“1888-ci ildə tikilmiş hamamın sökülməsi qəbul edilən deyil”

“Həmin hamamın altında bulaqlar var və orada yerin altından gələn sulardan istifadə olunur”



Bakı şəhərinin Baş Planına əsasən "Sovetski” adlanan ərazidə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısında yer almış 21 yaşayış evi və 2 abidə söküləcək. Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarına əsasən, söküləcək yaşayış evləri və mədəniyyət abidələri "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”ndan çıxarılıb.

Sökülməsinə qərar verilmiş abidələrindən biri M.Muxtarov küçəsi, 83 ünvanında yerləşən, 1888-ci ildə tikilmiş hamamdır. Digər abidə isə Bakının Nərimanov rayonunda S.Rəhimov və A.Şaiq
küçələrinin tinində yerləşən, 19-cu əsrin sonunda tikilmiş Şollar su kəmərinin su yayma qülləsidir.

Müstəqil Memarlar Assosiasiyasının prezidenti Zemfira Budaqova qədim hamamlarımıza göstərilən biganəliyi ürək ağrısı ilə qarşıladığını vurğulayıb. Onun sözlərinə görə, uzaq keçmişimizin canlı salnaməsi olan abidələr sırasında qədim hamamların özünəməxsus yeri var. Lakin onların sayı ilbəil azalır. Həmin abidələrdən bəzilərinin binaları və əraziləri müəyyən şəxslər tərəfindən satın alınaraq yerlə-yeksan edilib və yerlərində digər obyektlər salınıb.

İstər bu obyektlər, istərsə də onların yerləşdikləri qədim binaların mühafizə edilməməsi üzündən, baxımsızlıq ucbatından bəlli tarixi abidələr zaman-zaman məhv olmağa başlayıb.

Xanım memar vaxtı ilə paytaxtın qədim yaşayış məskənlərində belə tarixi abidələrin yetərincə olduğunu deyib: "Xaricdə belə hamamları göz bəbəyi kimi qoruyurlar. Amma bizimkilər belə şeyləri düşünmürlər. Urbanizasiya gözlərini o qədər örtüb ki, nə tarixə, nə də qədimliyə baxan var. Nəyin bahasına olursa olsun, biz tarixi abidələrimizi qoruyub saxlamalı idik. Sökülən abidələrin hər biri bizim tariximiz, keçmişimizdir. Şollar su kəmərinin su yayma qülləsi haqqında o qədər də məlumatlı deyiləm. Amma bir məsələ var ki, Şollar suyunun adına bağlı olduğu üçün həmin qüllə də tarixi abidə olaraq saxlanılmalı idi. Hamamların sökülməsini isə heç bir halda qəbul etmirəm. Həmin hamamın altında bulaqlar var və orada yerin altından gələn sulardan istifadə olunur. Həmin hamamın qiyməti heç bir miqdarla ölçülə bilməz. Başa düşə bilmirəm ki, bunların məqsədi, niyyəti nədən ibarətdir? Hamamların əksəriyyətinin bir neçə əsr yaşı olub. Amma onlar tarixi abidə kimi qorunmaq əvəzinə zaman-zaman ləğv edilib, dağıdılıb. Amma onların tarixi abidə kimi muzeyə çevrilməsi daha məqsədəuyğun olardı.

Ən azından onların təyinatını dəyişib müasir hamam kimi istifadə edə bilərdilər. Niyyət pul qazanmaqdırsa, köhnə hamamları söküb, yerində başqa iaşə obyekti tikməyin nə mənası var?”

Şəymən