Azərbaycanlı tələbə təyyarədə 14 yaşlı qıza təcavüz etmək istədi

Təyyarə Antaliyaya enən kimi Orxan adlı sərnişin polis tərəfindən saxlanıb



Əhməd Qəşəmoğlu: "Söhbət odur ki, elə valideynlər var ki, uşağın 3-4 yaşlarından başlayır ki, qonşu qızını öp. Əlbəttə, bütün bunların son nəticəsi dözülməz olur”

Fərqanə Mehmanqızı: "Azərbaycanda gənc oğlanlar görsə ki, hansısa qadın daha "relax” və ya azad geyinib, ona "azad qadın” kimi baxır və düşünür ki, onunla nə istəsə, edə bilər”




Xaricdə yaşayan azərbaycanlı gənclərin ölkəmizlə bağlı mənfi rəy formalaşdıran arzuolunmaz davranışlarının sırasına biri də əlavə olunub. Belə ki, 24 yaşlı Orxan adlı azərbaycanlı tələbə təyyarədə 14 yaşlı qızı zorlamağa çalışıb. Bu şok hadisə Almaniyanın Frankfurt şəhərindən Antaliyaya uçan təyyarədə baş verib. Məlumata görə, M.D adlı 14 yaşlı qız anasını ziyarət üçün təyyarə ilə Antaliyaya yola düşüb.

Uçuş zamanı o, təyyarə heyətinə yaxınlaşaraq yanındakı sərnişinin ona qarşı seksual xarakterli hərəkətlər etdiyini, dodağından öpməyə cəhd etdiyini deyib. Bundan sonra Orxandan iddiaların doğru olub-olmadığı soruşulub. Lakin həmyerlimiz bu iddiaları qəbul etməyib. Pilot Antaliya hava limanı ilə əlaqə saxlayıb və təyyarə enən kimi azərbaycanlı sərnişin polis tərəfindən saxlanılıb. (anspress) Polisə ifadə verən Orxan Bakıda yaşadığını, universitet qeydiyyatı üçün Almaniyaya getdiyini, Antaliyada evləri olduğu üçün qayıdanda bu şəhərdə istirahət etməyi düşündüyünü söyləyib: "Yanımda oturan qızla aramda 10 yaş fərq var. Mən ona qarşı seksual xarakterli heç nə etmədim. Bir az söhbət etdik. Sonra yatmaq istədiyini dedi. Mən də "çiynimə söykənə bilərsən” dedim. Başını qoyub yatdı, mən də çiyninə əlimi atdım. 5-10 dəqiqə sonra qalxıb arxaya getdi və şikayət etdi”. Azərbaycanlı gənc məhkəmə tərəfindən "uşağa qarşı cinsi istismar” ittihamı ilə saxlanılıb. Ailə və vəkillərin etirazına baxmayaraq gənc azad edilməyib. Qeyd edək ki, bu, azərbaycanlı gənclərin yol verdiyi birinci biabırçı hal deyil. Belə məlumatlara mətbuat səhifələrində dəfələrlə rast gəlmişik. Maraqlıdır, görəsən, gənclərimizin özlərini apara bilməmələrinin səbəbi nədir?

Sualımızı cavablandıran sosioloq Əhməd Qəşəmoğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, körpələrimizi, xüsusilə oğlan uşaqlarını düzgün tərbiyə etmirik: "Bunu anlamalıyıq. 30 ildir ki, bu haqda danışıram. Söhbət odur ki, elə valideynlər var ki, uşağın 3-4 yaşlarından başlayır ki, qonşu qızını öp. Onu dişdə. Bunu söy. Əlbəttə, bütün bunların son nəticəsi dözülməz olur. Uşaqları əxlaqi baxımdan düzgün tərbiyələndirmək lazımdır. Belə hadisələr bugünün tərbiyə pozğunluğu deyil, çoxdan mövcuddur. Bu, tərbiyə sistemimizdəki boşluğun nəticəsidir”.

Psixoloq Fərqanə Mehmanqızı isə qeyd edib ki, hazırda çox qəribə və anlaşılmaz vəziyyət yaranıb: "Baxın, cəmiyyətimizdə belə bir ucuz söhbət gedir ki, qadınlar axırıncı vaqona minsinlər ki, orada kişi təcavüzündən qorunsun. Bədbəxtçiliyimiz odur ki, bunu əksər qadın dəstəkləyir. Görünür, oğlanlarımız özlərini idarə etmək əvəzinə, qadının özünün müdafiə etməsini gözləyirlər. Bilirik ki, Avropada qadınlar və kişilər daha azaddırlar. Çünki onlarda azadlıq düşüncədən qaynaqlanır. Biz isə qadını azadlıq deyəndə, istədiyini etmək, istədiyi yerdə olmağı düşünürük. Hazırda Azərbaycanda gənc oğlanlar görsə ki, hansısa qadın daha "relax” və ya azad geyinib, ona "azad qadın” kimi baxır və düşünür ki, onunla nə istəsə, edə bilər. Ona görə də ölkəmizdən çıxıb, xaricdə azad qadın görəndə, dərhal düşünür ki, onunla da nə etmək istəsə, edə bilər. Əlbəttə, bu bizim faciəmizdir. Ümid edirəm ki, düşüncəmiz dəyişilər. Qadınlarımız da, kişilərimiz də azadlığın intelektlə bağlı olduğunu və xarici görünüşə  aid olmadığını  qəbul edərlər. ”

Ayyət Əhməd