Kosovada Türkiyə əraziləri “işğal” olunub

“Türkiyə doğru yoldadır və yəqin ki, bu kimi təxribatların qarşısını vaxtında alacaq”



Kosovanın Prizren şəhərində məktəblərə paylanan xəritələrdə Türkiyənin şərqi anadolu bölgəsi Ermənistan, cənub-şərq hissəsi Kürdistan dövləti olaraq göstərilib. Təxribat türk ictimaiyyətinin böyük etirazına səbəb olub. Kosova Təhsil, Elm və Texnologiya Nazirliyinin nümayəndəsi Ferdi Kovaç isə bildirib ki, məktəblərə göndərilən xəritələr nazirlik tərəfindən hazırlanmayıb:

"Bizim hazırladığımız xəritələrdə Türkiyənin əraziləri mövcud sərhədlər daxilində göstərilib. Məlumat bizə yeni çatdırılıb, müvafiq tədbirlər görüləcək. Ola bilər ki, bəzi ölkələr və qurumlar məktəblərdə çalışan müəllimləri ələ alaraq onların əli ilə bu cür təxribat hazırlaya bilərlər”. Türkiyə KİV-nin araşdırmalarına görə, xeyli müddətdir ki, Kosovanın Prizren şəhərində bir çox məktəblərdə istifadə olunan xəritələrdə Türkiyə ərazisi "işğal” olunub. Xəritələrin Kosovanın digər şəhərlərinə göndərilib-göndərilmədiyi də araşdırılır. Hadisəni şərh edən Natiq Miri "Şərq”ə deyib ki, ABŞ-ın "Böyük Orta Doğu” planında Türkiyənin parçalanması nəzərdə tutulub: "Xarici kəşfiyyat qurumlarının təşkilatçılığı ilə qardaş ölkəni parçalamaq planları hazırlanıb. Xəritə təxribatı da onlardan biridir. Ancaq belə bir layihənin Türkiyə üçün çox həssas bir bölgə sayılan Kosovada olması daha təhlükəli məqamdır və ictimai rəyə təsir etmək məqsədi daşıyır. Əlbəttə, ümumi anlamda məktəblərdə təxribat xarakterli kitabların və xəritələrin tədris olunması yolverilməzdir, cinayətdir. Lakin belə ciddi bir hadisədən ölkənin təhsil nazirinin bixəbər olması Kosova adına tarixi ləkədir. Bütün dərslik və xəritələr nazirliyin təsdiqindən sonra lisenziya alır və orta məktəblərə paylanılır. Məncə, bu məsələdə üst ağıllar var. Məhz bilavasitə onların istəkləri ilə Türkiyəni "bölürlər”. Ekspertin sözlərinə görə, Türkiyə hökuməti bu məsələdə çox həssas olmalıdır: "Fikrimcə, qardaş ölkənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar məhz bu cür məkirli layihələrin ortaya çıxmasına səbəb olur. Çünki güclənən Türkiyəni zəiflətməyin yeganə yolu ölkəni bölməkdir. Ancaq Türkiyə doğru yoldadır və yəqin ki, bu kimi təxribatların qarşısını vaxtında alacaq”.

İsmayıl