Bakıda əhalini narahat edən qoxu yox olacaq

Vüqar Tofiqli deyib ki, layihə həm də sözügedən ərazinin ekoloji vəziyyətini yaxşılaşdıracaq



"Heydər Əliyev adına neft emalı zavodu gələcəkdə dünya səviyyəli bir zavoda çevriləcək”. Prezident İlham Əliyev Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlinin qoyulması mərasimində çıxışında deyib.

Əvvəlcə bitum qurğusunun təməlinin qoyulması münasibətilə neftçiləri təbrik edən dövlət başçısı deyib ki, Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsinə artıq start verilir: "Gələcəkdə görüləcək işlər, əlbəttə, ona gətirib çıxaracaq ki, bu zavod dünya səviyyəli bir zavoda çevriləcək. Bu zavodun böyük tarixi var. Ancaq həyat yerində durmur, yeni texnologiyalar tətbiq olunmalıdır və bu neftayırma zavodu dünyanın ən yüksək standartlarına cavab verməlidir. Bu zavodun yenidən qurulması təqribən 2-3 il çəkəcək. Ondan sonra ən yüksək səviyyəli yanacaq istehsal olunacaq - dizel yanacağı, benzin, aerokerosin. Burada ən yüksək ekoloji standartlar təmin ediləcək, neftayıranların iş şəraiti yaxşılaşacaq. Ölkəmizin inkişafı üçün bu zavodun xüsusi əhəmiyyəti var”. Zavodu Azərbaycanın inkişafı, təhlükəsizliyi üçün çox böyük məna daşıyan bir müəssisə kimi qiymətləndirən dövlət başçısı bildirib ki, bu zavodun yenidən qurulması ölkəmizin inkişafına veriləcək çox böyük töhfə olacaq: "Eyni zamanda, Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün də bunun çox böyük əhəmiyyəti var. Bu ərazidə külək əsəndə bəzi hallarda hiss olunan iylər aradan qalxacaq, dəniz kənarında yerləşən neftayırma zavodu köçürüləcək, onun yerində gözəl ictimai yerlər salınacaq. Necə ki, indi yeni bulvar və "Ağ şəhər” bulvarı yaradılıb. İndi "Ağ şəhər” bulvarı gəlib neft emalı zavoduna çatıb. Bu yenidənqurmadan sonra o zavod oradan köçürüləcək və beləliklə, Bakı sakinləri üçün əlavə bir neçə kilometr gözəl ictimai istirahət zonası da yaradılacaq”.

Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsinin təqdirəlayiq olduğunu vurğulayan "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqlinin sözlərinə görə, əhalini narahat edən qoxuların aradan qaldırılmasına doğrudan da ehtiyac vardı. Bu layihə həm sözügedən ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və böyüməkdə olan gənc nəslin sağlamlığına müsbət təsir edəcək: "Bu cür layihələr bir çox inkişaf etmiş ölkələrdə də həyata keçirilir. Azərbaycanda da belə bir layihənin olması məqsədəuyğundur. Amma sözsüz ki, bu proses bir-iki günün işi deyil. Yəqin ki, bu layihələr uzunmüddətli olacaq və sistemli şəkildə həyata keçiriləcək. Vaxtı ilə "Qara şəhər” kimi tanıdığımız ərazi bu gün "Ağ şəhər”ə çevrilib və möhtəşəm mənzil kompleksi tikilib, şəhər salınır. Güman edirəm ki, Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsinin müsbət nəticəsini biz 4-5 ildən sonra görəcəyik”.

Şəymən