Milli Şura ilə Müsavat arasında “mitinq” gərginliyi yaşanıb

Ötən gün sosial şəbəkədə Milli Şura və Müsavat Partiyası üzvləri arasında referendumla bağlı keçiriləcək mitinqlərə görə gərginlik yaşanıb.
"Qafqazinfo” xəbər verir ki, Müsavat başqanı Arif Hacılı partiyasının 18 sentyabrda keçirdiyi mitinqdə Milli Şuranın da 24 sentyabrda mitinq təyin etdiyini diqqətə çatdırmışdı. Hər iki təşkilatın mitinqinin eyni günə təsadüf etməsindən dolayı A. Hacılı partiya üzvlərini Milli Şuranın mitinqində də iştirak etməyə səsləmişdi.
Sözügedən çağırışdan sonra Milli Şuranın üzvü Gültəkin Hacıbəyli 24 sentyabr tarixində qurumun mitinq təyin etmədiyini bildirərək Müsavat başqanını ittiham edib:
"Milli Şura 11 sentyabr mitinqi ilə bağlı qərarını qurumun Koordinasiya Mərkəzinin iclasında verib və bu qərarı rəsmən açıqlayıb, event yaradıb, geniş mitinq təbliğatı aparıb. 17 sentyabrla bağlı qərar yenə də KM-nin iclasında verilib, 11 sentyabrda meydanda xalqla məsləhətləşmədən sonra elə mitinqdəcə elan edilib. Yenə də ardınca fb-da event yaradılıb, MŞ üzvləri geniş təbliğat kampaniyası apararaq xalqı 17 sentyabr mitinqinə səsləyib.
Milli Şura 24 sentyabr mitinqi ilə bağlı 17 sentyabr mitinqində çağırış etməyib, elan verməyib, Koordinasiya Mərkəzində mitinqlə bağlı heç bir qərar qəbul etməyib, event yaratmayıb. MŞ-nın heç bir üzvü 24 sentyabrla bağlı status yazmayıb, çağırış etməyib. Milli Şuranın 24 sentyabrda mitinq edəcəyini Müsavatıın 18 sentyabr mitinqində Müsavat başqanı Arif Hacılı elan edib. Biz bir gün öncə eyni meydanda dəfələrlə böyük kütlə qarşısında "öz mitinqimizi" elan etmədiyimiz halda dostlarımızın bizim yerimizə bunu etməsinin səbəbləri mənim üçün qaranlıqdır. Odur ki, 24 sentyabr mitinqi ilə bağlı bütün sual və iradlar onu elan edənlərə ünvanlanmalıdır”.
G. Hacıbəylinin Müsavat başqanını ittiham etməsindən sonra hər iki təşkilatın üzvləri sosial şəbəkədə mübahisə ediblər.
Müzakirələrə qoşulan Müsavat başqanın müavini Elman Fəttah həmin tarixdə Milli Şuranın mitinq müraciətinin sənədini öz hesabından yayımlayıb. Bildirib ki, Milli Şura rəsmiləri Müsavat başqanının "Hamını Milli Şuranın 24 sentyabr mitinqində iştiraka çağırıram. O hamımızın mitinqidir” çağırışına etiraz edirlər və bildirirlər ki, biz 24- nə mitinq təyin etməmişik:
"Mediada fikirlərimizin təhrif edilməməsi, eyni zamanda da məlumat üçün deyim ki, bir neçə gün öncə mediaya açıqlama verib və sosial şəbəkədə də rəsmi müraciətlərinin fotosunu yayıblar. Bizdə ona görə insanları həmin mitinqə çağırmışıq. Niyə narazıdırlar, anlamıram”.