Abbasqulu Şadlinskinin daha bir nəvəsi vəfat etdi

Ötən əsrin əvvəllərində, Sovet hakimiyyəti illərində Azərbaycanın el qəhrəmanı olmuş məşhur Abbasqulu bəy Şadlinskinin son 10 gün ərzində ikinci nəvəsi vəfat edib.

Modern.az saytının xəbərinə görə, İmişli rayonunda yaşayan Razim Şadlinski 69 yaşında dünyasını dəyişib.

O, aprelin 5-də 72 yaşında vəfat etmiş nəvə Abbasqulu Şadlinskinin qardaşıdır.

Mərhum İmişli rayonunda dəfn edilb.
 
Qeyd edək ki, Abbasqulu bəy Şadlinski əslən Qərbi Azərbaycanın Vedi bölgəsindəndir. O, bölgədə hörməti, sambalı olan şəxs kimi daim azərbaycanlılara arxa-dayaq durub. Ona görə də ermənilər həmişə Abbasqulu bəy Şadlinskidən çəkiniblər və həmişə onu aradan götürmək üçün məqam axtarıblar.

1918-ci ildə  Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan A.Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi –"Qırmızı tabor"u təşkil etmişdi.
O, 1918-1921-ci illərdə daşnaklara qarşı mübarizə aparan "Qırmızı tabor"un komandiri olmuşdu.

Yazıçı Fərman Kərimzadənin ssenarisi əsasında  çəkilmiş “Axırıncı aşırım” filminin əsas qəhrəmanlarından biri məhz Abbasqulu bəydir.

Amma filmdəki epizoddan fərqli olaraq gerçək həyatda Abbasqulu bəyi Qəmlo deyil, ermənilər öldürmüşdülər. Sovet dövründə isə bunu filmdə vermək mümkün olmadığından məsələni ört-basdır etmək üçün Kərbalayi İsmayılın, həmçinin Qəmlonun ona qarşı düşmənçilyi qabardılıb. Halbuki, Abbasqulu bəylə Kərbalayi İsmayıl və Qəmlonun heç bir ədavəti olmayıb.

Ermənilər Abbasqulu bəyi 1930-cu ilin fevralında pusquya salaraq öldürmüşdülər. Onun məzarı Qərbi Azərbaycanın Vedi rayonunda “zavodun yanı” deyilən yerdə olub. İndi yəqin ki, ermənilər həmin məzarı dağıdıblar.