Əlləri, qolları bağlı mumiya tapıldı


1200 il əvvəl ölmüş insanın qalıqları arxeoloqları heyrətə salıb

Peruda arxeoloqlardan ibarət 40 nəfərlik qrup gözlənilməz tapıntı əldə edib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, bu barədə CNN televiziyası məlumat yayıb. CNN-ə danışan perulu arxeoloq Huaman “bu qədər önəmli bir tapıntı ilə qarşılaşacağımızı heç gözləmirdik”, söyləyib. Arxeoloqlar Perunun paytaxtı Lima şəhəri yaxınlığındakı bir ərazidə yaşı 800-lə 1200 il arası təxmin edilən mumiya tapıblar. 

San-Marsos Milli Universitetinin tədqiqatçıları mumiyanı arxeoloji qazıntı ərazisinə aid olan qədim qəsəbə meydanının ortasında tapıblar. Mumiya kəndirlə bağlı, əlləri ilə üzünü örtmüş haldadır. Mütəxəssislər bir insanın bu şəkildə mumiyalanmasının Peruda əsrlər öncə cənazə mərasimlərində bir ənənə olduğunu bildirir.

Mumiya qədim İnka dövrünə aid edilir. Qazıntılara rəhbərlik edən arxeoloq Pieter Van Dalen Luna deyib ki, mumiya  böyük ehtimalla Kolumbdan əvvəlki dönəmlərdə ticarət mərkəzi olan Cajamarquliaya dağdan gələn, 25-30 yaşlarında bir adama aiddir. Arxeoloqlar mumiya axtarışında olmayıb, qarşılarına çıxan bu tapıntı onlar üçün böyük sürpriz olub. Əli-qolu kəndirlə bağlı mumiyanın tapılması qədim Peru haqqında çox maraqlı faktların üzə çıxmasına səbəb olacaq.