Çingiz Qənizadə: “Avtovağzal kompleksi kimi mühüm əhəmiyyət kəsb edən bir binanı təbiətin öhdəsinə buraxmaq doğru deyil. Artıq burada kimlərinsə maraqlı olduğu görünür”
Beynəlxalq Avtovağzal Kompleksindəki çökmə ilə bağlı ziddiyyətli açıqlamalar davam edir. Bir müddət əvvəl mətbuata açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev ərazidə təhlükənin qaldığını iddia edib. Texnogen prosesin aktivləşdiyini deyən baş geoloq deyib ki, istinad divarları sökülüb, yenidən tikilməlidir.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə-çökməyə və istinad divarının sökülməli olduğu barədə mütəxəssislərin rəyinə münasibət bildirən Baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov isə deyib ki, istinad divarlarına vurulan dirəklər təhlükənin qarşısını alacaq. Həmin ərazidə yağış kollektoru olmadığından istinad divarlarında axma baş verdiyini deyən A.Şərifovun sözlərinə görə, ərazidə qorxulu halın baş verməsinin qarşısı alınıb: "İstinad divarlarının aşmaması üçün dirəklər vurulub. Bu məsələ ciddi nəzarətdədir. Biz əraziyə mütəxəssislərlə birgə baxış keçirmişik və belə qənaətə gəlmişik ki, bu işlər görülməlidir. İşlər də həyata keçirilir. İnşallah, ona görə də ciddi, qorxulu bir hadisə ola bilməz”.
Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova isə Avtovağzal Kompleksinin qarşısındakı yolun real təhlükə mənbəyi olduğunu deyib: "Avtovağzal Kompleksi əvvəldən orada tikilməməliydi. Çünki həmin ərazi bataqlıqdır. Yerin altı sudur. Amma nə etdilər? Guya ki, bataqlığı qurutdular, tikintiyə başladılar. Əslində isə, bataqlığı qurutmaq mümkün deyil. Orada yalnız bu halda tikinti aparıla bilərdi ki, bataqlığın suyu harasa yönləndirilsin, harasa axıb getməsi üçün kanallar olsun. Amma bunlar neylədi? Suyu boğub saxladılar bir yerdə. Bu su haradansa vurub çıxmalıdır. Su bir yerdə qala bilməz. O su sızıb doldu evlərin, binaların altına. Zirzəmilər su ilə doludur. Bu, kənardan gələn su deyil ki, qarşısını nəyləsə kəsəsən. Bunlar yeraltı sulardır. Yeraltı suların da səviyyəsi ildən-ilə artır.
Neçə dəfə bu adamlara demək olar ki, Abşeron gil təbəqəsinin üzərindədir. Gil təbəqəsinin qalınlığı 7 metrdir. Qoy gedib ölçsünlər. Yeraltı suların səviyyəsi qalxdıqca, gil təbəqəsini yuyub aparır, sürüşmə prosesi gedir. Tikinti o halda aparıla bilər ki, suyun axarı olsun. Su bir yerdə yığılıb qalmasın. Su mütləq özünə yol tapıb çıxmalıdır və çıxır da. Adi təbiət qanunlarını, fizika, geologiya qanunlarını da bilmirlər. Bəlkə də əhəmiyyət vermirlər. Təki nəsə tikilsin. Öz mənfəətlərini düşünürlər. Amma görürsünüz ki, düzgün aparılmayan işin fəsadları bir gün üzə çıxır. Yadınızdadır, Şirvanşahlar sarayının altında yeraltı tunellər üzə çıxmışdı. Deyirdilər, şah bu yolla saraydan çıxırmış, nə bilim, qaçırmış. Hamısı boş söhbətlərdir. O yollar suyun axarı üçün tikilib. Müəyyən məsafədən bir hündür tağlar var. Bakının köhnə məhəllələrinin hamısında belə idi. Yeraltı kanallar vardı. Suyun səviyyəsi qalxanda o tağlarla istiqamətlənib dənizə axırdı. Amma neylədilər? O yolları, kanalları açıb hərə bir restoran, kafe tikdi. Suyun yolu da bağlanıb”.
Xanım memar hesab edir ki, orada real təhlükə var və bunu ört-basdır etmək, gizlətmək də heç kimə xeyir gətirməyəcək: "Doğru olanı insanlara demək, təhlükəsizliyi təmin etmək lazımdır. Həmin yolla avtomobillərin hərəkəti qadağan edilməlidir, çünki həyat üçün təhlükəlidir. Avtovağzal Kompleksi də oradan köçürülməlidir. Əgər suyu yönləndirə bilmirlərsə, başqa ərazidə avtovağzal tiksinlər”.
Millət vəkili Çingiz Qənizadə isə hesab edir ki, Avtovağzal Kompleksini əvvəlcədən həmin ərazinin təhlükə mənbəyi olduğunu bilə-bilə inşa ediblərsə, bu addımı atanlar məsuliyyətə cəlb olunmalıdır: "Mühəndis olmadığım üçün konkret olaraq həmin ərazinin nə dərəcədə təhlükəli olduğunu deyə bilmərəm. Amma əgər Kompleks tikilməzdən əvvəl həmin ərazinin təhlükəli olduğuna dair ekspertlər tərəfindən ərazinin bataqlıq olduğu əsas gətirilərək xəbərdarlıq edilibsə, burada artıq məsuliyyət var. Hesab edirəm ki, Akademiyanın mütəxəssisləri araşdırma aparıb, rəy verməli idilər. Və bu araşdırma zamanı da narahatlıqlar nəzərə alınmalı idi. Bilərəkdən dövlətə zərər verilibsə, bu məsələyə hüquqi qiymət verilməlidir. Hər hansı bir tikintiyə başlamazdan əvvəl onun təhlükəsizliyi, dayanaqlılığı nəzərə alınmalı və qabaqlayıcı tədbirlər görülməlidir. Bakı Beynəlxalq Avtovağzal kompleksi kimi mühüm əhəmiyyət kəsb edən bir binanı təbiətin öhdəsinə buraxmaq doğru deyil. Artıq burada kimlərinsə maraqlı olduğu görünür. Bu isə araşdırılmalı və hüquqi qiymət verilməlidir”.
Şəymən