Asim Mollazadə: “Problemlərimizi beynəlxalq ictimaiyyətlə bölüşmək üçün tribunalardan məharətlə istifadə etmişik”Elman Məmmədov: “Bütün bunlar diplomatiyamızın uğurlu nəticəsidir”
Azərbaycanın hər gün artan gücü ölkəmizin dünya ölkələri sırasında nüfuzunun daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurların siyahısı da genişlənməkdə davam edir. Xüsusən, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əldə etdiyimiz uğurları təqdirəlayiq hesab etmək olar.
Bu günlərdə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində daha bir uğura imza atıb. Qoşulmama Hərəkatına üzv ölkələrin XVII Sammitində qəbul olunan yekun sənəd Ermənistanın ifşa olunması istiqamətində çox böyük addımdır. Sözügedən layihədə Azərbaycanın maraqlarını təmin edəcək mühüm məqamlar öz əksini tapıb. Bildirilib ki, münaqişənin hələ də həll olunmaması və beynəlxalq sülhü təhdid altında qoyması qəbulolunmazdır. İştirakçılar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq ediblər və tərəfləri beynəlxalq səviyyədə tanınmış sərhədlər əsasında həll etməyə çağırıblar. Bu isə o deməkdir ki, Qoşulmama Hərəkatına daxil olan 120 dövlət birmənalı şəkildə təsdiq edir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü və BMT-nin qətnamələri əsasında həll edilməlidir. Yəni, həmin dövlətlər Azərbaycanın ərazi bütövlüyünü, eləcə də beynəlxalq səviyyədə təsdiq olunmuş sərhədlərini tanıyır. Azərbaycanın artan imici və əldə edilən uğurlarla bağlı "Şərq”ə danışan millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ölkəmizin müstəqil siyasət yeritdiyini və birbaşa hansısa dövlətdən asılı olan heç bir təşkilatın üzvü olmadığını deyib: "Azərbaycan dövləti heç bir hərbi qurumlara, o cümlədən Rusiyanın yaratdığı ittifaqlara qoşulmayıb. Ölkəmiz Qoşulmama Hərəkatına üzv olmaqla öz neytrallığını, sülhsevərliyini ortaya qoymaqla yanaşı, eyni zamanda Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bir platforma əldə edib. Hesab edirəm ki, problemlərimizi beynəlxalq ictimaiyyətlə bölüşmək üçün tribunalardan məharətlə istifadə etmişik. Azərbaycanın Qoşulmama Hərəkatının sədrliyinə gətirilməsi və 2019-cu ildə Bakıda Zirvə toplantısı keçirmək barədə qərar verilməsi də göstərir ki, Azərbaycan hər bir fürsəti öz xeyrinə dəyərləndirə bilib. Əslində biz beynəlxalq hüquq normalarına arxalanaraq haqqımızı tələb edirik. Ədalətin yanında olan dünya ölkələri də işğalçı Ermənistana yox, Azərbaycana dəstək verirlər. Yerdə qalan digər ölkələri də sülhə və ədalətə səs verməyə çağırırıq”. Millət vəkili Elman Məmmədov da bildirib ki, əldə olunan uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin nəticəsidir: "Uzun illərdir, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti, onun işğalçı dövlət olması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul və təsdiq olunmuş xeyli hüquqi sənədlər əldə edib. Əlbəttə, bütün bunlar diplomatiyamızın uğurlu nəticəsidir. Azərbaycan hökuməti uzaqgörən siyasəti və beynəlxalq nüfuzu sayəsində Ermənistanın işğalçılıq siyasətinə qarşı BMT-ni, ATƏT-i, Avropa Şurasını, eləcə də müxtəlif beynəlxalq təşkilatları ayağa qaldıra bilib. Bunların hamısı bizim xeyrimizədir. Ancaq bunlara rəğmən Ermənistan təslim olmazsa, biz öz səlahiyyətlərimizdən, hüququmuzdan istifadə edərək hərbi güc tətbiq etməklə torpaqlarımızı işğaldan azad edəcəyik. Artıq o zaman məsuliyyət işğalçı tərəfin üzərində qalacaq”.
İsmayıl