“20 ildir xəbərlərə baxırıq, adam xəcalət çəkir”

Yaqub Məmmədov: “Əslində biz hücuma keçməli, atəşkəsi biz pozmalıyıq, ermənilər yox. Çünki ermənilər artıq istədiklərini alıblar”



Son aylar Azərbaycanın daxilində və qonşuluğunda mühüm ictimai-siyasi proseslər yaşanmaqdadır. Cəbhənin təmas xəttində gərginliyin yenidən artması, Azərbaycan-Rusiya və Azərbaycan-Qərb münasibətlərinin yeni müstəviyə keçməsi, ermənilər tərəfindən girov götürülmüş vətəndaşlarımızın azadlığı istiqamətində həlledici addımların atılması və parlament seçkiləri öncəsi siyasi partiyaların bloklaşma fəaliyyəti içərisinə girməsi günlərdir ölkə mətbuatında müzakirə olunur.

Daxildə və xaricdə cərəyən edən bütün bu məsələlərlə bağlı "Şərq”in suallarını cavablandıran budəfəki müsahibimiz, tanınmış ictimai-siyasi xadim, Milli Məclisin keçmiş sədri, Elmlər Akademiyasının müxbir üzvü, professor Yaqub Məmmədovdur. Prosesləri özünəməxsus şəkildə şərh edən Y.Məmmədov Azərbaycanın indiki ictimai-siyasi həyatının qənaətbəxş olmadığı düşüncəsindədir...

- Mətbuatda tez-tez görünməməyinizin səbəbi nədir? Niyə mühüm proseslərə münasibət bildirmirsiz?

- Mən elm adamıyam. Öz elmi-pedaqoji işlərimlə məşğulam. Amma mətbuatdan da uzaq durmuram. Nə vaxt jurnalistlər mənimlə əlaqə saxlasalar, çalışıram ki, onları maraqlandıran suallara cavab verim.

- Ümumiyyətlə, son dövrlər Azərbaycanın ictimai-siyasi həyatını necə dəyərləndirirsiniz? Ötən illərlə müqayisədə aktivlik, yoxsa passivlik müşahidə olunur?

- Əvvəlki dövrə nisbətən son illərdə ölkənin ictimai-siyasi həyatında qaynarlıq hiss olunmur. Əksinə, sönüklük var.

- Sizcə, sönüklüyün səbəbi nədir?

- Düşünürəm ki, 20 ildən artıqdır davam edən qaynar ictimai-siyasi həyat insanları bezdirib, yorub. Ona görə də indi hamı çəkilib öz iş-gücüylə məşğul olur. İndi insanlar daha çox rahat və sakit həyat istəyirlər.

- Azərbaycanın ən mühüm problemi Dağlıq Qarabağ məsələsidir. Sizcə, 20 ildən çoxdur münaqişənin həll edilməməsi nəylə bağlıdır?

- Mən hər zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, yəni danışıqlar vasitəsi ilə həll olunmasının tərəfdarı olmuşam. Ancaq keçən dövr konkret olaraq göstərir ki, problemin sülh yolu ilə həlli mümkün olan məsələ deyil. Çünki guya "vasitəçiliklə” məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri, eyni zamanda Qərb dünyası və yaxın qonşularımız problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə maraq göstərmirlər. Əgər həmsədrlər doğrudan da münaqişənin sülh yolu ilə həllini istəsəydilər, bugünə qədər müəyyən irəliləyişə nail olardılar. Bu baxımdan hesab edirəm ki, Azərbaycan artıq birmənalı olaraq öz qətiyyətini göstərməlidir.

- Yəni müharibə variantını istisna etmirsiniz?

- Müharibə ehtimalı hər zaman var. Biz öz hərbi gücümüzdən istifadə etməklə heç olmasa, Dağlıq Qarabağ ətrafındakı torpaqlarımızı işğaldan azad etməliyik. Hər zaman öyünürük ki, Cənubi Qafqazın ən güclü ordusu Azərbaycan ordusudur. Düzdür, bu, həqiqətən belədir. Hər il dövlət büdcəsindən Silahlı Qüvvələrimizin inkişafı, ordunun yeni silah-sursatla təmin olunması üçün xeyli miqdarda vəsait ayrılır. Azərbaycanın hərbi qüvvəsi də, texnikası da kifayət qədərdir. Ancaq bunları istifadə etməliyik. Ermənilərə göstərməliyik ki, biz torpaqlarımızı sizə elə-belə verməyəcəyik. Artıq sözdən əmələ keçmək lazımdır. Əgər ermənilər bizim hərbi qüdrətimizi, güclü ordumuzu görsələr, daşı ətəklərindən tökəcəklər. Hərbi gücün nümayişi düşmənimizi dəstəkləyənlər üçün də bir dərs olacaq. İnanın, adam xəcalət çəkir. 20 ildir xəbərlərə baxırıq, hər dəfə deyirlər ki, düşmən 50 dəfə, nə bilim, 100 dəfə atəşkəsi pozub, filan qədər əsgər ölüb, yaralanıb və s. Axı nə qədər bu xəbərləri eşitmək olar? Əslində biz hücuma keçməli, atəşkəsi biz pozmalıyıq, ermənilər yox. Çünki ermənilər artıq istədiklərini alıblar. Torpaqların qaytarılmasında maraqlı olan bizik, bir milyon qaçqınımız var.

- Hər zaman vurğulanır ki, Dağlıq Qarabağ probleminin arxasında Rusiya durur, yəni kilidin açarı onların əlindədir. Necə düşünürsüz, Gümrüdəki hadisədən sonra Moskva ilə İrəvan arasında yaranan gərginlik münaqişənin həllinə müəyyən mənada təsir göstərə bilərmi?

- Ermənistanla Rusiya strateji əməkdaşlıq edir. İnanmıram ki, belə xırda məsələlər iki dövlətin arasındakı münasibətləri korlasın. Emosiyaya qapılmaq, hay-küyə inanmaq lazım deyil. Ermənistandakı etiraz aksiyaları boş söhbətdir. Ermənistan heç vaxt dövlət səviyyəsində Rusiya ilə qarşıdurmaya girməyəcək.

- Bəs Azərbaycan-Rusiya münasibətlərini necə dəyərləndirirsiniz?

- Rəsmi Bakı Moskva ilə yaxşı münasibətlər qurmağa çalışır. Zənnimcə, bu, doğru yanaşmadır. Azərbaycan hökuməti Kremllə əlaqələri inkişaf etdirməli və bu yaxınlıqdan istifadə edərək ətraf rayonlarımızı işğaldan azad etməlidir. Təbii ki, istədiyimiz alınmayanda başqa variantlara da əl atmalıyıq. Yəni ümidimizi bağlamamalıyıq ki, kimsə gəlib torpaqlarımızı düşməndən azad edəcək.

- Ermənilər Kəlbəcərdə girov götürdükləri mülki vətəndaşlarımızı qondarma məhkəmə ilə mühakimə edirlər. Torpağı işğal altında olan insanlarımızın öz dədə-baba torpaqlarına getməyə hüququ yoxdurmu?

- Əlbəttə var. Ermənilərin işğalı nəticəsində doğma torpaqlarından didərgin düşmüş bütün qaçqın və köçkünlərimiz istədikləri vaxt ana yurdlarını ziyarət etmək haqqına malikdir. Ancaq təəssüflər olsun ki, biz hüquqlarımızı müdafiə etməyi bacarmırıq. Öz Vətəninə baş çəkən bir şəxsə 20 il "iş” verməkdən daha absurd bir şey ola bilərmi? Bax elə bu cür problemlərə görə deyirəm ki, öz gücümüzü ermənilərə göstərib onları əzməliyik, vəssalam.

- Azərbaycanın beynəlxalq aləmdə təkləndiyi deyilir. Haqlı mübarizəmizdə bizə dəstək olacaq heç bir dövlət yoxdurmu?

- Azərbaycana dəstək verən əsas ölkə Türkiyədir. Amma Türkiyənin də öz maraqları var. Onlar gəlib bizim əvəzimizə müharibə edəsi deyillər. Azərbaycan enerji sahəsində bütün dünya ölkələri ilə əməkdaşlıq edir. Hər yerdə deyirik ki, dünyada reytinqimiz çox yüksəkdir, dünya bizimlə hesablaşır. Ancaq başa düşə bilmirəm, nə üçün dünya məhz lazım olan sahədə, yəni Dağlıq Qarabağ məsələsində bizimlə əməkdaşlıqdan boyun qaçırır. Fikrimcə, enerji təminatı zamanı həmin dövlətlərin qarşısında ciddi şərtlər qoymaq lazımdır.

- Türkiyənin bir sıra addımları ictimaiyyətimiz tərəfindən birmənalı qarşılanmır. Məsələn, rəhbərliyə erməni müşavirin təyin olunması, qondarma soyqırımla bağlı verilən yumşaq açıqlamalar və s. Sizcə, indiki Türkiyə hakimiyyətinin təcavüzkar Ermənistanla normal əlaqə qurmaq niyyəti varmı?

- Bunların hamısı çox xırda və əhəmiyyətsiz məsələlərdir. Belə kiçik məsələləri böyük siyasətin parçasına çevirmək lazım deyil. Türkiyə ilə Ermənistanın öz tarixi problemləri var. Əlbəttə, bunu aralarında müzakirə edə bilərlər. Ancaq köklü olaraq qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olacaq. Buna qətiyyən şübhə etmək olmaz. Türkiyə Ermənistanla əlaqələrin qurulmasında və sərhədlərin açılmasında konkret olaraq Dağlıq Qarabağın işğaldan azad olunmasını şərt qoyub. Əgər baş nazir ermənini özünə müşavir təyin edirsə, bunu sadəcə olaraq onlara qarşı bir jest kimi dəyərləndirmək lazımdır. Yəni Türkiyə ermənilərə deyir ki, bizim sizə olan münasibətimiz budur. Gəlin siz də adam olun, əl-ələ verib mehriban qonşu kimi yaşayaq.

- Bu il ölkədə parlament seçkiləri keçiriləcək. Artıq bir çox partiyalar seçkiyə hazırlıqla bağlı fəaliyyətə başlayıblar. Azərbaycandakı siyasi qurumların aktivliyi, ümumi fəaliyyəti sizi nə dərəcədə qane edir?

- Azərbaycanın siyasi mühitində, xüsusən də müxalifət düşərgəsində heç bir fəallıq müşahidə olunmur. Bu gün yaşananlara aktivlik demək olmaz. Proseslər həddindən artıq sönükdür. Müxalifət partiyaları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının da fəaliyyətində hiss olunan dərəcədə qaynarlıq yoxdur. Partiya sədrləri qəzetlərə, informasiya agentliklərinə açıqlamalar, bəyanatlar verməklə işlərini bitmiş hesab edirlər. Bununla kifayətlənmək olmaz.

- Nəticəsi müsbət olmasa da, artıq Azərbaycanda hər seçki öncəsi partiyaların birlik yaratma, bloklaşma ənənəsi formalaşıb. Yenə də əksər partiyalar qarşıdan gələn parlament seçkilərinə blok halında getməyi qərarlaşdırırlar. Siyasi qurumların seçkilərə birlikdə qatılmasına münasibətiniz necədir?

- Hər siyasi partiyanın öz proqramı, məramnaməsi var. Ancaq təcrübə göstərir ki, bloklaşmanın axırı yaxşı qurtarmır. Bir neçə partiya əvvəlcə bir araya gəlirlər, danışırlar, vahid qurum yaradırlar. Ancaq seçkidə məğlub olduqdan sonra bir-birini ittiham edərək dağılırlar. Hesab edirəm ki, parlament seçkiləri üçün yaradılan blokların da heç bir perspektivi olmayacaq. Müəyyən qədər gücü olan partiyalar isə müstəqil şəkildə seçkilərə qatılacaqlar.

İsmayıl