Hərbi xidmətə çağırışın yaşının azaldılmasını cəmiyyətimiz alqışlayacaq və müdafiə edəcək
"Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi çox mühüm əhəmiyyət kəsb edir". Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Komitə rəhbəri bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra orduda islahatların aparılması, bir sıra qanunvericilikdə dəyişikliklərin edilməsi Prezident tərəfindən labüd sayılıb: “Bu islahatlara uyğun olaraq, əsas istiqamətlərdən biri də çağırış məsələsidir. Bu gün cəmiyyəti narahat edən və eyni zamanda sevindirə bilən bir sıra dəyişikliklər var. Orduya çağırışla bağlı təbii ki, bir sıra ölkələrin qanunları müxtəlif ola bilər. Məsələn, Rusiyada hərbi xidmətə çağırış 18 yaşına çatmış, lakin 27 yaşdan yuxarı olmayan vətəndaşlara şamil edilir. 30 yaşdan aşağı şəxslər adətən daha yaxşı fiziki formada olurlar, intensiv fiziki qabiliyyətə malikdirlər. Psixoloji yetkinlik 18-25 yaş arasında, eyni zamanda 30 yaşına qədər yetkinliyə çatır. Bu, emosional və psixoloji problemlərin öhdəsindən gəlməyə kömək edir. Əsasən 18-30 yaş arası insanlar yeni bacarıqları daha tez öyrənirlər. Çağırışçılar üçün psixoloji aspektlər də çox mühüm əhəmiyyət kəsb edir. Onlar həkim komissiyasından keçdikdə əsas diqqət psixoloji müayinədə stress altında davranışla bağlı suallar, digər məsələlər aydınlaşdırılır. Yəni son vaxtlar bir sıra müharibələri də görürük. Ağır şizofreniya, travma sonrası stress və adaptasiya pozğunluğu kimi problemlər nəzərə alınandır. Yaş həddinin aşağı salınması da çox mühüm əhəmiyyət kəsb edir”.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, Cəmiyyətimiz bu dəyişiklikləri, xüsusən hərbi xidmətə çağırışın yaş həddinin azaldılmasını alqışlayacaq və müdafiə edəcək. Qüdrət Həsənquliyev bildirib ki, son vaxtlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində aparılan işlər alqışlanmalıdır:
“Çalışmalıyıq ki, dövlətin idarəetmə xərcləri azalsın. Gələcəkdə Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Müdafiə Nazirliyinin birləşdirilməsi çox müsbət addım olardı”. Deputat qeyd edib ki, Səhiyyə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibbi yoxlama ilə bağlı məsuliyyət daşımalıdır: “Necə əlilliklə bağlı Səhiyyə Nazirliyi məsuliyyət daşıyır, eyni prinsip burada tətbiq olunmalıdır və bu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etimadsızlıq kimi qəbul edilməməlidir. Xalqımız uzun müddətdir gözləyir ki, pul ödəmək qarşılığında müəyyən kateqoriyadan olan şəxslər hərbi xidmətdən azad olsun. Cəmiyyətdə gözlənti odur ki, magistratura təhsili almış, rezidentura təhsili almış şəxslər cəmiyyət üçün daha faydalı ola bilər, nəinki hərbi xidmətə getməklə. Bizim elə gənclər var ki, hərbi xidmətə yararlı olsa da, onun çiyninə 20 kq yük qoyub təpədən yuxarı qaldırsan, ona düşmən gülləsi lazım deyil, onun elə orada nəfəsi kəsiləcək. Biz elmlər doktorlarını, fəlsəfə doktorlarını azad edirik. Bir bənd də əlavə edilsin ki, magistraturanı və rezidenturanı bitirən şəxslər müəyyən məbləğ qarşılığında hərbi xidmətdən azad edilsinlər. Digər tərəfdən, 2 övladı olan şəxslərlə bağlı təklifim var ki, bu güzəştlər onlara da şamil olunsun”.