18 yaşadək nikah bağlayanların sayı azalıb

Ekspert deyir ki, burda maariflənmənin rolu yalnız 10 faiz ola bilər
Əslində normal yaş həddində nikaha girməmək halı artıq problemdir

Azərbaycanda 18 yaşadək rəsmi nikah bağlayan gəlin və bəylərin sayı azalıb.
Statistik məlumatlara görə, 2016-cı ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 312, bəylərin sayı isə 3 nəfər olub.
2015-ci ildə belə gəlinlərin sayı 388, bəylərin sayı 3, 2014-cü ildə gəlinlərin sayı 479, bəylərin sayı 2, 2013-cü ildə gəlinlərin sayı 229, bəylərin sayı 2, 2012-ci ildə isə gəlinlərin sayı 295, bəylərin sayı 5 nəfər olub.
Maraqlıdır, erkən nikahların sayının azalmasına səbəb bu sahədə aparılan maarifləndirmə işi ilə əlaqədar ola bilərmi? 

18 yaşadək nikahların azalmasında maariflənmənin o qədər də ciddi rolu olmadığını deyən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, problem ondadır ki, biz bir çox zamanlarda qanunun icrasında səhlənkarıq və vətəndaş olaraq qanunları öyrənib icra etməkdə elə də aktiv deyilik. Birlik sədri deyib ki, nikah sayının azalmasında maariflənmənin rolu yalnız 10 faiz ola bilər: 

"Maarifləndirmənin aparılması effektiv nəticə verirsə erkən nikahların və ya abortun qarşısı da alınardı. Problemin qarşısı tam olaraq o vaxt alına bilər ki, vətəndaş hüquqa tabe olsun, eyni zamanda onu icra etsin. Çox az ölkə vətəndaşları var ki, onlar qanunlardan xəbərdardır.

Məsələn, niyə demirlər ki, "qeyri-rəsmi nikahların sayı çoxalıb, ona görə də rəsmi nikaha girənlərin sayı azdır?”. Gənclər arasında biri-birinə qarşı olan etimad və inam, həmçinin şübhələr evlənməyə əngəl törədir. Karyera qurmaq istəyən gənclər var. Buna görə də həyatlarını təhsil və karyeraya həsr edirlər. Bunlar indiki gənclərin ailə qurmamasına səbəbdir. Yəni, söhbət ondan gedir ki, yalnız maarifləndirmə bu problemin qarşısını almır, əksinə, digər problemlər var ki, nikahların azalmasına səbəb olur.

Əslində normal yaş həddində nikaha girməmək halı artıq problemdir. Ya biz Avropa kimi 30-40 yaşında ailə quracağıq və ondan sonra da uşaq dünyaya gətirmək çətinləşəcək, uşaqların sayı azalacaq, ya da nikahlar qeyri-rəsmi olacaq və uşaqların sayı azalmayacaq. Ümumiyyətlə, hansısa problemdən danışanda mütləq digər bir problemə nəzər salmaq lazımdır. Qeyri-rəsmi nikahdan doğulanların sayı göstərəcək ki, nikahlar var, lakin qeyri-rəsmidir...”

Yeganə Bayramova