Bir neçə gün öncə yağan güclü yağış paytaxtın sürüşmə zonalarını da aktivləşdirib. Zığ yamacında sürüşmənin aktivləşməsi nəticəsində bir neçə yerdə çatlar əmələ gəlib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov məlumat verib. Ekspedisiya rəisi bildirib ki, həmin ərazi köhnə sürüşmə zonasıdır.
Orada 78 ev var, evlərin kanalizasiya sistemi yoxdur, çirkab suları torpağa axıdılır. Yağan güclü yağış nəticəsində vəziyyət gərginləşib. Ekspedisiya rəisi evlərin köçülücəyinə dair heç bir məlumat verməyib, onu bildirib ki, Fövqəladə Hallar Nazirliyi ilə birgə işçi qrup yaradılıb, təkliflər planı hazırlanacaq.
Ekspedisiya rəisinin özünün də etiraf etdiyi kimi, Zığ yamacı köhnə sürüşmə zonasıdır. Xatırladaq ki, həmin ərazidə ötən illərdə də torpaq sürüşməsi qeydə alınıb. 2011-ci ilin dekabrında da eyni proses baş vermişdi. 2012-ci ilin mart ayında isə torpaq sürüşməsi nəticəsində Zığ şossesi, 21 b. ünvanlı binada çatlar əmələ gəldi və sakinlər ərazidən köçürüldü. O zaman prosesə şərh verən ETSN-nin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev baş verən hadisənin səbəblərini belə izah etmişdi: "Burada iki proses - qruntlarda çökmə prosesi və mexaniki susponziya baş verir. Susponziya o deməkdir ki, binanın bünövrəsinin aşağı hissəsi yuyulmaya, axıntıya qarşı yumşaq olan qumlardan və qruntlardan ibarətdir. Bunun təbii, yeraltı sular nəticəsində yuyulması baş verib və ərazidə bünövrənin qeyri-bərabər çökməsi, boşalma gedib”.
Göründüyü kimi, ərazidə təhlükəli vəziyyət yenidən baş qaldırıb. Və belə bir ərazidə hələ də yaşayan sakinlər var. Bir halda ki, ərazi aktiv sürüşmə zonası hesab edilir, sakinlər niyə köçürülmür? Nəyi gözləyirik?
Müstəqil Memarlar Assosiasiyasının sədri Zemfira Budaqova "Şərq”ə açıqlamasında bunu məmur səhlənkarlığı adlandırdı:
- Bakının sürüşmə zonaları bəllidir. Bayıl yamacı, Badamdar, "Qurd qapısı”, Masazır, Yasamal, Əhmədli yaylası, Zığ şossesi boyunca sürüşmə zolağı uzanır. Bütün bu ərazilərdə sürüşmə prosesi artıq bir neçə ildir davam edir. Ancaq biz nə görürük? Elə ki, sürüşmə prosesi aktivləşir, ərazi avtomobillərin hərəkəti üçün bağlanır, gediş-gəliş bir müddət dayandırılır. Görülən tədbirlər bundan o yana keçmir. Bir müddət sonra isə yenə əvvəlki vəziyyət bərqərar olur. Gediş-gəliş də bərpa edilir, yaşıllıqlar məhv edilir, ağaclar kəsilir, ərazidə nəhəng tikinti işləri davam etdirilir, hündürmərtəbəli binalar tikilir və s. Sürüşmənin baş verməsinə səbəb kimi su-kanalizasiya xətləri sularının yamaca axıdılması göstərilir. Amma Bayıl zonasında, Badamdar yamacında qırılan meşəliklərin, ağacların yerində şəxsi malikanələrin, hündürmərtəbəli binaların, otellərin tikilməsindən danışan yoxdu. Bir kəs cürət edib demir ki, yamacda yaşıllıqları məhv etmək olmaz, yamacı yükləmək olmaz. Bir gün başımıza uçacaq. Çəkilən xərc də batacaq. İndi eynən bu vəziyyət yaranıb. Tikintilərlə bağlı bildirirlər ki, hər şey nəzərə alınıb, elmi araşdırma aparılıb. Aparılıbsa, bəs bu gün niyə təhlükəli vəziyyətlə üzləşmişik? Deməli, nələrsə səhv hesablanıb. Buna görə də heç kəs məsuliyyətə cəlb olunmur. Sürüşmənin əsas səbəblərindən biri ümumən yer səthində yeraltı suların səviyyəsinin qalxmasıdır. Bu, təbii bir prosesdir və onun qarşısını almaq mümkün deyil. Amma ağıllı adamlar təbii prosesləri nəzərə alaraq hərəkət edirlər. Bizdə isə kim özünə necə sərf edir, o cür hərəkət edir və sonu da fikirləşmir. Abşeron yarımadasının geoloji quruluşu yumşaq qum və gil təbəqəsidir. Yeraltı suların səviyyəsi qalxdıqca bu təbəqəni tədricən yuyur. Ərazidə tikintilər elə aparılmalıdır ki, özülə ağırlıq düşməsin. Badamdara gedən yolda Qanlı Göl vardı. Onu qurutdular. Avtovağzal ərazisində də bataqlığı qurutdular. Amma süni yolla. Gölü o halda qurutmaq olardı ki, onun suyu harasa yönləndirilsin. Ora torpaq gətirib tökməklə iş bitmir. Əgər su yerin altından çıxırsa, deməli, yenə özünə yer eləyib haradansa çıxacaq. Çünki başqa cür mümkün deyil. Su hardansa özünə yer eləməlidir. Badamdar da, "Avtovağzal” da, Masazır da, Zığ yamacı da hamısı bir zolağın üzərindədir. Birində sürüşmə prosesi başlayırsa, o birilərinə də keçir. Bunlar hamısı ekoloji tarazlığın pozulmasının, pərakəndə tikintilərin aparılmasının nəticəsidir. Uzun illər Bakının yamac hissələrində meşəliklər salındı. Ağaclar əkildi ki, sürüşmənin qarşısı alınsın. Amma nə etdilər? Ağaclıqları qırıb yerində binalar, evlər tikdilər. İndi də nəticəsini görürük. Bu insanlar başa düşmür ki, yamacları yükləmək olmaz, yamaclar yaşıllıqla qorunmalıdır.
Z.Budaqova qeyd etdi ki, kanalizasiya sisteminin olmaması sürüşmə prosesini aktivləşdirən səbəblərdən biridir. Amma bunun günahı əhalinin deyil, qanunsuz tikililərə icazə verən yerli icra orqanlarındadır:
- Bu insanlara ev tikmək üçün icazəni kim verib? Və yaxud evlərin tikilməsinə kimlər göz yumur? Əlbəttə, yerli bələdiyyələr və icra hakimiyyətləri. Kim bilmir ki, sənədsiz torpaqlarda ev tikintisi üçün əhali bələdiyyə, sahə müvəkkili və icra hakimiyyətlərinə haqq ödəyir? Bu işlər bizim ölkədə aksiomadır. Pulunu ver, evini tik. Əlbəttə, həmin ərazilərdə kanalizasiya xətləri quraşdırılmayıb, kanalizasiya suları hara gəldi axıdılır. Bunun günahını biz əhalidə görməməliyik. Biz yeni məskunlaşma ərazilərindən danışırıq. Heç paytaxtın mərkəzində kanalizasiya sistemi düzgün işləmir. Bir balaca yağış yağan kimi küçələr, səkilər su ilə dolur, gölməçələr əmələ gəlir. Bunlar hamısı evlərin, binaların zirzəmilərinə dolur, özülləri də tədricən yuyur. Sonunda da sürüşmə baş verir. Təhlükənin qarşısını almaq üçün şəhərin bütün əsas küçələri boyunca kanallar tikilməlidir ki, yeraltı sular dənizə axıdılsın. Hansısa ərazini torpaqla o zaman doldurmaq olar ki, orada bərkitmə işləri aparıla bilsin. Əgər o torpaq bərkidilmirsə, sürüşmə olacağı labüddür. Çünki su torpağı tədricən yuyub aparır. Bunlar hamısı geologiyanın qanunlarıdır. Bunları bilmədiklərindən, ya da sadəcə, əhəmiyyət vermədiklərindən bu cür təhlükəli şərait yetişir. Tikinti aparılmazdan öncə yerin möhkəmliyi yoxlanmalıdır. 15-20 metr dərinliyə gedib orada gil təbəqəsinin olub-olmadığını öyrənməlidirlər. Bir az dərinə gedirlər, görürlər qaya parçasıdır, deyirlər, hə, tikmək olar. Daha qayanın altını yoxlamırlar. Bu işlər bir az çox vəsait tələb etdiyi üçün səhlənkarlıq edirlər, vəsait xərcləmək istəmirlər. Sürüşmə zonalarında evlər tikmək olar, amma 1-2 mərtəbəli. Ağırlıq olmasın deyə. Həmçinin, şəhərin kanalizasiya sistemini təcili surətdə yeniləmək lazımdı.