Hacı Atif İsmayılov: “Səudiyyə Ərəbistanının ötənilki faciədən dərs çıxarmaması, bir sıra müsəlman ölkələrinin bu il Həcc ziyarətindən imtinası ilə nəticələndi”
Nigeriyada Kəbənin maketinin hazırlanmasının ardından Yəməndə də şeytan daşlamaq üçün "cəmarat”lar hazırlandı. Nigeriya hökuməti əhaliyə müraciət edərək Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedib milyonları ərəb şeyxlərinin cibinə axıtmaqdansa, öz ölkələrində qalıb rəmzi "Allah evi”ni ziyarət etməyi məsələhət bilib.
Yəməndə də oxşar hal yaşanıb. Yəmənlilər də Həcc ziyarətindən imtina edərək rəmzi sütunlar inşa edərək şeytan daşlama ayinini ölkələrində icra ediblər. İranın Həcc ziyarətindən imtinası isə əvvəlcədən bəlli idi və iranlılar bu il Həcc mövsümündə iştirak etmədilər.
Müsəlman ölkələrinin Həcc ziyarətindən imtinasının sonu nəylə bitə bilər? Hər ölkə bir "Kəbə” inşa edəcəksə, dünya müsəlmanlarının ildə bir dəfə toplaşdığı, cəm olduğu Məkkə - Məscidül-Həram bəs necə olsun?
Məsələyə münasibət bildirən ilahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə açıqlamasında bəzi müsəlman dövlətlərinin Həcc ziyarətindən imtinasının əsassız olmadığını dedi. Onu da xatırladaq ki, H.Atif İsmayılov dünən gecə Həcc ziyarətindən Vətənə dönüb (Allah bütün hacıların ziyarətini qəbul etsin):
- Nigeriyada Kəbənin maketinin hazırlanması və əhalinin bu tikilini ziyarət etməyə çağırılması heç bir dini mahiyyət daşımır. Bu, sadəcə, Səudiyyə Ərəbistanına etirazın bir formasıdır. Bilirsiz ki, ötənilki Həcc mövsümündə Minada xeyli sayda zəvvar həlak oldu. Onların əksəriyyəti iranlı zəvvarlar idi. Həlak olanlar arasında nigeriyalı zəvvarlar da çox olub. Lakin Səudiyyə Ərəbistanının ötənilki faciədən dərs çıxarmaması, həlak olanlarla qeyri-insani rəftar bir sıra müsəlman ölkələrinin bu il Həcc ziyarətindən imtinası ilə nəticələndi. Yəməndə də bir milyondan çox insan SƏ siyasətinə etiraz əlaməti olaraq aksiya keçiriblər və rəmzi şeytandaşlama sütunları inşa edərək bu ayini icra ediblər. Bu mənada müsəlman ölkələrinin etirazı anlaşılandı.
H.A.İsmayılov qeyd etdi ki, ötənilki faciədən sonra SƏ hökumətinin Həcc mövsümündə bir sıra lazımi tədbirlər görəcəyini gözləmək olardı. Lakin gözlənilənlərin əksi baş verib:
- Bu il zəvvar sayı ötənilkindən xeyli az idi. Buna baxmayaraq yeni sıxlıq yaşanırdı, problemlər vardı. Zəvvarlar rahat bir şəkildə ayinləri icra edə bilmirdilər. Əgər zəvvar sayı ötənilki kimi olsaydı, Allah saxlasın, bəlkə yenə də tələfat yaşanacaqdı. Təsəvvür edin ki, cəmaratlarda liftlər var, zəvvarlar 6 mərtəbəni o liftlərlə enib-qalxır. Hətta o liftlər də təhlükəsiz deyildilər. Sadəcə, zəvvar sayı az idi deyə liftlərdə bir faciə yaşanmadı.
H.A.İsmayılov bəzi müsəlman dövlətlərinin SƏ-yə etirazlarının məhz bu ölkənin onlara qarşı qeyri-dost münasibətindən qaynaqlandığını bildirdi:
- Bir müsəlman ölkəsində, özü də islamın beşiyi sayılan Məkkədə cümə namazında müfti məzhəbçilik aparır, xütbə ilə çıxış edib şiələrin ölümünə fətva verirsə və deyirsə ki, şiələrin qanı halaldır, o ölkədən daha nə gözləmək olar?
Belə vəziyyətdə, əlbəttə, digər müsəlman ölkələri "Kəbə evi”nin maketini də yaradar, ziyarətdən də imtina edər. Səudiyyə Ərəbistanı siyasətində lazımi korrektələr etməlidir. Əks halda, bu tərzi ilə müsəlman aləmindəki mövcud təfriqələr bir az da dərinləşəcək.
Məlahət Rzayeva