Rusiya miqrasiya siyasətində daha bir qadağanın tətbiqinə hazırlaşır. Moskva Şəhər Duması Rusiya Federasiyasında sürücülük vəsiqəsinə sahib olmayan xarici vətəndaşlara iş məqsədilə avtomobil idarə etməsini qadağan edən layihə üzərində çalışır. Layihəyə görə, qaydanı pozanlara 2 il sürücülük etmək yasağı tətbiq olunacaq, həmçinin müvəqqəti yaşayış izni də ləğv ediləcək. Söhbətin miqrantlardan getdiyi və Rusiyaya qazanc ardınca gedən soydaşlarımızı təhdid etdiyi bəllidir.
Məlumdur ki, soydaşlarımızdan bir çoxu Rusiyanın müxtəlif əyalətlərində məhz "taksovatlıq” etməklə pul qazanır. Şəhər Dumasının tərtib etdiyi layihə hökumətdə təsdiqlənəcəyi təqdirdə soydaşlarımız çətin duruma düşəcək. Bu, Rusiyanın Azərbaycana növbəti təzyiq vasitəsidirmi?
Politoloq Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında qeyd etdi ki, Rusiyanın miqrasiya siyasətinə ikitərəfli baxılmalıdır:
- Bir baxış bucağı budur ki, miqrasiya siyasəti Rusiyanın daxili məsələsidir. Hər bir ölkə kimi Rusiya da daxildə miqrant problemini həll etməyə çalışır, buna hüququ da var. Miqrantlara qarşı sərt tədbirlər ABŞ-da, Avropa ölkələrində də həyata keçirilir. Heç kəs onlara bir irad tutmur. Sadəcə, Rusiyanın miqrasiya siyasəti bizim soydaşlarımızı birbaşa əhatə etdiyindən daha artıq diqqət ayırırıq və qaydaların sərtləşməsindən narahat oluruq. Bu da təbiidir. Çünki 2 milyondan artıq soydaşımız Rusiyada çalışır və ailələrinin dolanışığını təmin edir. İkinci baxış bucağından yanaşanda isə əlbəttə, burada siyasi təzyiq elementləri də var. Məlumdu ki, Rusiya MDB dövlətlərini AvroAsiya Birliyinə, Vahid Gömrük İttifaqına üzv etməyə çalışır. Və bu mənada Azərbaycana da, Mərkəzi Asiya dövlətlərinə də təzyiq edir, mesaj göndərir ki, ittifaqlara qoşulmasanız, miqrantların vəziyyəti pis olacaq. Bizim üçün əsas sual budur ki, miqrantlar üçün vəziyyət nə dərəcədə pisləşə bilər? Vəziyyət o qədər də gərgin deyil. Soydaşlarımızın bir qismi artıq uzun illərdir Rusiya vətəndaşlığına sahibdir. Sənədləri qaydasındadır, bir qisim də var ki, sənədlərini qaydaya salmağa başlayıblar. Müəyyən bir qisim ola bilər ki, qayda sərtliyindən əziyyət çəksin və bəlkə Azərbaycana qayıtmaq məcburiyyətində qalsın. Bu da, nə qədər az olsa da, yenə də Azərbaycan üçün əlavə işsizlik, sosial problemlər yaradacaq. Bilirik ki, bir çox ailələr məhz Rusiyadan göndərilən pul hesabına dolanışığını təmin edir. Hesab edək ki, 2 milyondan 10-20 mini Rusiyadan çıxmaq məcburiyyətində qalacaq. Bunun özü də kiçik rəqəm deyil. Və sosial problemlərin yaranmasına səbəb olacaq. Rusiyadan qayıdanların burada iş tapması, qazanc əldə etməsi, ailələrini dolandırması xeyli çətin olacaq. Rusiya miqrantlar qarşısında Rusiya vətəndaşlığını qəbul etmək şərti qoyur. Belə vəziyyətdə soydaşlarımızın qarşısında iki yol qalır; ya Rusiya vətəndaşlığını qəbul etmək, ya da geri - Azərbaycana qayıtmaq. Bunların ikisi də soydaşlarımız üçün çətindi. Çünki bizdə ikili vətəndaşlıq yoxdur. Əgər Rusiya miqrasiya siyasətini getdikcə sərtləşdirirsə və biz görürük ki, bu, belədir, o zaman Azərbaycan hökuməti alternativ yollar aramalıdır. Hesab edirəm ki, miqrantlarla bağlı xüsusi proqramın hazırlanmasına ehtiyac var. Burada ilk növbədə ikili vətəndaşlıq haqqında qanunun qəbulu gündəmə gəlməlidir. Hazırda ikili vətəndaşlığı olanlar var, ancaq bu, çox cüzi faizdir. Məncə, müəyyən şərtlər daxilində ikili vətəndaşlığın qəbulu məsələsinə baxılmalıdır. Məsələn, Türkiyə təcrübəsi var. Türkiyədən 50-ci illərdən başlayaraq Almaniyaya böyük miqrant köçü başladı. Hazırda Almaniyada 3 milyondan artıq türk yaşayır. Hamısı da Almaniya vətəndaşıdır. Eyni zamanda həm də Türkiyə vətəndaşlarıdır. Türkiyə hökuməti miqrantlara ikili vətəndaşlıq tətbiq edib. Bunun müsbət cəhətləri çoxdur. Həm vətəndaş iqtisadi durumunu düzəldir, Avropa ailəsinin üzvünə çevrilir, eyni zamanda öz ölkəsinin də vətəndaşı olaraq qalır, seçkilərdə səs vermək hüququna malik olur. Türkiyə vətəndaşları Almaniyada yaşaya-yaşaya Türkiyədəki seçkilərə çox aktiv qatılırlar. Qeyri-qanuni miqrant kimi də ölkədən çıxarılma təhlükələri yoxdur. Məncə, bu işi bizdə də həyata keçirmək mümkündü. Təhlükəsizlik tədbirləri diqqətə alınmaqla.
E.Şahinoğlunun sözlərinə görə, ikili vətəndaşlıq məsələsi həll edilməyincə, soydaşlarımız hər an Rusiyadan çıxarılma təhlükəsi ilə üzləşə bilər:
- Elə adamlar tanıyıram ki, əlində Rusiyanın sürücülük vəsiqəsi var, amma müvəqqəti yaşayış izni alanlardandı. Ona görə də işləmək onun üçün çətinləşir. Düzdü, bir çox soydaşlarımız cəld tərpənib sənədlərini qaydasına salıblar. Digər tərəfdən, azərbaycanlılar keçmiş sovet dönəmindəki kimi daha bazarlarda satıcılıqla məşğul olmurlar. Gördülər ki, bazarlar getdikcə sıradan çıxır, super-marketlər dönəmidir, vəziyyətə tez adaptasiya oldular və ixracata qoşuldular. Artıq azərbaycanlılar satan yox, satdıran təbəqədir. Bu da Rusiya hökumətinin satıcılıqda yerlilərə üsünlük verməsinin nəticəsidir, amma soydaşlarımızın bazar iqtisadiyyatında müasirləşdiyini də deməliyik. Bununla belə taksi sürücülüyü edən çoxsaylı soydaşlarımız da var ki, məlum qadağa qərarı onların həyatına, büdcəsinə təsir edəcək. Təcili proqram hazırlanmalıdır ki, bu vəziyyətdən necə çıxaq və ilk növbədə də ikili vətəndaşlıq məsələsi müzakirə olunmalıdır.