Başlamaq lazımdır: İnsanlar tibbi sığortanın real tətbiqini gözləyir





"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə direktor təyinatından sonra qurumun Əsasnaməsi təsdiq olunmalıdır”. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli İcbari Tibbi Sığortanın tətbiqindən danışarkən bildirib. Komitə sədrinin sözlərinə görə, bu günlərdə Nazirlər Kabineti onun Əsasnaməsini təsdiq etməlidir: "Bundan əlavə, məsələnin tətbiqi üzrə pilot rayonlar müəyyənləşməli və sonra icbari tibbi sığorta həyata keçirilməlidir”.

Parlamentari diqqətə çatdırıb ki, Baş nazirin müavini Əli Əhmədov bununla bağlı bir sıra görüşlər keçirib, Xorvatiya, Türkiyənin təcrübəsi öyrənilib: "Bir neçə məqam - əmək haqqının neçə faizi tibbi sığortaya cəlb olunacaq kimi məsələlər dəqiqləşməlidir. Bu məsələdə dövlətin və insanların payı müəyyənləşməlidir, eyni zamanda hansı xəstəliklərin müalicəsi üçün pul ayrılacağı aydınlaşmalıdır. Məsələn, Rusiyada 200 xəstəlik tibbi sığortaya cəlb olunur. Bunların detalları zaman-zaman həllini tapacaq. Həm də icbari tibbi sığorta vəsaitinin yığılması üçün müəyyən müddət lazımdır”.

Məlumat üçün bildirək ki, "İcbari tibbi sığorta haqqında” qanunun qəbul olunmasına, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılmasına baxmayaraq, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ləngiyir.

Bunun səbəbləri barədə "Şərq”ə danışan tibbi ekspert Adil Qeybulla qeyd edib ki, icbari tibbi sığortanın ilkin olaraq pilot rayonlarda tətbiq olunması vaxt uzatmaqdan başqa bir şey deyil: "İcbari tibbi sığortanın pilot rayonlarda tətbiq olunması təcrübənin qazanılması üçün lazımdırsa, buna gərək yoxdur. Azərbaycanda xeyli şirkətlər var ki, öz işçilərini sığortalayıb. Həmin sığorta qaydaları ilə də öz işçilərini tibbi yardım ilə təmin edirlər. Bizdə tibbi sığorta ilə bağlı təcrübə var. Bu, dünyada ilk təcrübə deyil”.

Həmsöhbətimiz söyləyib ki, tibbi sığortanın təşkilati məsələləri işlənib hazırlanmalıdır: "Tibbi sığortaya cəlb olunacaq əhalinin konkret kateqoriyaları müəyyən olunmalıdır. Bu kateqoriyalara əsasən insanlar sığortalanmalıdır. Bunlar dövlət büdcəsindən sığortalanan işsizlər, işləyən adamlar, iş adamları və dövlət məmurları kateqoriyalarına bölünməlidir. Hər kateqoriyanın sığortalanma mexanizmi mövcuddur. Dünya bu yolla gedib və biz də bu yolla getməliyik. Azərbaycan reallığında bu gün səhiyyə sisteminə ayrılan vəsaitlə icbari tibbi sığorta sisteminin həyata keçirilməsi tam realdır”. Müsahibimizin fikrincə, icbari tibbi sığortada dövlətin qarşıladığı paket əhalinin gəlirsiz təbəqəsi və işsizlərdir: "Qalan insanlar öz gəlirlərindən birbaşa sığortalanmalıdır. İcbari tibbi sığorta paketində ilk növbədə doğuş və təxirəsalınmaz yardım nəzərdə tutulmalıdır. Ölkənin iqtisadi durumu yüksəldikcə, ayrı-ayrı sahələri də, hətta bəzi diaqnostik metodları, müəyyən "çek-up” müayinələrini və s. sığorta paketinə aid etmək olar. Bundan başqa, bəzi sahələr üzrə, məsələn, talassemiya, malyariya, vərəm və bir sıra Azərbaycanda kök salmış xəstəliklərin dispanizasiyası müəyyən period üçün sığorta paketinə aid edilə bilər. Hesab edirəm ki, bu, mərhələli olan bir prosesdir. Amma bu prosesi başlamaq lazımdır. Mexanizm əvvəlcə hazırlanmalı, sonra işə salınmalıdır”.

Ekspert hesab edir ki, "İcbari tibbi sığorta haqqında” qanunun 15 ildən çoxdur qəbul olunmasına baxmayaraq, hələ də onun tətbiq olunacağı xəbəri eşidilir: "İcbari tibbi sığortanın real tətbiqini insanlar gözləyir. Bu, həm də təbabətdə həkimlə xəstə arasında baş verən neqativ münasibətləri, rüşvət məsələlərini və s. aradan qaldırmağa xidmət edəcək. Lakin icbari tibbi sığortanın tətbiqi ilə bağlı təkliflər mütəmadi səslənsə də, buna real bir əsas da yoxdur. Zamanında mütəxəssislərlə birgə bu məsələni işləyib hazırlayıb dövlətə təqdim ediblər. Təəssüflər olsun ki, bu işlə məşğul olan mütəxəssisləri bu məsələyə cəlb etmək istəmirlər”.

A.Qeybulla onu da əlavə edib ki, qərb standartlarından danışırıqsa, tibbi xidmətin bu mühüm növünü mütləq həyata keçirməliyik: "İcbari tibbi sığorta sosial müdafiənin mühüm bir elementidir. Hesab edirəm ki, normal sistem qurula bilsə, icbari tibbi sığortanın tətbiqini bir ilə reallaşdıra bilərik”.

Aydın Baxış