Ölkədə fəaliyyət göstərən iqtidaryönlü partiyalar qarşıdan gələn prezident seçkilərində namizədlə iştirak etməsələr də, bu prosesdə müşahidəçi missiyasını həyata keçirirlər. Adlarından da göründüyü kimi, belə təşkilatlar seçki kampaniyasında hazırkı prezident İlham Əliyevin namizədliyini dəstəkləyirlər. Bununla yanaşı, yerlərdə təbliğat-təşviqat işlərinin aparılmasında da hakim Yeni Azərbaycan Partiyasına (YAP) yardımçılıq edirlər. Hər halda iqtidaryönlü "Vəhdət” Partiyasının sədri Tahir Kərimli belə deyir. O, seçkiqabağı vəziyyəti "Şərq”ə şərh edərkən söyləyib ki, rəhbərlik etdiyi qurumun seçkilərdən kənarda olduğunu söyləmək doğru deyil. Seçkilərlə bağlı fikirlərini bölüşən T.Kərimli qeyd edib ki, bu prosesin favoriti prezident İlham Əliyevdir...
- Mənə elə gəlir ki, seçkilərin nə ilə nəticələnəcəyi artıq bəllidir. Ağlı başında olan heç kəs şübhə etmir ki, xalqın dəstəyini hazırkı prezident İlham Əliyev qazanacaq. Bunu hamı görür, bilir. Prosesləri izləyəndə görürəm ki, bəzi adamlar müəyyən eyforiyaya qapılıblar sanki. Müxalifət qüvvələrinin 15 il bundan əvvəlki kimi güclü olduğunu deyirlər. Amma bu düzgün deyil. Müxalif qüvvələr demək olar ki, hazırkı iqtidarla mübarizə aparmaq gücündə deyil. Onlar öz dəstəklərini, potensialını, sosial bazasını itirmiş təşkilatlardır ki, bir yerə yığılıblar, vahid namizəd müəyyənləşdiriblər. Gördülər ki, ayrı-ayrılıqda güc deyillər, birləşdilər. Amma bu birlikdən də hansısa nəticə gözlənilmir. Şübhəsiz ki, dünya dövlətlərinin hamısında olduğu kimi, bizdə də müəyyən narazı elektorat var. Müəyyən korrupsiya faktlarına görə, məmur özbaşınalıqlarına görə narazılar mövcuddur. Düşünürəm ki, müxalifətdəki eyforiya da bundan irəli gəlir. Amma bu narazılar, deyildiyi kimi, müxalifətin yanında deyillər. Müxalifətin yerlərdə strukturları belə yoxdur. Rayonlardakı seçki məntəqələrinin 10 faizinə belə müşahidəçi təyin etmək imkanları yoxdur. Bununla müxalifət necə qalib gələcəyini düşünür? Hakim partiyanın isə resursları kifayət qədərdir. Respublika ərazisindəki bütün məntəqələrə hakim partiya müşahidəçi yerləşdirmək, seçkilərə nəzarət etmək imkanındadır. Belə olan şəraitdə hakim qüvvənin yenidən qalib gəlməsi şəksizdir. İnsanlar da artıq dərk edirlər ki, bu müxalif qüvvələrlə yaşamları düzəlməyəcək. Onlar bu hakimiyyəti dəstəkləyirlər. Xüsusən də xalq İlham Əliyevin idarəçiliyi ilə dövlətin idarə olunmasının tərəfdarıdır. Həmçinin İlham Əliyevin ölkəni iqtisadi cəhətdən inkişaf etdirməsini xalq görür. Görülən işləri cəmiyyət, vətəndaşlar təqdir edirlər.
- Yəni müxalifətin seçkilərdə məğlubiyyəti qaçılmazdır...
- Tamamilə düzdür. Bunu müxalif düşərgə çox yaxşı bilir. Sadəcə olaraq namizəd irəli sürüblər, fürsətdən istifadə edib efir vasitəsilə hökuməti ittiham edirlər. Pulsuz efir vaxtından istifadə edən namizədlərin demək olar ki, heç biri öz platformasından danışmır. Çıxışlar qarşılıqlı tənqid üzərində qurulur. Bəzən də bir-birlərini təhqirə keçirlər. Bu isə düzgün deyil. Orada namizədlər var ki, ikincilik-üçüncülük uğrunda mübarizə aparmaq, cəmiyyətə normal platforma təqdim etmək əvəzinə, mənasız söhbətlər edirlər. Prezident İlham Əliyevin təbliğata böyük ehtiyacı da yoxdur. O gördüyü işlərlə, apardığı siyasətlə artıq xalqın etimadını qazanıb. Ölkə başçısının yenidən qalib gələcəyi şübhəsizdir. Cənab prezidentin böyük səs faizi ilə qalib gələcəyini artıq hər kəs bilir. Məncə, müxalifət düşərgəsinin özü də bunu bilir və qəbul edir. Aydın mənzərənin dəyişəcəyi gözlənilmir.
- Seçicilərin bu prosesə marağı varmı?
- Şübhəsiz ki, seçkilər, xüsusən də prezident seçkiləri hər zaman olduğu kimi bu il də maraqlıdır. Bu xalq öz taleyinə biganə deyil. Ona görə də insanlar izləyirlər, müşahidə etməklə məşğuldurlar. Dediyim kimi, narazı kəsim də mövcuddur. Amma ümumilikdə prezidentin siyasəti dəstəklənir. Sosial problemlər var, yeni iş yerlərinin açılmasına baxmayaraq yenə də işsizlik var. Bunu hökumətin özü də etiraf edir. Məmurlar var ki, müəyyən korrupsiya hallarına yol verirlər, xırda məmur özbaşınalıqları var. Amma xalq inanır ki, İlham Əliyevin rəhbərliyi ilə bunlar aradan qaldırılacaq. Cənab prezidentə inam var, vətəndaşlar güvənirlər. Anlayırlar ki, problemləri müxalifət yox məhz indiki iqtidar həll edəcək. Ona görə də xalqın kütləvi şəkildə seçimlərə qatılacağına və İlham Əliyevə səs verəcəklərinə inanıram.
- "Vəhdət” seçkilərdən tamamilə uzaqdır, yoxsa...
- Partiyamızdan namizəd irəli sürülməyib. Amma bu o anlamı vermir ki, seçim prosesindən kənardayıq. Təşkilatın Baş Məclisi qərar verib ki, İlham Əliyevin siyasi strategiyası dəstəklənsin. Bu da prezidentin namizədliyini dəstəkləməyə əsas verir. Seçki prosesinin başlanğıcında sədr aparatının rəhbərliyi ilə təşviqat qrupu yaradılıb. Yerlərdə insanlarla görüşürük, prezidentlə bağlı təbliğat aparırıq. İnsanlara dövlət başçısının siyasətindən danışırıq. Görürük ki, xalq cənab prezidenti dəstəkləyir. Əlimizdən gələni, bacardığımızı edirik. Bütün yerlərdəki şöbələrimiz bilir ki, "Vəhdət” Partiyası İlham Əliyevi dəstəkləyir. Bu yöndə də fəaliyyətlərini qururlar. Partiyamız hesab edir ki, Azərbaycan üçün sabitlik çox önəmlidir. Bu gün dünya gücləri öz ideyaları altında müsəlman ölkələrini sıxışdırırlar. Baxın Suriyaya, Misirə, digər ərəb ölkələrinə. Xristian aləmi müsəlman dövlətlərində qeyri-sabitliyin olmasını istəyirlər, inkişafı istəmirlər. Azərbaycanda isə sabitlik mövcuddur. Və bu sabitliyin də qarantı İlham Əliyevdir. Bizim partiya sabitliyi cənab prezidentin idarəçiliyində görür. Ona görə də İlham Əliyevi dəstəkləyirik.
- İqtidaryönlü partiyaların Məşvərət Məclisi vardı ki, siyasi proseslərdə aktivlik göstərirdilər. Amma indi o məclis dağılıb, demək olar ki, təşkilatlar ayrı-ayrılıqda iqtidarı dəstəkləyirlər. Məclisin bu hala gəlməsinin səbəbi nə oldu?
- Müəyyən tədbirlərdə həmin partiyaların nümayəndələri ilə görüşlərimiz olur, söhbətləşirik. Amma təşkilati formada Məşvərət Məclisi artıq yoxdur, fəaliyyət göstərmir. Bunun da başlıca səbəbi YAP-ın Məşvərət Məclisinə ehtiyacının olmamasından qaynaqlanır. Hakim partiya özünə güvənir və təkbaşına mübarizə apararaq qalib gələcəyini bilir. YAP bu qüdrətə malikdir. Belə olan halda hakim partiya heç bir bloka ehtiyac duymur. İqtidaryönlü partiyaların isə YAP istəmədən blok yaratması lazımsızdır. İqtidar partiyası tərəfindən Məşvərət Məclisinin blokuna dəstək verilməyəndə, bu blok havadan asılı qalacaq. Ona görə də iqtidaryönlü partiyalar blok yaratmaq fikrində olmadılar.
- Amma həmin partiyalarla əlaqələr var...
- Mənim ən çox əlaqə saxladığım Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) əvvəlki sədri Məmməd Əlizadə idi. O da partiyadan istefa verdi. DADP-dəki digər şəxslər isə demək olar ki, o partiyanı dağıtdılar. İndi ordan heç kimlə əlaqəm yoxdur. Digəri Ana Vətən Partiyasıdır ki, onun da içərisində parçalanma oldu. Fəzail müəllimin müavini Zahid Oruc prezidentliyə namizəd olduqdan sonra, təşkilat sıralarından kənarlaşdırıldı. Məşvərət Məclisində təmsil olunan digər partiyaların isə aktiv fəaliyyəti yoxdur. İndi təkbaşına olaraq prezidentin namizədliyini dəstəkləyirik. Prosesləri ciddi şəkildə izləyirik, fəaliyyətimizi YAP-la uzlaşdırmağa çalışırıq. Köməkçi partiya olaraq əlimizdən gələni edirik.
- Belə fikirlər var ki, prezident seçkilərindən sonra iqtidaryönlü partiyalar ümumiyyətlə siyasi səhnədən silinəcək...
- Mən düşünmürəm ki, tarixi olan, keçdiyi yolu olan partiyalar tamamilə sıradan çıxacaqlar. Bilirsiz, iqtidaryönlü olsaq da, fərqli cəhətlərimiz var. "Vəhdət”in Azərbaycan siyasi arenasında spesifik yeri var, tarixi, yaranma şərtləri var. Bizim partiya Bakı ətrafında daha güclüdür, sosial bazaya, təmaslara, imkanlara malikik. Bu səbəblərdən partiyamızın siyasi səhnədən silinməsi mümkün deyil. Əksinə, mən gözləyirəm ki, prezident seçkilərindən sonra bizim partiyanın ayrı-ayrı funksionerləri hakimiyyətdə təmsilçilik qazanacaqlar. Buna partiyamızda olan şəxslərin potensialı çatır. Bu, cəmiyyət üçün çox faydalı olar.