“Fənlərin sayının azalması şagirdlərin dərs yükünün yüngülləşməsinə gətirib çıxaracaq”
Ölkəmizdə aparılan təhsil islahatının tərkib hissəsi olan təmayülləşmə sahəsində son illər böyük işlər görülməkdədir. Təsadüfi deyil ki, gələcəkdə müxtəlif sahələr üzrə peşəkar kadrların hazırlanmasında orta təhsilin müəyyən mərhələdən etibarən təmayülləşməsi həlledici amillərdən biri hesab olunur. Pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.
Bir neçə il öncə Bakı şəhərindəki 5 məktəbdə tam orta təhsil səviyyəsində tətbiq olunan təmayülləşmə üzrə pilot layihələrin nəticələrinin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin təlimə marağını xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib. Bunun fonunda da Azərbaycanda tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsi genişləndirilib.
Bəs təhsil ekspertləri necə düşünür? Təmayül siniflərindəki tədris geniş yayılan repetitorluğun qarşısını alacaqmı?
Təmayülləşmənin genişlənməsini labüd hesab edən ekspertlərə görə, orta məktəblərdə təmayülləşmə həyata keçirilmədiyi üçün onlar seçdikləri ixtisas qrupu üzrə daxil olan fənlərdən daha yaxşı hazırlaşmaqdan ötrü məktəbdən yayınırlar.
Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrətin sözlərinə görə, tədrisin təmayüllər üzrə təşkil olunması Təhsil Nazirliyi tərəfindən zamanında atılan addımdır: "Nazirin dünya ölkələrinin təhsil sistemlərində mövcud vəziyyətdən məlumatlı olmasından irəli gələn bu addım təqdirəlayiqdir. Ümid edirəm ki, bu proses bütün respublika üzrə reallaşdırılar”.
Təmayülləşmənin bir sıra müsbət yönümlü tərəflərinin olduğunu vurğulayan Almaz xanımın sözlərinə görə, ilk olaraq orta məktəblərdə fənlərin sayının azalması şagirdlərin dərs yükünün yüngülləşməsinə gətirib çıxaracaq: "Təmayül siniflərdə təhsil alan şagirdlərdə istədikləri ixtisasa yiyələnmək üçün daxili motivasiyanın artmasına səbəb olacaq. Şagirdlərdə ixtisasına uyğun seçdiyi fənnə xüsusi marağı və meyli artacaq. Əlavə müəllim hazırlığına getməkdən uzaqlaşacaqlar. Bu da valideynlərin repetitorluğa ayıracağı vəsaitin ailədə qalmasına səbəb olacaq”.
Əməkdar müəllim hesab edir ki, təmayülləşən siniflərdə dərs alacaq şagirdlər uyğun fənləri daha dərindən öyrənəcəklər ki, bu da həmin fənni daha da dərindən bilməsinə gətirib çıxaracaq. Həmçinin də təmayülləşən sinifləri bitirmiş şagirdlər ali təhsilə tam hazırlıqlı olacaqlar: "Belə siniflərdə təhsil alan şagirdlər ixtisas seçimində heç bir çətinlik çəkmədən daxili istəyinə, uyğun bilik və bacarığına görə seçim edəcəklər. Bütün bunların fonunda təmayülləşmə prosesinin Azərbaycan təhsil sistemində uğurlu sonluqla yekunlaşacağına inanıram”.
Təhsil eksperti Məlahət Mürşüdlü isə deyib ki, bir çox ölkələrdə 12 illik təhsil sistemi tətbiq olunduğundan, yuxarı, 10-11-12-ci siniflərdə tədris təmayüllər üzrə aparılır: "Bu siniflər universitetə hazırlıq mərhələsi kimi gedir. Universitetə hazırlıq üçün nəzərdə tutulan siniflər kimi rəsmi adlandırılmasa da, mahiyyəti budur. Bizim ölkədə də təmayülləşmə üzrə tədrisə keçid çox doğru addımdır. Bir qədər gecikmiş olsa da, təmayülləşmə üzrə tədrisə keçid vacibdir. Əsas fənlər icbari təhsil müddətində keçirilməli, 10-11-ci siniflər isə universitetə hazırlıq sinifləri kimi təşkil olunmalıdır”.
Təhsil ekspertinin sözlərinə görə, siniflərdə təmayülləşmənin özü, tədris saatlarının azaldılması, siniflərdə şagirdlərin sayının azaldılması təhsilin inkişafına müsbət təsir göstərəcək: "Təmayülləşmənin tətbiqi nəticəsində şagirdlərin meyl və maraqları üstün tutulur. Gələn il mütləq bu kompleks islahatların müsbət nəticələrini görəcəyik”.
M.Mürşüdlü hesab edir ki, təmayülləşmə zamanı tədris planları, proqram və dərsliklər uyğunlaşdırılmalı, şagirdlərin və bu siniflərdə dərs deyəcək müəllimlərin seçiminə diqqət verilməlidir. Həmçinin təmayülləşmə üzrə tədris sisteminə hazırlıq mərhələsində təmayüllü siniflərə şagirdlərin necə seçiləcəyi də müəyyənləşdirilməlidir. Ekspertin dediyinə görə, bütün bu məsələlər kompleks halında həllini tapsa, 2-3 ilə təhsilin inkişafında müsbət cəhətlər özünü tam göstərəcək.
Şəymən