20 Yanvar şəhidlərinin qanlı paltarları muzeydə saxlanılmalıdır

Sosioloq bunu daha məqsədəuyğun sayır, ilahiyyatçı isə fərqli düşünür



"20 Yanvar şəhidlərinin qanlı paltarları bu günə qədər saxlanılır”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş "20 Yanvar-Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilib. Tədbirdə iştirak edən Qafqaz Müsəlmanları sədrinin müavini Fuad Nurullayev 20 Yanvar şəhidlərinin qanlı paltarının bu günə qədər saxlanıldığını deyib:

"Əslində şəhidlər paltarları ilə dəfn edilməli idi. Ancaq o dövrdə insanlarımız bunu fərqli başa düşürdü. Həmin vaxt Azərbaycan dövləti başsız idi, bir neçə ağsaqqal Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başına yığılmışdı. Şeyxülislam Allahşükür Paşazadə və ağsaqqallar da bunu nəzərə aldı.

Ancaq şəhidlərin o qanlı paltarları saxlanıldı, bu gün də saxlanılır. Çünki bu, bir tarixdir. Bir məqamı da qeyd edim. O zaman şəhidlərin doğulduqları rayonlarda dəfn edilməsi istənilirdi. Rejim rəhbərləri istəyirdilər ki, şəhidlər müxtəlif rayonlarda dəfn olunsunlar, bu faciə də ört-basdır edilsin. Ancaq şəhidlərin köhnə Çəmbərəkənd qəbiristanlığında dəfninə nail olundu. O qəbiristanlıqda əsrin əvvəlində ermənilərin qətlə yetirdiyi insanlarımız dəfn edilmişdi”.

Sosioloq Əhməd Qəşəmoğlu "Şərq”ə açıqlamasında şəhidlərin qanlı paltarlarının muzeydə saxlanılmasının məqsədəuyğun olduğunu deyib: 

"Yaxşı ki, şəhidlərimizi paltarlı dəfn etməyiblər. Hesab edirəm ki, bu, cəmiyyət tərəfindən yaxşı qarşılanmazdı. Nəinki cəmiyyət, biz heç şəhidlərimizin paltarlı dəfn olunmaya münasibətlərini də bilmirik axı! Min illik adət- ənənələrimiz belədir ki, insan öləndən sonra yuyulub, kəfənlənib, dəfn olunur. Çox güman ki, şəhidlərimiz də, onların ailələri də paltarlı dəfn məsələsini heç vaxt birmənalı qarşılamazdılar. Amma qanlı paltarların saxlanılması normal haldır. Bu təcrübə xarici ölkələrdə də var. Şəhidlərin qanlı paltarları adları qeyd edilməklə muzeylərdə saxlanılır”.

İlahiyyatçı-alim Elşad Miri isə islamda şəhidlərin qanlı paltarlarının saxlanılması kimi bir məcburiyyət olmadığını deyib.

 Peyğəmbər zamanında döyüşlərdə şəhid olan əsgərlərin paltarlı dəfn edildiyini vurğulayan ilahiyyatçı deyib ki, bu da islamın tələbi olmayıb, sadəcə dövrün ağır şərtləri insanları buna vadar edib: "Döyüşlər zamanı şəhid olan insanları savaşın ortasından çıxarmaq, yuyulmağa aparmaq, dəfn eləmək mümkünsüz olub. O vaxtları indiki kimi operativ nəqliyyat sistemi olmayıb, heç iqlim şəraiti də şəhidlərin adət- ənənələrə uyğun şəkildə dəfn olunmasına imkan verməyib. Yəni Peyğəmbərin dövründə şəhid olan insanları sadəcə qəbir qazıb, paltarlı dəfn etməli olublar”.

Konkret olaraq, 20 Yanvar şəhidlərinin qanlı paltarının saxlanılmasına gəldikdə isə E.Miri peyğəmbərin qılıncının, hətta saqqalından bir tükün də bu günə kimi saxlanıldığını deyib: "Amma bu da islamın tələbi deyil. İslam bu dünyaya kiminsə paltarını və ya hansısa əşyasını saxlayıb, onu müqəddəs hesab eləmək üçün gəlməyib. İslam insanların onunla yaşaması, daxilində, qəlbində olan günahlarını Allaha şərik qoşanları bağışlamaq üçün gəlib. Ola bilsin ki, şəhidlərimizin qanlı paltarlarının saxlanılmasının hansısa tarixi əhəmiyyəti var. Bu barədə bir söz deyə bilmərəm. Mən məsələni sırf islami baxımdan izah elədim. Bəlkə də, 20 Yanvar şəhidlərinin qanlı paltarının saxlanılmasının xüsusi bir əhəmiyyəti var?! Bunun izahını vermək isə artıq QMİ-nin üzərinə düşür. Əgər bununla bağlı hər hansı bir açıqlamaları yoxdursa, heç olmasa, bu qədər ildən sonra bu məsələnin gündəmə gətirilməsi səbəbini açıqlasınlar”.

Şəymən