Xanım sürücülərin xamlığı ölüm gətirir?

Ziyalılar, sosial şəbəkə istifadəçiləri yol qəzalarının artmasından narahatdılar



Son illər Azərbaycanda baş verən ağır yol nəqliyyat hadisələrinin sayı durmadan artmaqdadır. Demək olar ki, hər gün ölkə KİV-də avtomobil qəzası ilə bağlı saysız-hesabsız xəbərlər tirajlanır. Media hadisələrin səbəbləri haqqında ekspertlərin rəylərini öyrənir və cəmiyyətə maarifləndirici məqalələr təqdim edir. Bundan başqa məlum məsələ dəfələrlə Milli Məclisə də daşınıb və bunun ətrafında geniş müzakirələr açılıb.

"Yol hərəkəti haqqında” qanuna ciddi əlavə və dəyişikliklər edilərək həmin qaydaları pozanlara ən sərt cəzaların tətbiqi nəzərdə tutulub. Buna rəğmən, yenə də yollarımızda qəzaların sayı azalmaq bilmir. Elə bu günlərdə Abşeron rayonunun Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanovanın idarə etdiyi "Chevrolet Aveo” və Bakı şəhər sakini Kamran Məmmədovun idarə etdiyi "MAN” markalı yük maşını toqquşub.

Qəza nəticəsində S.Qəhrəmanova hadisə yerində ölüb, onun 24 yaşlı bacısı Leyla isə əvvəlcə Kliniki Tibbi Mərkəzə, daha sonra isə işlədiyi özəl xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Leylanın da həyatını xilas etmək mümkün olmayıb. Əlbəttə, bu hadisə fikirlərimizin şərhsiz isbatı sayıla bilər. Onu da qeyd edək ki, son hadisə bir müddətdir ki, sosial medianın ciddi müzakirə mövzusuna çevrilib. Bu olayın və ya ümumən ölkəmizdə baş verən nəqliyyat hadisələrinin səbəbləri barədə isə müxtəlif yanaşmalar irəli sürülür. Kimi bunu yolların yararsız vəziyyətdə olması ilə, kimi isə sürücülərimizin qeyri-peşəkarlığı ilə izah edir. Bəziləri də hesab edir ki, yollarda qəzalara daha çox qadın sürücülər səbəb olur. Bu yanaşmaları nəzərə alaraq feysbuk sosial şəbəkəsində müxtəlif peşə sahibləri arasında sosial sorğu keçirdik.

Sorğumuza ilk cavab verən analitik Arzu Nağıyev belə hadisələrin başvermə səbəblərini qadın və ya kişi sürücülərin sayında görmür: "Yəni belə bir statistika da yoxdur ki, qadın sürücülər daha çox qəza törədir. Ancaq statistikaya baxanda görünür ki, hər bir qəzada azından yük avtomobilləri var. Düşünürəm ki, yük avtomobilləri iş vaxtından kənar saatlarda öz saxlanc yerlərində olmalıdır. Digər tərəfdən DYP əməkdaşları daim intensiv hərəkət olan ərazilərdə xidmətlərini düzgün təşkil etməlidirlər. Bundan başqa qəza törədən avtomobillərin çoxu texniki cəhətdən nasazdırlar, buna da diqqət yetirilməlidir. Sürücülərin naşılığı da bir fakt kimi qeyd edilməlidir”.

Tanınmış şair, publisist Aysel Əlizadə bildirib ki, göstərilən bütün səbəblər keçərlidi. Ən önəmlisi isə düşüncə faktorudu: "Sürücülük etiketlərini gözləməyən, qaydaları bilməyən, tıxacda arxadan siqnal verən, icazəsiz yolda ötən, sürət həddini fantastik aşan adamlar çox olduğu üçün qəzalar da çoxdu. Bizim sürücülər maşını hara gəldi, necə gəldi, hansı sürətlə gəldi sürürlər. Nəticədə Qəhrəmanova bacılarının faciəsi kimi hadisələr baş verir. Biz hamımız gördüyümüz işin məsuliyyətini anlamalıyıq, qaydalara əməl etmək borcumuzdu. Bu bir sistemdi. İçi mən qarışıq bütün sürücülər qəzanın nə boyda bir faciə olduğunu dərk etsin gərək. Sürücülərin əksəriyyəti qaydaları bilmir, imtahanla almayıb vəsiqəni. DYP saxladanda haqlı-haqsız şüvən salırıq. Başa düşürəm, ölkədə hamı biri-birinə güvənsiz yanaşır. O qədər haqsızlıq görürük, elə qanunsuz davranışların şahidi oluruq ki, yol polisinə də şübhəylə yanaşırıq - gərəksiz və məqsədli saxladığını düşünürük. Qaydaları bilsək, belə olmaz. Maşın sürmək istəyiriksə, zəhmət çəkib bu işin hər detalını öyrənməliyik ki, kimsə bizi aldada bilməsin, təhlükə yaratmayaq, ölüm, itki olmasın. Mənə görə problemin ən doğru və ilkin həlli heç bir halda, heç bir məbləğin, tanışlığın qarşısında imtahandan keçməyən adama sürücülük vəsiqəsi verməməkdi. Gələcək sürücülər ciddi, intizamlı dərslərdən keçib vəsiqə almalıdı”.

Sabiq millət vəkili, tanınmış iqtisadçı Nazim Bəydəmirli isə hesab edir ki, bunun kompleks səbəbləri var: "Yol infrastrukturuna milyardlar yatırılsa da, müasir yol tikilmədi, sürücülük vəsiqələrinin "satılması” halları kütləviləşdi və yük maşınlarının şəhərə daxil olması qaydaları yaransa da, bu qaydalara əməl etmədilər. Guya Sumqayıtın abadlaşdırılması gedir. Gecə vaxtı yüklərin daşınmasını tətbiq etmək əvəzinə icra hakimiyyətlərinin qanunsuz göstərişləri ilə bu işlərə cəlb edilmiş sürücülər hardan gəldi işə götürülür və s. Bir sözlə, problemlərin kökü korrupsiyaya, rüşvətxorluğa və idarəçiliyin normal olmamasına gedib çıxır”.

Aktiv feysbuk istifadəçisi, sıravi vətəndaş Fətəli Mahmudov isə sorğuya bir cümlə ilə cavab verib: "Günah sürücülük vəsiqəsini pulnan satanlardadır”.

Jurnalist Rufiq İsmayılov da deyib ki, sözügedən qəza və iki bacının həlak olması barədə xəbərləri elektron mediadan oxuyub və buna təəssüflənib: "Allah onların hər ikisinə rəhmət, ailələrinə səbr versin. Mən özüm də sürücüyəm. Çox böyük təəssüflə qeyd etmək istərdim ki, əksər hallarda insan tələfatı ilə müşayiət olunan bu cür qəzaların başvermə səbəbi yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasıdır. Konkret bu hadisə üzərindən deyil, ümumi mühakimə aparsaq, şəxsi avtomobil idarə edən bəzi insanlar elə təsəvvür edirlər ki, statusları, tutduğu vəzifə və sair onlara hər cür hərəkət etməsinə imkan verir, qəzadan sığortalayır. Yəni, qadın sürücü qoşa xətti tapdalayır, qarşı yola çıxır, elə düşünür ki, yol polisi onu saxlayanda xanımlığını nəzərə alacaq, güzəştə gedəcək və sair. Yaxud, qohum-əqrəbasından kimsə mühüm vəzifə sahibi olan birisi hesab edir ki, o, yol hərəkəti qaydalarını istədiyi kimi poza bilər və buna görə ona kimsə bir söz deməməlidir. Əvvəla, bütün hallarda bunlar kobud qanun pozuntusudur və kimliyindən, statusundan, vəzifəsindən asılı olmayaraq hər kəs qanuna tabe olmalı, məsuliyyətini dərk etməlidir”.
Həmkarımızın sözlərinə görə, yol hərəkəti qaydalarını bilərəkdən və ya bilməyərəkdən pozan insan bilməlidir ki, hər an qəza törənə, həyatlarına qarşı təhlükə yaranar, hətta onlar bu dünyayla vidalaşa bilərlər: "Atalar əbəs yerə deməyib ki, ölüm qaşla göz arasındadır. Bunlardan başqa, yollarda qəzaların törədilməsinə bir səbəb də bəzi sürücülərin qeyri-peşəkarlığıdır. Avtomat sürət qutusu olan avtomobilləri idarə etmək olduqca asandır deyə, bəziləri sürücülük vərdişlərinə yiyələnmədən, hətta yol hərəkəti qaydalarını öyrənmədən hansısa yollarla həm sürücülük vəsiqəsi alır, həm də imkan daxilində bahalı bir avtomobil alıb qoyur altına, başlayır idarə etməyə. Amma həmin adam nəinki yol hərəkəti qaydalarına riayət etmir, hətta idarə etdiyi avtomobili, onun sürətini və sairi hiss eləmir. Misal üçün, Bakı-Gəncə istiqamətində şəxsi avtomobilimlə hərəkət edərkən dəfələrlə olub ki, bu cür naşı sürücülərin törədə biləcəyi qəzalardan özümü yayındırmışam. Dəfələrlə görmüşəm ki, iki tərəfli yolda, ötmə əməliyyatının qadağan olunduğu yerdə qarşıdan gələn avtomobil ötmə əməliyyatını yerinə yetirməyə çalışıb. Hiss etmişəm ki, onun sürəti ötməni yerinə yetirmək üçün çatdırmayacaq və buna görə ona işarələr vermişəm. Lakin həmin sürücü yenə də ötmə əməliyyatını yerinə yetirib. Naəlac qalıb öz hərəkət zolağımdan sağa - torpaq yola çıxmışam ki, həmin avtomobillə qarşı-qarşıya gəlib toqquşmayım. Bu kimi situasiya ilə çox rastlaşmışam”.

Aşıq İlham Aslanbəyli də məsələyə fərqli yanaşıb: "Birincisi, yadda saxlamaq lazımdır ki, insanı dünyadan aparan əcəldi. Yerdə qalan azar-bezar boş və mənasız bəhanədir. Amma bütün hallarda insanlar, sürücülər ehtiyatlı olmalıdırlar. Bəzən belə arzuolunmaz hadisələr ehtiyatsızlıqdan, laqeydlik və diqqətsizlikdən irəli gəlir. Bir sözlə, ehtiyatlı və diqqətli olmaq lazımdır”.

Şair-publisist Kənan Hacı da deyib ki, iki bacının faciəli ölümü onu da sarsıdıb: "Həqiqətən də çox böyük faciədi. Bu dəhşəti sözlə ifadə etmək mümkün deyil. Bir məsələni deyim, son illər yollarımız sürətlə abadlaşır, köhnə yararsız asfalt örtükləri yeniləri ilə əvəz olunur, geniş, birtərəfli yollar çəkilir. Amma nədənsə, qəzaların sayı azalmır. Bunun səbəbi əksər sürücülərin xamlığı və məsuliyyətsizliyi, yol hərəkəti qaydalarına riayət etməməsi, sürət həddini aşmasıdır. Şəhərdə xam sürücülər çoxdur. Əsasən də xanım sürücülərin xamlığı gözə çarpır. İnsanların həyatıyla oynamaq olmaz. Sükan arxasına keçən hər bir kəs bu haqda düşünməlidir”.

Peşəkar sürücü Aqil İbrahimlinin də cavabı çox maraqlı olub: "Toxunduğunuz maarifləndirici mövzunu dəstəkləyirəm. Bunu bilmək hamımız üçün vacibdir. Günümüzün, ən aktual mövzusudur. Həmin bacılara da Allah rəhmət eləsin. Səbəbə gəlincə, deyim ki, burada dah çox sürücülərin qeyri-peşəkarlığı önə çəkilməlidir. Çünki əksər sürücülərimiz sürücülük vəsiqəsini imtahansız alırlar. Rüşvətini verir, vəsiqəni alır. Bunun qarşısı alınmalıdır. Əks halda, belə qəzaların sayı durmadan artacaq”.

Jurnalist Elşad Məmmədli isə düşünür ki, xanımların avtomobil idarə etməsində müəyyən problemlər olsa da, onların ağır qəzalar törətməsi halları kişilərlə müqayisədə çox az baş verir: "Qadınlar adətən həyəcandan, yaxud naşılıqdan kiçik qəzalar edirlər. Yəni yol ayrıclarında yola düz çıxmırlar, zolaqdan zolağa düz keçmirlər, park edən zaman çətinlik çəkirlər və sair. Bu zaman da kiçik, xəsarətsiz, ölümsüz qəzalar baş verir. Statistikaya nəzər salanda görürük ki, ölümlə nəticələnən qəzaları əsasən, təxminən 95 faiz kişilər törədir. Əsas səbəb də sürət həddinin aşılması, məsuliyyətsizlik, çoxlarında maşının qəza edəndə ölüm olacağına dair siqnalın beyinlərə gec çatmasıdır. İkinci səbəb yolların standartlara uyğun olmamasıdır. Məsələn, konkret olaraq o Novxanı yolunda qəza şəraiti yarananda kənara çəkilməyə yer yoxdur. Yol kənarlarını - ehtiyat zolağı, səkini ötən illər ərzində bələdiyyələr, icra strukturları satıblar. Eyni ilə bir çox darısqal yollarda mövcud durum hökm sürür. Nə qədər ki, insanlarda sürücülük mədəniyyəti inkişaf etməyəcək, maşının qəza edəndə ölüm, xəsarət olacağını ağlı kəsdirməyən adamlar mövcud olacaq, eyni zamanda darısqal yollar olacaq, ona qədər ağır qəzalar baş verməkdə davam edəcək”.

Ayyət Əhməd