Aqil Ələsgər: “Dövlət qurumlarından özəl sektora, müxalifətə qədər sızan bir şəbəkənin birdən-birə təmizlənməsi çətin prosesdir”
"Azərbaycanın dövlət başçısı İlham Əliyev FETÖ-yə qarşı lazımi tədbirləri görür”. Bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman deyib. Parlament rəhbəri bildirib ki, Azərbaycan Türkiyənin doğrudan da "bir millət, iki dövlət” şüarı ilə birlikdə olduğu yeganə qardaş ölkədir: "FETÖ "sülh, mülayim islam” maskalarının arxasında böyük dövlətlərə xidmət edən zavallı bir qrupdur.
Həmin şəbəkə bir çox ölkələrdə kök salıb, yayılıb. İlham Əliyev böyük dövlət xadimidir və öz ölkəsində Fətullah Gülən şəbəkəsinin üzvlərini zərərsizləşdirmək üçün lazımi tədbirləri vaxtında görür. Bir çox platformada Azərbaycanla bir yerdəyik. Təkcə FETÖ məsələsində deyil, digər bütün mövzularda biri-birimizi kürək-kürəyə, çiyin-çiyinə dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik”. Xatırladaq ki, 2015-ci ilin sonlarından etibarən Azərbaycanda Fətullah Gülən təşkilatına qarşı mübarizəyə start verilib. Bu ilin iyul ayının 15-də Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra şəbəkə üzvlərinə qarşı mübarizə bir qədər də kəskinləşib. Uzun müddətdir FETÖ-nün Azərbaycan qolu ilə mübarizə aparan, hətta şəbəkə ilə bağlı iki kitab yazan "Yen çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər "Şərq”ə açıqlamasında deyib ki, 25 il kök atmış şəbəkənin bir neçə ay içərisində tamamilə sökülüb atılması imkansızdır: "Dövlət qurumlarından özəl sektora, müxalifətə qədər sızan bir şəbəkənin birdən-birə təmizlənməsi çətin prosesdir.
Ancaq bizi sevindirən Azərbaycan Prezidentinin bu məsələdə qətiyyət nümayiş etdirməsidir. Təəssüf ki, eyni qətiyyəti bir çox məmurlarımızdan görə bilmirik. Bilirsiniz, əvvəlki illərdən fərqli olaraq, indi hər kəs FETÖ-nün Azərbaycandakı varlığını və təhlükəsini qəbul edir. Fəqət kimsə öz ətrafında onlardan kimsə olacağı reallığını qəbil etmir. Məncə, hər kəs mübarizəyə öz çevrəsini araşdırmaqla başlasa, çox yaxşı olar. FETÖ üzvləri yüksək itaət prinsipi üzrə yetişdirilirlər. Ona görə də rəhbər şəxslər ən yaxın çevrələrini, məsələn, köməkçilərini, ictimaiyyətlə əlaqələr departamentlərinin rəhbərlərini, katibələrini araşdırsalar, nə demək istədiyimi daha yaxşı anlayacaqlar”. Jurnalist bildirib ki, FETÖ ilə mübarizə Türkiyədə olduğu kimi Azərbaycanda da dövlət siyasətidir: "Hələ 2007-ci ildə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Xaricdən Azərbaycana müxtəlif dini meyillərin gəlməsi tendensiyaları artsa, ölkədə böyük problemlər yaranacaq. Belə hallara qarşı bütün xalq etiraz etməlidir” deyərək, bu yöndə prinsipial istiqaməti göstərib. Biz də bu yöndə on ilə yaxındır ki, araşdırma aparırıq. Əgər dövlət rəsmiləri şəbəkəyə qarşı görülən ciddi profilaktik tədbirləri yumşaldarsa, gələcək nəsillər ciddi problemlərlə üzləşəcək. Hesab edirəm ki, şəxsi əlaqələr, dostyana münasibətlər dövlətin taleyindən önəmli olmamalıdır. Heç kim düşünməsin ki, bu şəbəkə sakit dayanacaq. Xeyr, artıq əks reaksiyalar, xüsusilə ABŞ-dan səslər eşidilməkdədir. "Vaşinqton Post” qəzeti və senatorlar Azərbaycana təzyiq göstərməyə cəhd edirlər. Çünki onların könüllü agentura şəbəkəsinə qarşı Azərbaycanda ciddi təhdid var. Təbii ki, Azərbaycan bu şantajların qarşısında geri çəkilməyəcək və Türkiyə ilə strateji müttəfiq olduğunu FETÖ ilə mübarizədə də ortaya qoyacaq”.
İsmayıl