Küçədə etiraz səsləri...

Əsir və itkin düşmüş erməni əsgərlərin yaxınları aksiya keçiriblər

"Valideynlərə qarşı saymazyana münasibət erməni rəsmilərinin danışıqlarından da hiss olunur"


Ermənistanda həbs edilmiş və müharibə zamanı itkin düşmüş erməni hərbçilərin valideynləri etiraz aksiyalarını davam etdirirlər. İrəvanda hökumət binasının qarşısına toplaşmış valideynlər hökumət binasının yerləşdiyi Respublika meydanına gedən əsas küçələri bağlayıblar. Aksiya iştirakçıları Dəmirçiyan küçəsində parlamentin girişinə toplaşaraq spiker Alen Simonyanla görüş tələb ediblər. 

Fəallardan biri və itkin düşən hərbçinin qohumu Arsen Qukasyan bildirib ki, etirazçılar gecəni Ermənistan parlamentinin qarşısında keçirib və spikerlə danışmaq istəyiblər. Onun sözlərinə görə, bir neçə deputat onlarla danışıb, lakin söhbət qısamüddətli və nəticəsiz olub. İqtidarı təmsil edən deputatlar isə etirazçıları sakitləşdirməyə və Simonyanın sözlərinə bəhanə tapmağa çalışsalar da, valideynlər spikerin şəxsən görüşə gələrək dediklərinə cavab verməsini istəyiblər. 

Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın məhbuslarla bağlı qalmaqallı açıqlamalarını əks etdirən videosu itkin erməni hərbçilərinin valideynlərinin hiddətinə səbəb olub. Parlament sədri məhbusların artıq onun üçün mövcud olmadığını deyib.

 Simonyanın sözlərinə görə, sözügedən hərbçilər silahlarını yerə ataraq, qaçıblar və itkin düşüblər ki, nəticədə də onlar qarşı tərəfə əsir düşüblər. Bu sözdən sonra bir müddət sakit dayanmış itkin yaxınları yenidən hökumət əleyhinə aksiyalara başlayıblar. 

Ermənistandakı qarışıqlığı “Şərq”ə dəyərləndirən siyasi şərhçi Azər Qasımov bildirib ki, itkin və əsir düşmüş erməni əsgərlərinin yaxınlarının Ermənistan hakimiyyətindən izahat tələb etməsi təbii haldır. Ekspertin sözlərinə görə, əsas məsələ bu tələblərə göstərilən reaksiyadır:

 “Ermənistan tərəfi “əsir və itkin düşmüşlər” məsələsini öz siyasi məqsədləri üçün istifadə edir. Məsələn, hakimiyyət hər hansı ciddi hadisə öncəsi bir neçə “əsirin” geri alınmasına çalışır. Müxalifət isə “əsir”likdə olanların geri alınması üçün ciddi işin aparılmamasını bəhanə edərək hakimiyyəti gözdən salmağa yönəlik addımlar atır. Arada qalanlar isə itkin erməni hərbçilərinin valideynləri olur. 

Onlar iki qüvvə arasında siyasi alətə çevrilirlər. Valideynlərə qarşı saymazyana münasibət erməni rəsmilərinin danışıqlarından da hiss olunur.

 Ermənistan rəsmilərinin əksəriyyəti əsir düşənlərə “silahlarını atıb qaçan, təslim olan”lar kimi yanaşırlar. Amma unudurlar ki, bu əsgərlər Azərbaycan Ordusunun gücünə bələd olduqları üçün müqavimətsiz təslim olublar. 

Güclü Azərbaycan hərbçisinin qarşısında erməni əsgərinin təslim olmaqdan başqa çıxış yolu, şansı yoxdur. Rəsmi Bakı Ermənistanda gedən prosesləri lehinə çevirməyi bacarır. Yəni lazım olan məqamda bir neçə “əsiri” geri qaytarıb gərginliyi azaltmaq, yaxud da geri verməyib erməni hakimiyyətinə təzyiqləri artırmaq əlimizdədir. Bu, İrəvan hökumətinə qarşı ciddi təzyiq vasitəsidir. 

Əlbəttə, gec-tez erməni “əsirlər” geri qaytarılacaq. Onların Azərbaycanda həmişəlik qalmayacağı hamıya aydındır. Ermənistan yekun sülhə razılıq versə və tələblərimizi qeyd-şərtsiz qəbul etsə, İrəvan da istədiyini alacaq”.