Bir müddət öncə Rusiya prezidenti Vladimir Putinin Suriyada gedən daxili qarşıdurmada Bəşər Əsəd qüvvələrinin istifadə etdiyi kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi təklifini irəli sürməsi Qərbi, ələlxüsus da Amerikanı Suriyaya hərbi müdaxilə ilə bağlı mövqeyindən döndərə bilmişdi.
Rusiya dövlət başçısının təşəbbüsündən sonra Amerika və Rusiya dövlətləri arasındakı münasibətlərdə müəyyən istiliklər müşahidə olunurdu. Amma hazırda Suriya münaqişəsi iki supergücü - Rusiya və ABŞ-ı üz-üzə qoyub. ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşündən konkret nəticənin əldə olunmaması iki ölkə arasındakı münasibətləri gərginləşdirib. Bu barədə Rusiya Federasiyasının Dövlət Dumasının Xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov bildirib. O qeyd edib ki, əslində Amerika Suriyada kimyəvi silahların tətbiqi ilə bir o qədər də maraqlanmır: "Kütləvi qırğın silahlarından istifadəni qabartmaq Vaşinqtona, Əsəd rejiminin devrilməsi üçün vacibdir”.
Rusiya və Amerika arasındakı münasibətlərdə yaranmış gərginliyi şərh edən politoloq Elşən Manafov vurğulayıb ki, Suriya ilə əlaqədar şimal qonşumuzun verdiyi təkliflər rəsmi Vaşinqtonun Suriyaya endirəcəyi zərbələrin müddətini uzatdı: "Hazırda Amerikada aparılan müzakirələr təsdiq edir ki, əslində Suriya böhranının çözülməsi ilə bağlı ABŞ və Rusiyanın mövqeyində birləşən nöqtələr yoxdur. Qardaş Türkiyənin prezidenti Abullah Gül belə BMT-nin tribunasından etiraf etdi ki, qanlı münaqişənin yoluna qoyulması baxımından Rusiyanın cəhdləri ciddi önəm kəsb etsə də, bu, bütün prosesləri özündə ehtiva etmir. Yəni Rusiyanın kimyəvi silahların beynəlxalq nəzarətə götürülməsi təşəbbüsünü ortaya atması Amerika və Rusiya arasındakı münasibətlərin yaxşılaşması anlamına gəlməli deyil”.
Ekspertin qənaətinə görə, indiki halda ABŞ və Rusiya arasındakı münasibətlərdə yaranmış soyuqluğun yaxın perspektivdə aradan qaldırılması gözlənilən deyil: "ABŞ və Rusiyanın yeni dünya nizami haqqında bir sıra fərqli geosiyası layihələri mövcuddur. Layihələrdən biri və ya birincisi, ərəb ölkələri uğrunda sərgilədikləri fərqli mövqelərdir. Təzadlı məqamlar onu göstərir ki, münasibətlərdə olan gərginliyi yaxın perspektivdə aradan qaldırmaq mümkün olmayacaq. Digər tərəfdən hazırda Rusiya özünün "Gömrük ittifaqı” ilə bağlı layihələrində daha ciddi uğurlara imza atıb. Artıq Ukrayna da rəsmən Putinin layihəsinə müsbət mövqe sərgiləyib. Bu isə deməyə əsas verir ki, rəsmi Moskva perspektivdə Ukraynanın Qərbə inteqrasiyası ilə bağlı proseslərin qarşısını almağa çalışır. Çünki rəsmi Kreml keçmiş sovetlər ittifaqının MDB masştabı çərçivəsində əvvəlki nüfuzunu geri qaytarmaq istəyir”.