Sahibsiz itləri “övladlığa götürdü”

Özbakan 13 iti ilə birlikdə turistlərin diqqətini cəlb edib
Muğlanın Bodrum rayonunda yaşayan 56 yaşlı keçmiş göyərtə rəisi Şenol Özbakan küçəyə atılan "qolden retriever” cinsindən olan itlərə sahib çıxıb. Onun sosial şəbəkələrdə yaratdığı "Qolden Dəstəsi” qrupunun isə minlərlə izləyicisi var.
Bodrumun sənaye şəhərciyində park etdiyi köhnə model mikroavtobusunun içində 13 iti ilə birlikdə yaşayan Özbakanın həyatı təbii olaraq insanların diqqətini çəkir. Küçədə tapdığı itləri "övladlığa götürən” Özbakan heyvanların hər birinin baxımı ilə ayrı-ayrılıqda məşğul olur. Bodrum sahilinə gələrək dənizə girən və kəmərlərlə bir-birinə bağladığı 13 iti ilə küçələrdə gəzən Özbakan yerli və xarici turistlərin ciddi marağına səbəb olur. Turistlər itlərin şəklini çəkmək üçün az qala bir-biri ilə yarışırlar. Ş.Özbakan isə mediaya açıqlamasında "övladlığa götürdüyü” itləri müxtəlif vaxtlarda küçəyə atılmış halda tapdığını deyib. Qolden retriever cinsi itlərin sayının ötən il 5 olduğunu və bir il içərisində 13-ə çatdığını vurğulayan Özbakan qızının
köməyi ilə sosial mediada "Qolden Dəstəsi” adında bir qrup yaratdıqlarını və bu səhifəyə heyvansevərlərin böyük maraq göstərdiyini deyib. Muncuqdan düzəltdiyi bəzək əşyalarının da satışını bu qrupdan həyata keçirdiyini vurğulayan Özbakan hazırda səhifələrinin 13 minə yaxın izləyicisi olduğunu deyib. Onun sözlərinə görə, Kanada, İngiltərə, ABŞ, Fransa və Səudiyyə Ərəbistanı kimi ölkələrdən də itləri görməyə gələn insanlar olur. Hər gün itləri ilə dənizə girdiyini deyən Özbakan heyvanlarla yaşamağın onu çox xoşbəxt etdiyini qeyd edib.