Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH

  • Aytən Qurbanova: “Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlər hesabına yeni imkanlar əldə etmək istəyir”

Ermənistanın xarici siyasətində baş verən dəyişikliklər, İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımlar, eləcə də Rusiya ilə ənənəvi müttəfiqlik münasibətlərindən tədricən uzaqlaşması ölkə daxilində siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib.

Baş nazir Nikol Paşinyanın beynəlxalq platformalarda verdiyi mesajlar isə Ermənistanın gələcək xarici siyasət kursu ilə bağlı müxtəlif mövqelərin ortaya çıxmasına səbəb olur. Paşinyanın BMT Baş Assambleyasındakı çıxışı da bu baxımdan Ermənistan daxilində fərqli reaksiyalar doğurub. Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan baş nazirin çıxışını kəskin tənqid edərək, onun Ermənistanın xarici siyasət prioritetlərini və ölkənin Azərbaycan və Türkiyə ilə münasibətlərindəki mövcud vəziyyəti əks etdirdiyini iddia edib. Zakaryanın sözlərinə görə, Paşinyanın çıxışında Ermənistanın hansı istiqamətdə inkişaf etmək istədiyi və gələcəkdə hansı ölkələrlə tərəfdaşlığı prioritet saydığı barədə mesajlar diqqət çəkib. Keçmiş müdafiə nazirinin müavini, həmçinin Paşinyanın Qərb ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi barədə fikirlərinə toxunaraq, bunu Ermənistanın xarici siyasətində yeni geosiyasi istiqamətin formalaşması kimi qiymətləndirib. O, İrəvanın Rusiya ilə münasibətlərdən uzaqlaşması və Qərb, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi istiqamətində siyasət apardığını iddia edib.

Politoloq Aytən Qurbanova Sherg.az-a söyləyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı Yerevanın xarici siyasətində formalaşan yeni istiqamətləri aydın şəkildə nümayiş etdirdi:

“Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətləri, regional kommunikasiyaların açılması, Mərkəzi Asiya ilə əlaqələrin inkişafı və Rusiya ilə münasibətlərin “transformasiya mərhələsində” olduğunu xüsusi vurğulaması Ermənistanın əvvəlki geosiyasi yanaşmasından fərqli xətt formalaşdırmağa çalışdığını göstərir. Bu siyasətin əsas xüsusiyyəti ondan ibarətdir ki, Ermənistan artıq Azərbaycan və Türkiyəni yalnız təhlükəsizlik müstəvisində deyil, regional iqtisadi və nəqliyyat sisteminin əsas iştirakçıları kimi nəzərdən keçirməyə başlayır. Paşinyanın Azərbaycanla sülhü, TRIPP layihəsini və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını bir-biri ilə əlaqələndirməsi bunun konkret göstəricisidir. Həmçinin Sentyabrın 23-də Paşinyanın Rəcəb Tayyib Ərdoğanla görüşündə də regional kommunikasiyaların açılması və TRIPP layihəsinin həyata keçirilməsi xüsusi vurğulanıb. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Ermənistan öz regional təcridini azaltmaq, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq və bunun hesabına yeni iqtisadi-kommunikasiya imkanları əldə etmək istəyir”.

Analitik qeyd edib ki, Paşinyanın özünün də TRIPP-i Ermənistan iqtisadiyyatı üçün yeni mərhələ kimi təqdim etməsi bu yanaşmanın strateji xarakter daşıdığını göstərir:

“Eyni zamanda, Ermənistanın Rusiya ilə münasibətlərində əvvəlki modeldən uzaqlaşma prosesikifayət qədər nəzərə çarpır. Lakin bunu Rusiyadan tam uzaqlaşma kimi deyil, xarici siyasətin şaxələndirilməsi və Moskvanın əvvəlki dominant rolunun azaldılması cəhdi kimi qiymətləndirmək daha doğru olar. Paşinyanın BMT-də Rusiya ilə münasibətlərin transformasiya mərhələsində olduğunu, eləcə də Mərkəzi Asiya, Avropa və digər istiqamətlərlə əlaqələrin inkişaf etdirildiyini bildirməsi bunu təsdiqləyir. Nəticə etibarilə, Ermənistanın yeni xarici siyasət kursunun mahiyyəti bir geosiyasi mərkəzdən digərinə sadə keçiddən daha çox, müxtəlif güc mərkəzləri arasında manevr imkanlarının genişləndirilməsi və regional bağlantılardan faydalanmaq cəhdidir”.