Rusiya, Azərbaycan və Ermənistanda keçiriləcək prezident seçkiləri danışıqlar prosesini zəiflədəcək
Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç 2017-ci ilini Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müsbət il olduğunu iddia edib. Diplomat bildirib ki, bitmək üzrə olan il təhlükəli eskalasiyadan uzaqlaşma və danışıqlar prosesinin bərpası ilə əlamətdar oldu. Onun sözlərinə görə, il ərzində nazirlərin bir neçə dəfə görüşməsi və Cenevrədə prezidentlərin bir araya gəlməsi tərəfləri ümidləndirdi:
"Tərəflər arasındakı ziddiyyət nazirlərin razılığa gəlməsinə mane olurdu. Lakin bu ilin tendensiyası ümidvericidir. Rusiya Bakı və İrəvandakı dostlarımıza məqbul həll yolunu tapmaq üçün vacib təsir funksiyasını özündə saxlayır. Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində keçirdikləri görüşləri alqışlayırıq. Bu məsələ ilə bağlı olduqca intensiv işlər görüldü. Vyanada nazirlərin birgə bəyanatı qəbul olundu. Həmsədrlərin dəstəyi ilə ayrıca görüş keçirildi. Həmçinin, gələn ilin yanvar ayında nəzərdə tutulan görüş də bu ay razılaşdırıldı. Bunlar müsbət hadisədir”.
Lukaşeviçin iddiası ilə bağlı "Şərq”ə danışan politoloq Vasif Əfəndiyev deyib ki, 2015-ci ildən etibarən düşmən qüvvələr tərəfindən Azərbaycanda "insan hüquqlarının məhdudlaşdırılması” adı altında xüsusi kampaniyalar aparılırdı.
Ekspertin sözlərinə görə, Qərbdə, Avropa Birliyi ölkələrində imtiyaz sahibi olan ermənipərəst qüvvələr vəziyyətdən yararlanaraq, ölkəmizə qarşı iqtisadi və siyasi sanksiyaların tətbiq edilməsinə çalışırdılar:
"Planlaşdırılmış sanksiyaların həyata keçməsi isə ilk növbədə Qarabağ danışıqlarında öz təsirini göstərməli idi. Torpaqlarımızın Ermənistan işğalında qalmasını istəyən qüvvələr bunu onunla əlaqələndirməyə çalışacaqdılar ki, guya, insan hüquqlarının təmin olunmadığı bir ölkədə Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsiz yaşaması mümkün deyil. Son iki ildə Azərbaycan xarici siyasət sahəsində ağır və məhsuldar işlər görə bildi. Ermənistan tərəfi cəbhə bölgəsində provokativ hərəkətləri ilə Azərbaycanı aktiv müharibəyə çəkməyə çalışırdı. Çünki o zaman guya bizim sülh danışıqlarına qarşı olmağımızı sübut edəcəkdilər. Bütün bunlara baxmayaraq, Azərbaycan sülh danışıqlarını bir an da olsun dayandırmadı.
Uzun və davamlı zəhmətin nəticəsi isə göz qabağındadır”. Ekspert bildirib ki, oktyabr ayında ABŞ-ın Helsinki Komissiyasında İnsan hüquqları ilə bağlı dinləmələrdə qırılma nöqtəsi oldu: "Azərbaycanın ABŞ və Avropa Birliyi ölkələri ilə münasibətlərini korlamağa çalışan qüvvələrin niyyətləri alınmadı. Həm ABŞ, həm də Avropa ölkələri Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətlərini ortaya qoydular. Danışıqlar prosesini iflic etməyə çalışan Ermənistanın cəhdlərinə baxmayaraq, bu il Cenevrədə prezidentlərin görüşü də baş tutdu. Bu görüş konkret nəticə verməsə də, Azərbaycanın "sülh tərəfdarı olmaması” mifini dağıtdı.
Ümumilikdə isə 2017-ci il Rusiyanın Ermənistana açıq-aşkar havadarlıq etməsi ilə yadda qaldı. Ermənistan üzərində hərbi, siyasi və iqtisadi üstünlük əldə edən Azərbaycan isə məhz buna görə Rusiyanın təzyiqləri ilə üzləşdi. Müharibə şəraitində olduğumuz işğalçı dövlətə təmənnasız uzaq mənzilli raketlərin verilməsi də ölkəmizə qarşı açıq təzyiq idi. Sözün açığı, 2018-ci ildə danışıqlar prosesində heç bir yenilik gözləmirəm. Rusiya, Azərbaycan və Ermənistanda keçiriləcək prezident seçkiləri danışıqlar prosesini zəiflədəcək”.
İsmayıl