Hətta onun özünə belə eksklüziv hər hansı şəkilləri, görüntüləri üçün pul, qonorar ödəyə biləcək bir mətbuat orqanı, jurnal, veriliş yoxdur
Dünya şou-biznesini tez-tez misal çəkməyi sevirik desək, yəqin ki, səhv etmərik. Dünya ulduzlarının səhnə uğurlarından, onların həyat tərzindən, yüksək performansından, maraqlı kliplərindən və ən nəhayət, elə çəkdirdikləri maraqlı fotosessiyalardan danışırıq, yazırıq, izləyirik. İmkan olanda özümüz rəy də bildiririk. Xüsusilə də dünya ulduzlarını öz sənətçilərimizə misal çəkib onlardan da belə ciddi layihələr, konsertlər, musiqilər tələb etməyə çalışırıq. Amma bu mümkündürmü? Azərbaycan şou-biznesi dünya şou-biznesi ilə müqayisəyə gəlirmi? Ortaq və uzaq nöqtələrimiz varmı?
Təbii ki, dünya şou-biznesini əslində müqayisə etməyə dəyməz. Çünki biz nə qədər avropalı olduğumuzu dilə gətirsək də, əslində hələ də bir çox məqamlarda bunu bacarmırıq. Təbii ki, bunun müəyyən səbəbləri var. Elə tutaq ki, sənət aləmindən, şou-biznesdən danışırıqsa, onların ulduzları ilə bizim sənətçilər arasında fərq böyükdü. Onların tanınmış simaları, məşhur müğənniləri müəyyən mənada əlçatmazdı, bizimkilər isə yetərincə hamının əli yetəcək qədər adi. Bəlkə də elə ən böyük fərq budu. Biz demirik ki, yerli sənətçilərimiz ulduz olub özlərindən razı olsunlar. Bunu onsuz da edirlər. Ulduz olmasalar da, ulduz olduqlarını düşünürlər. Amma sənət tamamilə standartlarla ölçülür.
Dünya şou-biznesinin nümayəndələri çəkdirdikləri fotosessiyalar vasitəsilə milyonlar qazanırlar. Müğənnilərin, tanınmışların eksklüziv hər hansı şəkillərinin təqdim olunması üçün jurnallar, telekanallar, saytlar böyük məbləğdə qonorarlar təklif edirlər. Bir sözlə, dünya ulduzları fotosessiyalardan həm də gəlir əldə etmək, bundan kapital əldə etmək üçün istifadə edirlər.
Bəs bizdə necə, müğənnilərimiz, tanınmışlarımız, şou-biznesin məşhurları fotosessiyalardan gəlir kimi istifadə edə bilirlərmi? Onların çəkdirdikləri fotoşəkillərə, maraqlı görüntülərə görə qonorar təklif olunurmu?
Çox təəssüf ki, bizim tanınmışlarımız fotosessiyaları yalnız müəyyən saytlara paylaşmaq və öz şəxsi "instaqram” və "facebook” səhifələrində paylaşmaq üçün çəkdirirlər. Mövzu ilə bağlı Azərbaycan şou-biznesində olan tanınmışlarla çalışan müxtəlif peşə sahibləri ilə həmsöhbət olmağa çalışdıq.
"Şərq”in suallarını tanınmış stilist Elnur Həsənov cavablandırdı: "Bütün dünyada şou-biznesin müəyyən yazılan, yazılmayan qanunları var. Dünya ulduzları efirlərə çıxarkən, hər hansı jurnalın üz qabığında görünmək və ya şəxsi, özəl ailə şəkillərini paylaşmaq üçün qonorar tələb edirlər. Jurnal və KİV sahibi, telekanal, hər hansı proqram o tanınmışın məhz onlarda görünməsi üçün müğənniyə, tanınmış ulduza qonorar ödəyir. Yəni dünya ulduzları adətən pulsuz, qonorar almadan heç bir yerdə iştirak etmirlər, jurnalların üz qabıqlarında şəkillərinin yayımına icazə vermirlər. Bu onların gəlir mənbələrinin bir hissəsinə çevrilir. Əgər hər hansı jurnal və ya proqram həmin ulduzun eksklüziv görüntüsünün ilk olaraq onlarda yayımını təşkil etmək istəyirsə, mütləq həmin tanınmışa müəyyən razılaşmış qonorar ödənir. Bu qonorarlar da böyük məbləğlər olur. Ona görə də tanınmışın prodüseri məqsədli fotosessiyalar hazırlayarkən bunu nə məqsədlə və neçəyə satacağını öncədən bilir. Buna görə də bizim şou-bizneslə onların şou-biznesini bəzən müqayisə etmək olmur. Əvvəla, bu gün Azərbaycanda jurnalların və ya maqazin proqramlarının o boyda vəsaiti yoxdur ki, müğənniyə ödəsin. Yəni büdcə məsələsi var da. Bizdə o büdcədə olan jurnal yoxdu. Bizdə ən tələbatlı müğənni bu gün Röyadır. Düzdürmü? Bu gün Azərbaycanda Röya qədər ikinci tələbatlı müğənni yoxdu. Hətta onun özünə belə eksklüziv hər hansı şəkilləri, görüntüləri üçün pul, qonorar ödəyə biləcək bir mətbuat orqanı, jurnal, veriliş yoxdur. Düzdür, hamı çalışır ki, Röya onun kanalında, verilişində, saytında, jurnalında görünsün, ondan müsahibə alsın. Bu tələbat var. Ancaq bu qədər tələbata baxmayaraq ona qonorar ödəməyə heç kimin imkanı yoxdur. Yəni bizdə hələ bu sistem qurulmayıb ki, müğənninin eksklüzivliyi üçün ona qonorar ödənilsin. Eləcə də fotosessiyalar edərkən heç kim düşünmür ki, kimsə ona buna görə qonorar ödəyəcək. Əksinə, bizdə müğənnilər fotosessiya etdikdən sonra müəyyən jurnallara və ya müəyyən proqramlara pul ödəyirlər ki, bunlar yayımlansın. Röya bu gün Türkiyədə böyük uğurlara imza atır. Albom üzərində çalışır. Burdan da gəlir əldə etməyi düşünür. Çünki Türkiyənin əhalisi də böyük olduğu üçün büdcə də böyükdü. Albom satıldıqdan sonra təbii ki, Röyaya gəlir gələcək. Amma bizdə albomdan gəlir əldə edən, pul qazanan müğənni yoxdur. Azərbaycanda heç bir müğənni albomdan, fotosessiyadan gəlir əldə etmir. Bu bazar hələ bizdə yoxdur. Əksinə, bizim müğənnilər haralarasa pud ödəyirlər ki, onların fotosessiyaları jurnalların üz qabığında görünsün. Bizim müğənnilər sadəcə öz arxivlərində olsun deyə, sizin dediyiniz kimi, internet səhifələrində yer alsın deyə, fotosessiyalar hazırlayırlar. Amma bundan gəlir gəlmir müğənnilərimizə. Qaldı dünya şou-biznesini qeyd etdiniz, Rihannanın, Monika Belluçinin adını qeyd etdiniz. Bəli, onlar çəkdirdikləri iddialı fotosessiyalar vasitəsilə böyük məbləğdə gəlir əldə edirlər. Onlar iddialı şəkillər çəkdirirlər”.
"Maraqlıdır, bizim müğənnilər hər hansı fotosessiyalar hazırlayarkən əsasən stilistdən nə tələb edirlər? Sizin təklifləriniz nə olur” sualına Azərbaycan şou-biznesinin iddialı stilisti Elnur belə cavab verdi: "Demək olar ki, çoxlarına bəllidir ki, mən bu gün Azərbaycanda 3 xanım müğənni ilə işləyirəm. Onlardan başqa heç kimlə iş birliyim yoxdu. Azərbaycanda böyük tələbatı olan müğənni Röya ilə işləyirəm. Röyadan başqa Sevda Yəhyayeva və Günay İbrahimli ilə iş birliyim var. Təkliflər çox olur. Ancaq mən yalnız iddialı xanım müğənnilərlə çalışmağa üstünlük verirəm. Röya da, Günay da kifayət qədər iddialı şəkillər çəkdirməyi bacarırlar. Səhnəyə iddialı obrazda çıxmağı bacarırlar. Onlarla işləmək peşəkar olaraq insana ruh verir. Sən öz işindən də zövq almış olursan. Müğənni iddialı, cəsarətli olmalıdır. Tələb olunan obrazı təqdim etməyi bacarmalıdır. Bizdə bir çox müğənnilərdə o cəsarət, iddia yoxdur. Camaat nə deyər, ictimai qınaq məsələsi bizim müğənnilərin əksəriyyətində qəlbləşmiş psixologiyadır. Bilirsiz, nə Röya, nə Günay, nə Sevda fotosessiyalarında, kliplərində olan geyim tərzlərində gündəlik şəkildə geyinmirlər. Bu, səhnənin tələb etdiyi şəkillərdi. Bunun üçün bir iddia lazımdır. Əslində səhnənin tələb etdiyi obrazı daşımaq lazımdı. Bunu da hər müğənni bacarmır. Bunun üçün onların cəsarəti yoxdu. Maraqlıdır ki, bizdə xarici müğənnilərin görünüşünü, onların şəkillərini paylaşarkən komentlərdə müsbət rəylər bildirirlər. Əladı, çox gözəldi, filan. Amma bizim müğənnilərdən biri bir balaca açıq-saçıq obrazda şəkil paylaşan kimi təhqirlərə keçirik. Az qala, onu bu şəkillərə görə məhkəməyə vermiş oluruq ki, ayıbdı? Müğənni sənətinə görə müəyyən obrazlarda olmalıdır. Niyə dünya ulduzlarını qınamırıq, ancaq özümüzünküləri daş-qalaq edirik? Bizim cəmiyyətdə hələ də dar düşüncə ilə sənətə yanaşanlar var. Problem bundadır. Ona görə də inkişaf edə bilmirik. Bizdə iddialı xanım müğənnilər çox azdı. Biz Rihannanı, Monika Belluçini görəndə dərhal "layk” edirik. Amma özümüzünkülər üçün buna xəsislik etmiş oluruq. Hadisənin bu yaxınlarda elə görüntüləri təqdim olundu ki, mən dəhşətə gəldim. Ancaq heç kim buna görə onu qınamadı. Mən demirəm ki, soyunub lüt qalaq. Sadəcə sənət bəzən iddianı, yeniliyi, fərqliliyi sevir. Üzdə olan, səhnədə olan insanla adi insan elə bu məqamlarda fərqlənməlidir məncə. Bunun üçün də müğənnilərin bir qədər cəsarətli olması vacibdi. Elə media da cəmiyyətin axarına düşür. Dünya mediası bu görüntüləri çox səliqəli şəkildə təqdim edərkən biz ancaq vurmağa çalışırıq. Biz çərçivəni çıxın demirik. Ancaq səhnə çərçivədə inkişaf edə bilməz, bunu da unutmayaq. Bir də peşəkarlarla işbirliyi önəmlidir”.
Tahirə
(Ardı var)