"Cəbhədə döyüşlər gedir, biz sağlamlığımızı qoruyaq"

Nəzakət Teymurova: "Çalışaq ki, dövlətimiz gücünü iki yerə ayırmasın"

Hazırda cəbhədə rəşadətli ordumuz mənfur düşmənlə  mübarizə aparır. Haqq savaşımız davam edir. 
Bununla yanaşı aylardır əziyyət çəkdiyimiz koronavirus infeksiyası var. 
Əfsuslar olsun ki, son bir ay ərzində ölkədə pandemiyaya yoluxanların sayı 1000-i keçib.
Səbəbi isə insanların izolyasiya və gigiyena qaydalarına əməl etməməsi, bu bədnam virusu unutmalarıdır. 

Xalq artisti Nəzakət Teymurova da mövcud durumu nəzərə alaraq “Sherg.az” vasitəsilə vətəndaşlara tövsiyələrini çatdırıb: 

“Bir virusun daşıyıcısı var. Bir də bilməyərək insanları yoluxduranlar olur. Adam virusa yoluxanda hiss etmir. Ona görə məsləhət verirəm ki, gigiyenik qaydalara  əməl etsinlər.

Məsələn, maskadan istifadə etmək lazımdır. Həm də bu günlərdə cəbhədə müharibə gedir. Çalışaq ki, dövlətimiz gücünü iki yerə ayırmasın, fikirləri cəbhədə olsun.

Millətimizə, xalqımıza deyirəm ki, özlərini qorusunlar. Əlləri yumaq, maskalardan istifadə və sair kimi qaydalara diqqət etsinlər. Adamlar çox olan yerlərə getməsinlər. İndi yaslar olur, ev şəraitində ad günləri keçirilir. İnsanlar biri-birləri ilə ünsiyyətdə olurlar. Təbii ki, belə halda virusa yoluxmaq da qaçılmazdır”.

Məlumat üçün qeyd edək ki, Nəzakət xanımın özü də bir neçə ay öncə koronavirusa yoluxub. O, infeksiyanın öhdəsindən gələrək, sağlamlığına qovuşub.