik eksperti ola bilməz. Bunun nəticəsidir ki, dərsliklərimizdə hələ də nöqsanlar qalmaqdadır”.
Alternativ dərsliklərin yaradılmasını müsbət addım kimi dəyərləndirən K.Əsədov deyib ki, bu metoddan dünya təcrübəsində də istifadə olunur:
"Bir dərslik ölkə ərazisində bütün şagirdlərin eyni səviyyədə mənimsəməsi deməkdir ki, bu da mümkün deyil. Ona görə də, müəllim dərs dediyi sinfin səviyyəsinə uyğun olaraq dərslik kompleksi seçə biləcək. Bu da şagirdlərin yaxşı mənimsəməsi ilə nəticələnə bilər. Xüsusi ilə qeyd etmək istəyirəm ki, bizim dərsliklər informasiya yükünə malikdir. Şagirdlərin yaş həddinə uyğun olaraq tərtib olunmayıb. Bu da ondan irəli gəlir ki, dərslik yazanlar orta məktəb müəllimi və orta məktəb proqramı ilə tanış deyillər. 
Dərsliklər tərtib olunarkən mümkün qədər sadə, oxunaqlı, anlayışlı formada təqdim olunmalıdır. Müəllif o qədər peşəkar səviyyədə dərsliyi tərtib etməlidir ki, şagirdlər müəllim və əlavə kömək olmadan təkbaşına onu mənimsəyə bilsinlər. Təəssüf ki, bu kriteriyalara cavab verən dərsliklər ya yoxdur, ya da çox azdır”.
Şəymən