22 yaşlı qız özünü asdı

Lənkəran sakininin hansı səbəbdən canına qəsd etdiyi hələlik məlum deyil


Lənkəranda intihar hadisəsi baş verib. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərdəki mənzillərin birində qeydə alınıb. Şəhər sakini 1994-cü il təvəllüdlü Milanə Bala qızı Cəfərova özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb. Mərhumun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

22 yaşlı qızın hansı səbəbdən canına qəsd etdiyi hələlik məlum deyil.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Ölkə ərazisində sonuncu özünüasma faktı bir neçə gün əvvəl Bakıda qeydə alınıb. Sabunçu rayonunun Maştağa qəsəbəsində 1961-ci il təvəllüdlü Əlihüseyn Tərqulu oğlu Rzaquluzadə özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb.

Mərhumun meyitini ailə üzvləri aşkar ediblər. Polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparıblar.