Ermənistanda “həbs dalğası”: “Sarkisyan və Koçaryan hədəfdə...

Ermənistanın baş naziri Nikol Paşinyan “korrupsiyaya qarşı mübarizə” adı altında siyasi rəqibləri ilə haqq-hesab aparır. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb. O, təqsirləndirilən şəxs qismində dindirilib. Onun vəkili Amram Makinyanın sözlərinə görə, Sarkisyan prezident olduğu dövrdə sahibkar Silva Ambartsumyandan rüşvət alınması işi ilə bağlı ifadə verib. Vəkili qeyd edib ki, Sarkisyan Silva Ambartsumyanın ifadəsinə əsaslanaraq, artıq iki il əvvəl şahid qismində dindirilib.
 Ambartsumyanın ifadəsi əsasında keçmiş prezident Robert Koçaryana qarşı da ittiham irəli sürülüb.

2021-ci ilin aprelində İrəvan məhkəməsi Koçaryana, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana, Baş Qərargahın keçmiş rəisinə, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturova, Ermənistan Prezident aparatının keçmiş rəhbərinə, Baş nazirin keçmiş müavini Armen Gevorkyana qarşı “konstitusiya quruluşunu devirmə” maddəsi ilə cinayət təqibinə xitam verib.
Eyni zamanda, məhkəmə Koçaryan və Gevorkyanın ittiham olunduğu “rüşvət alma” maddəsi ilə cinayət işinə baxmağı davam etdirir. Sahibkar Silva Ambartsumyan Koçaryanı 2008-ci ildə 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham edib.

Ermənistandakı korrupsiyaya qarşı mübarizə tədbirləri ilə "Sherg.az"a danışan  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib ki, Paşinyan jurnalist kimi fəaliyyət göstərdiyi dövrdə arzulamadığı adamlar haqqında həmişə fikir bildirib:

"Dəfələrlə onları həbsxanaya atmaq, işgəncələr vermək lazım olduğunu söyləyib. N.Paşinyan elə bilir korrupsionerləri həbsə atanda rüşvətin qarşısını almağı bacaracaq. Onun ən yaxşı edə bildiyi iş budur, əlindən başqa nəsə gəlmir. O sadist, mazoxist  biridir. Həm özgəsinə, həm də özünə verilən əziyyətdən zövq alır. Erməni xalqını incidir. Erməni xalqı Paşinyanı ona görə seçdi ki,  o Qarabağ məsələsində Ermənistan ictimai siyasi həyatında olanlardan fərqli fikir söyləyir. Vaxtilə Qarabağ məsələsinə görə R.Körçəyanı,  S.Sarkisyan  ələ salırdı.  Jurnalist olduğu zaman deyirdi, Qarabağ Azərbaycan ərazisidir. Erməni xalqı da bunu görürdü deyə, onu hakimiyyətə gətirdi".

M.Əhmədoğlunun sözlərinə görə, N.Paşinyan indi mövqeyini dəyişib:

"Müharibədə məğlub oldu, kapitulyasiya aktını imzaladı. Daha sonra üçtərəfli bəyannamənin şərtlərini yerinə yetirəcəyinə vəd verdi. Lakin şərtləri  reallaşdırmaqdan imtina edir, Moskvanı aldadır. Rusiya adından yalan bəyanatlar verir. 16 noyabrda döyüş dayanan kimi Rusiya müdafiə naziri Sergey Şoyqunun adından bəyanat verdi. Amma sonradan buna əməl etmədi. Nə qədər Paşinyan hakimiyyətdədirsə, bir o qədər siyasi şəxsləri həbsxanaya atacaq.  Köçəryanın blokundan olan Anna Mkrtçyan müxalifətçi deputatdır. Onun atası  Kasaxda icra nümayəndəsidir. Qızı parlamentdə onun əleyhinə danışdı.  O da getdi atasını həbsə, içəri atdı. Paşinyanın təbiəti belədir".