Savadsız jurnalist ordusu çoxalır
Hələ ki onlayn mediada qeyri-peşəkarlığın qarşısını almaq mümkün deyil
(Əvvəli ötən sayımızda)
Azərbaycan mediasında hər keçən gün media etikasını pozan yazıların, reportajların sayı artır. Sifarişli yazılar, kiminsə haqqında ictimai rəyi mənfiyə doğru dəyişdirmək üçün əsaslandırılmamış, qurama sübutlarla hazırlanan reportajlar, bir şəxsin o biri şəxsə qarşı aşağılamalarla dolu yazıları artıq mediada adi haldır. Adətən belə yazılar qısa müddət fəaliyyət göstərən reket saytlar və qəzetlərdə yayılsa da, bəzən belə halları ciddi və böyük media orqanlarında da görürük. Halbuki, jurnalistin peşə vəzifəsinə həm də cəmiyyəti lazımi informasiya ilə təmin etmək, əhali arasında maarifçilik işi aparmaq, mədəni dəyərləri daha geniş yaymaq kimi prestijli funksiyalar daxildir.
Jurnalistika üçün ümumi olan elementar prinsiplərə riayət etmək isə hər bir mətbuat işçisinin sadəcə peşə borcudur. Demokratik cəmiyyət düzənində mətbuat və söz azadlığı KİV nümayəndələrinə əlavə hüquq və səlahiyyətlər verdiyi kimi, onun üzərinə həm də əlavə məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edən jurnalist həm peşə etikasına riayət etmiş olacaq, həm də peşə ləyaqətini yüksək tutmuş olacaq. Amma tez-tez şahidi oluruq ki, sensasiya və reytinq arxasınca qaçan və söz azadlığından şəxsi maraqları üçün istifadə edən bir qrup insanlar jurnalistika prinsiplərinə tamamilə zidd olaraq obyektivlikdən və etikadan uzaq mülahizələrin, yalan, böhtan və dezinformasiyaların mətbuata çıxmasına şərait yaradır, hətta özləri yol göstərirlər. Qeyd edək ki, çap mediasındakı problemlərə qarşı mübarizə aparmağın daha asan və effektiv olduğunu vurğulayan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu günlərdə qeyri-peşəkar jurnalistlərlə bağlı maraqlı açıqlama ilə çıxış edib. Millət vəkili, savadsız, qeyri-peşəkar şəxslərin onlayn mediada özlərinə yer tapdığını, elektron mediada məlum problemin ciddi şəkildə hiss edildiyini bildirib: "Hazırda onlayn media sahəsindəki vəziyyət deməzdim ki, ürəkaçandır. Əksinə, bizi ciddi düşündürən bir sıra mənfi meyillər hələ də aktuallığını saxlamaqdadır”. İşini zamanın tələblərinə uyğun şəkildə quran onlayn media vasitələrinin də az olmadığını vurğulayan Ə.Amaşovun sözlərinə görə, məhz onların fəaliyyəti nəticəsində elektron medianın Azərbaycan cəmiyyətində qəbul olunduğunu söyləmək mümkündür: "Peşəkar yanaşma tərzi ilə seçilən internet media resursları ictimai rəyi doğru yönləndirmək missiyasını üzərlərinə götürməyi bacarıblar. İnsanlarda onlara inam yaranıb. Bu inam vaxtilə ənənəvi mediaya olan inam səviyyəsinə çatmasa da, nikbin düşünmək üçün əsaslar var. Ancaq bilirsiniz ki, ənənəvi mediadan onlayn mediaya keçid prosesi ümumən itkisiz ötüşmür. Vaxtilə Mətbuat Şurası ayrı-ayrı qəzetlərin qeyri-etik fəaliyyətinə qarşı mübarizə aparırdı. Mübarizə özünü doğruldurdu da. Bu sahədə nöqsanlar azalırdı. Ancaq informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində fərqli vəziyyət yarandı. Yeni vəziyyətdə söz və ifadə azadlığının sərhədləri nə qədər genişləndisə, ondan sui-istifadə etmək niyyətinə düşənlərin də plasdarmı bir o qədər genişləndi. Bəzən əldə etdiyimiz pozitiv meyillərin sıradan çıxdığına şahid olduq. Bu səbəbdən hazırkı vəziyyəti ürəkaçan saymaq çətindir. Əlbəttə, qeyri-peşəkarlığı səbəb kimi görmək mümkündür. Ancaq qeyri-peşəkarlıq ümumi səciyyə daşıyır. Bu cəhət özündə bir sıra mənfi meyilləri birləşdirir. Hansısa onlayn media vasitəsi bilərəkdən qərəz yağdırırsa, bunun özü də qeyri-peşəkar yanaşma tərzinin göstəricisidir”. Maraqlıdır, doğrudanmı savadsız və qeyri-peşəkar jurnalistlər yalnız onlayn mediada mövcuddur? Ümumiyyətlə, çap və ənənəvi media arasında belə bir bölgü aparmaq nə dərəcədə doğrudur?
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika Kafedrasının dosenti Vüqar Zifəroğlu da savadsız, dünyagörüşü olmayan insanların jurnalistikaya gəlmələrinin əslində çox ciddi problem olduğunu deyib. Amma o, bu problemin yalnız müasir dövr üçün aktual olmadığını deyib:
"Belələri həmişə olub və əslində jurnalistikadan bir silah olaraq öz şəxsi ambisiyaları və mənafeləri üçün istifadə edənlərin əksəriyyəti də belələridir. Amma bir məqam da var ki, bu gün sosial medianın ən yüksək şəkildə həyatımıza daxil olduğu və son dərəcə dəbdə olduğu bir zamanda orada mövcud olan problemlər özlərini daha qabarıq şəkildə göstərə bilir, məsələn, nəinki nəşriyyatda bir otaq kirayələyib yalnız özünə məlum işlərlə məşğul olan, ayda-ildə bir dəfə kimisə şantaj etmək məqsədi ilə çap olunan bir "qəzetçik”. Onlayn mediada problemlər yalnız orada özünə yer tapmağa cəhd göstərənlərin qeyri-peşəkarlığında göstərmir, həm də idarəçilikdə ciddi boşluqlar var. Bu boşluqlar isə istər-istəməz həm də savadsız, qeyri-peşəkar şəxslərin mediaya istiqamətlənməsinə təkan verir. Təsəvvür edin ki, informasiya portalının başında duran şəxsin jurnalist savadı yoxdur, adam medianın mahiyyətindən xəbərsizdir, amma sayt "idarə edir”. Onun idarəçiliyi altında olan bu media orqanında sizcə, kimlər çalışacaq?”.
"Gündəlik Teleqraf” media şəbəkəsinin baş direktoru Aynur Camalqızı isə jurnalistikada qeyri-peşəkarlıq probleminin birmənalı olaraq orta məktəblərdən və təhsil sahəsindəki çatışmazlıqlardan qaynaqlandığını deyib:
"Orta məktəbdə ədəbiyyat, Azərbaycan dili kimi fənn müəllimləri şagirdlərə paralel olaraq bədii ədəbiyyat oxumağı aşılamır, onlarda mütaliə vərdişi yaratmırlar. Bu isə son nəticədə uşaqların dünyagörüşünün məhdud olmasına gətirib çıxarır. Eyni zamanda, onların söz ehtiyatı az olur və dil zənginliyi olmur. Gənclərin əksəriyyəti ancaq məişət səviyyəsindəki sözləri mənimsəyirlər və söz bazaları 2000-2500-dən o tərəfə keçmir. Bu isə jurnalistikada çalışan biri üçün yetərli deyil. Müsahibə götürən, reportaj yazan jurnalist kifayət qədər söz ehtiyatına sahib olmalıdır. Çünki yazı yazmaq bir intellekt məsələsidir. Təhsili aşağı səviyyədə olan, dünyagörüşü məhdud olan bir insan heç vaxt yaxşı yaza, fikrini ifadə edə bilməz”.
Jurnalistika fakültələrinin də peşəkar jurnalist hazırlamaq potensialına sahib olmadığını vurğulayan xanım baş redaktorun sözlərinə görə, ali və orta təhsili zəif olan bir insan da heç vaxt peşəkar jurnalist olaraq özünü doğrulda bilmir. Nəticədə isə işin əsas ağırlığı təcrübə prosesində redaksiyaların üzərinə düşür.
Əflatun müəllimin internet media ilə bağlı iradları ilə razılaşdığını vurğulayan A.Camalqızı da hesab edir ki, internet mediaya baxanda print mediada peşəkarlıq göstəricisi yüksəkdir: "Doğrudur, mətbuatda da qeyri- peşəkar, savadsız jurnalistlərə rast gəlmək olur. Bu da təbiidir. Yuxarıda da qeyd etdiyim kimi, əsas problem orta və ali təhsil sahəsindəki problemlərdən qaynaqlanır. Və qəzetlərə müraciət edən gənclər də internet mediada işləyən gənclər kimi eyni təhsil proqramını mənimsəyib. Bir qrupda oxuyan tələbənin biri qəzeti, biri də onlayn mediada çalışmağı seçirsə, təbii ki, bunların savadında elə bir fərq olmur. Yaxud da bir sinifdə oxuyan uşaqlardan ancaq 1-2-si mütaliəli olur, qalanı ancaq məktəb proqramını mənimsəyir. Amma ənənəvi mediada jurnalistikanın prinsipləri tam formalaşdığı üçün bir müddətdən sonra ən zəif tələbəyə belə normal yazı yazmağı öyrətmək olur. Sonradan isə artıq o, öz üzərində işləyib, mütaliə etməklə özünü peşəkar jurnalist kimi formalaşdırır. Amma onlayn mediada bu imkanlar məhduddur. Orada sırf operativlik əsas götürüldüyü üçün peşəkarlıq arxa plana keçir. Onlayn mediada çalışan redaktorların qeyri-peşəkar jurnalistlərin üzərində işləmək və onlara jurnalistikanın qaydalarını aşılamaq imkanı olmur. Bəzən vaxt məhdudiyyəti səbəbindən onlayn mediada çalışan ən peşəkar jurnalistin belə müəyyən səhvləri olur. Belə olan halda intellekti aşağı olan jurnalistlərdən biz nə gözləyirik ki?!”.
Aynur xanımın sözlərinə görə, onlayn mediada qeyri- peşəkarlığın qarşısını almaq üçün jurnalistika fakültələri özlərinin fəaliyyət proseslərində müəyyən dəyişikliklər etməlidirlər: "Necə ki, Tibb Universitetində yuxarı kurs tələbələrinə dərslər auditoriyalardan daha çox xəstəxanalarda, klinikalarda keçilir, o cümlədən də Jurnalistika fakültəsinin tələbələri auditoriyalardan çıxarılmalı və mühazirələri də, xəbər yazmağı da redaksiyalarda mənimsəməlidilər”.
"Xalq cəbhəsi” qəzetinin və "Baymedia” internet portalının baş redaktoru Elçin Mirzəbəyli də Əflatun Amaşovun fikirləri ilə həmrəy olduğunu deyib. Onun sözlərinə görə, Əflatun müəllimin dedikləri real mənzərəni əks etdirir: "Çap mediasında jurnalistikanın müvafiq ənənələri hələ də qorunub saxlanır. Redaktor, korrektor institutları hələ də fəaliyyətdədir. Amma internet mediada jurnalistika ənənələri elə bir xüsusi əhəmiyyət kəsb etmir. Xəbərlər redaktə olunmayan, korrekturadan keçmədən sayta yerləşdirilir və yol verilən səhvlərə görə hər hansı bir məsuliyyətdən də söhbət getmir. Diqqət edirsiniz, çap mediasının bazası üzərində yaradılan internet saytları, daha dəqiq desək, qəzetlərin onlayn versiyalarında jurnalistikanın etik davranış və peşəkarlıq qaydalarına tam riayət olunur. Amma yeni mediada çalışan jurnalistlərə elə gəlir ki, əsas olan baş verən hadisəni oxuculara çatdırmaqdır. Halbuki, xəbəri 3 dəqiqə gec verməklə heç nə dəyişmir. Əsas olan informasiyanı oxucuya onun qəbul edəcəyi səviyyədə çatdırmaqdır”.
Onlayn mediada qeyri-peşəkarlığın qarşısının alınması mexanizmlərinin olmadığını vurğulayan baş redaktorun sözlərinə görə, yeganə çıxış yolu çap media ənənələri üzərində inkişaf edən onlayn media resurslarına dəstək verilsin. Bu zaman savadsız və qeyri-peşəkar kollektivin formalaşdırdığı saytlar da yavaş-yavaş sıralarımızı tərk etmək məcburiyyətində qalacaqlar.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb