“2019-cu il Azərbaycan tarixinə ciddi iqtisadi-sosial islahatlar ili kimi düşəcək”

"Dövlət başçısı mədəniyyət və incəsənət xadimləri ilə görüşündə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bəyan etdi”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Deputat bildirib ki, Prezidentin də vurğuladığı kimi bu istiqamətdə islahatlar daha da dərinləşəcək: 
"Ölkə rəhbəri söylədi ki, 2015-ci il dünyada maliyyə böhranının dərinləşməsi Azərbaycandan da yan keçmədi. Ölkənin gəlirləri xeyli azaldı. Bu amil insanların sosial şəraitinə təsirsiz ötüşmədi. Lakin 2017-ci ildən Azərbaycanda iqtisadiyyatın bərpası mərhələsi başladı. 2018-ci ildə isə islahatların dərinləşməsi istiqamətində yeni addımlar atıldı. 
Bu ilin əvvəlindən etibarən sözün həqiqi mənasında ölkəmizdə sosial sahədə inqilabi addımlar atılmaqdadır. Nəzərə alaq ki, dövlət başçısının qərarları ilə minimum əmək haqqının, təqaüdlərin artırılması 830 min insanı əhatə edir. Söhbət 40 faizlik artımdan gedir. Müavinətlərin artırılması ilə bağlı verilən Sərəncam isə 600 minə qədər şəxsi əhatələyir. 
Bura müharibə veteranları, əlillər, çoxuşaqlı ailələr, valideynlərini itirmiş uşaqlar və s. kateqoryalar daxildir. Bütün bunların hamısı dövlət başçısının inqilabi addımlarıdır və cəmiyyətdə böyük ruh yüksəkliyi yaradır. Verilən qərarlar ümumilikdə 3 milyon insanın həyatına təsir edəcək”.
Parlamentarinin sözlərinə görə, Prezident cəmiyyətin bütün təbəqələrinin onun diqqətində olduğunu nümayiş etdirdi: 
"Xüsusən, mədəniyyət və incəsənət adamlarına Prezidentin böyük qayğısı var. Ölkə rəhbəri onlarla görüşündə hamının problemlərini bir-bir dinlədi və həlli üçün göstərişlər verdi. Proseslər göstərir ki, 2019-cu il Azərbaycan tarixinə çox ciddi iqtisadi-sosial islahatlar ili kimi düşəcək. İlin ilk aylarından başlamış proses bunu sübut edir”.
İsmayıl