Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarını qanunsuz qaldıranlar, nümayiş etdirənlərə qarşı yeni cəzalar tətbiq edilir. Milli Məclisdən verilən məlumata görə, bu barədə yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 584-cü maddəsində göstərilib.
Maddədə bildirilib ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırılması və ya yerləşdirilməsinə görə, fiziki şəxslər 100 manatdan 150 manata qədər, vəzifəli şəxslər 500 manatdan 800 manata qədər, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manata qədər cərimələnəcək. Mövcud məcəlləyə görə isə bu cəzalar müvafiq olaraq fiziki 10 manatdan 30 manata qədər, 30 manatdan 40 manata qədər və 70 manatdan 100 manata qədərdir.
Azərbaycan Prezidenti tərəfindən təqdim edilmiş yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 29-da müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunsa, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırılmasına qarşı atılan addımların təqdirəlayiq olduğunu deyib: "Xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırılmasının hansı hallarda qanunsuz hesab olunduğu qanunvericilikdə öz əksini tapıb. Bu məsələ beynəlxalq təcrübədə də var. Əgər xarici ölkələrin bayraqları onların ölkəmizdəki səfirliklərinin qarşısında, yaxud da hansısa ölkənin milli bayramlarında qaldırılıbsa, burada qanunsuz heç nə yoxdur. Amma hansısa ölkənin ölkəmizdəki uzantıları din adı altında Azərbaycan ərazisində başqa bir ölkənin bayrağını qaldırır və ya özlərini həmin ölkələrin missioneri kimi aparırlarsa, həmin qüvvələrə qarşı cərimələrin artırılmasının tərəfdarıyam. Cərimələr nə qədər yüksək olsa, mübarizə tədbirləri də bir o qədər effektiv olar”.
Şəymən